Sabiq icra başçısına iş düşür

sabiq-icra-bascisina-is-dusur
Oxunma sayı: 796

Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov icra başçısı işlədiyi dövrdə - 1995-ci ildə öz anası Biliy Məmmədovanın adına imzaladığı sərəncamla zəbt edilib. Belə ki, 2011-ci ildə həmin sərəncam əsasında dövlət reyestrindən çıxarış alınıb və bu sənədlərlə də vaxtilə şair Ağa Laçınlıya Səbail rayonunun Badamdar qəsəbəsində verilmiş torpaq sahəsi zəbt olunub.

Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva 2012-ci il sentyabrın 6-da bununla bağlı Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. O bildirib ki, Rüstəm Məmmədov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman anasına torpaq sahəsi ayırmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Mələk Əliyeva Rüstəm Məmmədovun yol verdiyi əməllərin araşdırılmasını və sabiq başçının məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.

“Qafqazinfo”nun məlumatına görə, hüquqşünas Yalçın İmanov öz şərhində bildirib ki, mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt edilməsi hadisəsində iki mühüm qanun pozuntusu açıq-aydın görünür: “Torpaq üzərində mülkiyyət hüququ kobudcasına pozulub və bu pozuntu vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə nəticəsində həyata keçirilib. Birinci halda Ağa Laçınlının ailəsinin milli qanunvericiliklə, eləcə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla tanınan mülkiyyət hüququna qəsddən söhbət gedir. İkinci halda isə vəzifəli şəxsin özünə və ailəsinə üstünlük və mənfəət qazandırmaq motivi ilə vəzifə cinayətinə yol verməsi faktı ortaya çıxır. Bu iki tezisdən çıxan ümumi nəticə ondan ibarətdir ki, hakimiyyət orqanını təmsil edən hansısa bir vəzifəli şəxs nəticədə öz əməli ilə hakimiyyət orqanını nüfuzdan salır və insanların mənafeyinə mühüm zərər vurur”.

Yalçın İmanov mərhum şairin ailəsinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə etdiyi müraciəti nümunə çəkərək bildirib ki, bu müraciətdən keçmiş icra başçısının əməllərində Cinayət Məcəlləsinin 188-ci və 308-ci maddələrinin tərkibinin olduğu görünür: “Cinayət Məcəlləsinin 188-ci maddəsi torpaq üzərində mülkiyyət hüququnu pozmanı nəzərdə tutur. 308-ci maddə isə vəzifə səlahiyyətindən sui-istifadə ilə bağlı ictimai təhlükəli əməlləri törədən şəxslər barəsində məsuliyyəti müəyyən edir. Konkret olaraq keçmiş icra başçısı 188 və 308-ci maddələrin sanksiyaları çərçivəsində məsuliyyətə cəlb oluna bilər. 188-ci maddə bir ilədək müddətə islah işlərini, 308-ci maddə isə iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”.

Yalçın İmanov vurğulayıb ki, Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsi Rüstəm Məmmədovun Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi vaxt ailə üzvünün, konkret olaraq anasının adına verdiyi sərəncam əsasında zəbt olunub: “Bu isə vəzifə səlahiyyətlərini aşmanı nəzərdə tutan 308-ci maddənin 1-ci hissəsinin tərkibini yaradır. Ona görə də mərhum şairin ailəsinin müraciəti kifayət qədər əsas verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi cinayət işinə başlasın. Həmin müraciət və Rüstəm Məmmədovun əməlləri ilə bağlı digər məlumatlar KİV-də dərc edilib. Məlumatların KİV-də dərci cinayət işinə başlanması üçün əsaslardan hesab olunur”.

Hüquqşünas əlavə edib ki, bu hallardan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsi keçmiş icra başçısı barəsində araşdırma aparılmasına dair iki cür qərar qəbul etməlidir: ya cinayət işinin başlanması haqqında qərar, ya da cinayət işinin başlanmasından rədd olunmasına dair qərar: “Amma düşünürəm ki, cinayət işinin başlanması üçün kifayət qədər əsas var. Ən azı keçmiş icra başçısının vəzifədə olarkən imzaladığı sərəncam ortadadır. Bu sənəd göstərir ki, həmin şəxs vəzifə səlahiyyətindən sui-istifadə edərək torpaq üzərində mülkiyyət hüququnu pozub.

Yalnız cinayət işi başlanacağı və obyektiv araşdırma aparılacağı halda bu iş üzrə təqsirkar şəxsin ortaya çıxarılması mümkün ola bilər. Əslində ölkədə yüksək vəzifə sahiblərinin mülkiyyət hüququnu kobud şəkildə pozmasına, ayrı-ayrı vətəndaşların mülkiyyət hüququna müdaxilə etməsi faktına tez-tez rast gəlmək mümkündür. Bu, əksər halda vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ortaya çıxır. Konkret Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsi ilə bağlı məsələdə də belədir: bu torpaq sahəsi Səbail rayonunun keçmiş icra başçısı Rüstəm Məmmədovun vəzifədə olarkən öz səlahiyyətindən sui-istifadə edərək imzaladığı sərəncam əsasında ələ keçirilib”.