Sabah İctimai Palatanın sessiyasıdır

sabah-ictimai-palatanin-sessiyasidir
Oxunma sayı: 637

Saat 12-də Müsavat Partiyasının qərargahında başlanacaq sessiyada gündəliyin əsas məsələlərindən biri 2012-ci ildə İP-in hədəfləri və fəaliyyət istiqamətləri haqda sənədin müzakirəsi olacaq.

Bu barədə məlumat verən İP Koordinasiya Şurasının üzvü Pənah Hüseynin sözlərinə görə, sənəd layihəsinin müzakirələrdən sonra qəbul edilməsi gözlənilir. Sessiyada kütləvi aksiyalara başlamaqla bağlı da müzakirələrin aparılacağı istisna deyil.
Fevralın 7-də isə İP vicdan məhbusları ilə bağlı Dəyirmi Masa keçirəcək. İP-in daha bir Dəyirmi Masası isə fevralın 14-də olacaq. Dəyirmi Masanın mövzusu son zamanlar qəzetlərə təzyiqlərin artması, xüsusən də qəzetlərin yayımına çox ciddi maneələr yaradılmasıdır.
İctimai Palatanın katibliyindən verilən daha bir məlumatda isə qurumun Avropa ölkələrinə müraciət qəbul etdiyi bildirilir. Avropa ölkələrinə müraciətdə İP-in Fransa Senatında erməni genosidi ilə bağlı iddiaların inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulundan dərin narahatlıq və təəssüf hissi keçirdiyi bildirilir. Qeyd olunur ki, İP hüquqi qüvvəyə minməsi üçün son prosedur mərhələsində olan bu qanunu təkcə Fransanın yox, bütövlükdə Avropanın problemi sayır: “Çox təəssüf ki, Avropa xalqlarının, o cümlədən insan hüquq və azadlıqları naminə inqilabda qanını axıtmış fransalıların əsrlərdir mənimsədiyi azad düşünmək və düşündüyünü azad şəkildə ifadə etmək kimi ülvi bir dəyər günümüzdə ciddi təhlükə altına atılır. Birinci Dünya müharibəsinin gedişində, 1915-ci ildə baş vermiş və barəsində hər hansı yekdil rəyin olmadığı bir faciə haqqında Fransa dövləti adından insanları birtərəfli mövqe və fikrə məcbur edən bu cür qanunun qəbulu həm də zərərli və təhlükəli tendensiya yarada bilər. Bu, çağdaş dünyamızda xalqların birlik, bərabərlik və qardaşlıq şəraitində azad yaşamaq imkanı uğrunda göstərilən səyləri və azad Avropanın timsalında qazanılan uğuru zədələyə bilər ki, bunun da məsuliyyəti təkcə Fransa hökumətinin yox, bütövlükdə Avropa ölkələrinin üzərinə düşür. Üstəlik onu da nəzərə almağımız vacibdir ki, Fransa Senatının verdiyi qərar nə bu ölkənin Konstitusiyasına, nə də Avropada qəbul olunan insan haqlarına dair aktlara uyğundur. Belə şərtlərlə qəbul edilən sənədin qanuni qüvvəyə minməsi və hüquqi anlam daşıması Avropa hüquq sistemini zədələyə, bu qoca qitənin müdrikliyinə inamı sarsıda bilər”.
İP Avropa ölkələrindən Fransa hökumətini bu yanlışdan geri çəkilməyə təşviq etməyi gözlədiyini bəyan edib: “Keçmişdə baş vermiş mübahisəli hadisələri araşdırmaq tarixçilərin işi olmalıdır. Ölkələrin parlamentləri arxivlərdə araşdırılası tarixlə bağlı, üstəlik ifadə azadlığını boğan bir qanun yaratmamalıdır. Hansısa qısa vədəli siyasi konyuktura naminə Fransanın, eləcə də dolayısı ilə Avropanın əsrlərə dayanan plüralist tarixinin ləkələnməsinə yol vermək olmaz.
Fransa hökumətinin yanlışı, bu ölkə vətəndaşları da daxil olmaqla, Avropa xalqlarının inanıb uğrunda qurbanlar verdiyi dəyərlər sistemini sarsıtmaqla təkcə mənəvi nəticələr doğurmur, həm də Avropanın genişlənməsi kimi bütün tərəflər üçün vacib və faydalı olan siyasi prosesə təhlükə törədir. Bu isə çağdaş dünyamızı daha azad və təhlükəsiz etmək kimi ümumi işimizdə öz məsuliyyətini dərk edən hər kəsi qayğılandırmalıdır”.
İP inanmaq istəyirik ki, Fransa Senatında az sayda səslə qəbul edilən bu yanlış və zərərli qanunu ləğv etdirməyə Avropa ölkələrinin və xalqlarının, hamıdan əvvəl isə Fransa cəmiyyətinin iradəsi yetərli olacaq.

musavat.com