Sabiq prezidentlər Rusiyaya qarşı

sabiq-prezidentler-rusiyaya-qarsi
Oxunma sayı: 1456


AzNews.az-ın məlumatına görə, sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko bəyanatda Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edilər. Bəyanatda bildirilib ki, mövcud hakimiyyət ölkədəki ictimai-siyasi mühitin sağlamlaşdırılması üçün ciddi addımlar atmalı və həyati əhəmiyyətli bütün sahələrdə islahatlar aparmalıdır: 

“Etiraz aksiyaları zamanı kütləvi qətllərin təşkilatçıları, iştirakçıları aşkarlanaraq cəzalandırılmalı və ölkədə normal ədalətli cəmiyyət qurulmalıdır”. 

Sabiq prezidentlər Ukraynanın bəzi bölgələrində etnik və milli münaqişə yaratmaq cəhdlərini də pisləyiblər:

“Son günlər ölkənin cənub şərqində həyəcanlı xəbərlər gəlməkdədir. Bəziləri Ukraynanın bu bölgəsində separatçılıq ruhunun yüksəldilməsi niyyəti ilə mənfur addımlar atır. Təəssüf edirik ki, xarici ölkələrin Ukraynanın daxili işlərinə qarışmasını tənqid edən Rusiya, bu gün Krım məsələsində ölkədə siyasi vəziyyəti gərginləşdirməyə istiqamətlənən hərəkətlər edir. 

Rusiya Dövlət Dumasının nümayəndələrinin Krımda referendum keçirilməsi ilə bağlı çağırışları Ali Rada tərəfindən Ukraynanın ərazi bütövlüyünə yönələn addım kimi dəyərləndirilməlidir. Bu gün Ukrayna üzərindən təhlükəli oyunlar gedir. Məqsəd Ukraynanın federal dövlətə çevrilməsi cəhdləridir. Bu yol siyasi vəziyyətin gərginləşdirilməsinə, Krımda qarşıdurma və düşmənçiliyin yaradılmasına xidmət edir”. 

Keçmiş dövlət başçılarının sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq yaranmaqda olan separatizm ocağının söndürülməsinə sərt şəkildə reaksiya verməli və günahkarlar cəzalandırılmalıdır. 

Xatırladaq ki, Ukraynada “Maydan” hərəkatı zamanı ölkədə qanlı toqquşmalar baş verib. Nəticədə hakimiyyət əleyhdarları və güc strukturları arasında 100-dən artıq adam toqquşmaların qurbanı olub, 700-dən çox vətəndaş isə xəsarət alıb. Fevralın 22-də isə Ali Rada prezident Viktor Yanukoviçə etimadsızlıq göstərib. 

Fevralın 24-də isə V. Yanukoviçin sədri olduğu Regionlar Partiyası müxalifətə keçməsini rəsmi şəkildə bəyan edib. Bundan sonra isə rusların daha sıx yaşadığı bölgələrdə Ukrayna əleyhinə aksiyalara start verilib. Mübahisəli bölgə kimi daim Ukrayna ilə Rusiya arasında müzakirə mövzusu olan Krımda isə vəziyyət daha da gərginləşdirilib.