Şah

sah
Oxunma sayı: 1433



Obrazlarımız bizikmi?

Yazıçının yazdıqlarını onun adına çıxılması bu gün də dəbdədir. Bəzən bir hekayə yazırsan oxuyanlar səni sorğu-suala tuturlar ki, həmin hadisələr olub, yoxsa yox. Belə hadisələrlə rastlaşanda F.M.Dostoyevsknin “Yazıçının gündəliyi” adlı publisistik əsərindən götürülmüş “Kəndli Marey” heyayəsindəki bir məqamı xatırlayıram: “Bəlkə görmüş olarlar ki, mən bu günə kimi mətbuatda katorqada keçirdiyim həyatımdan bir kəlmə də danışmamışam. “Ölü evdən qeydləri” isə on beş il bundan qabaq özümdən uydurduğum bir şəxsiyyətin – guya öz arvadını öldürmüş bir caninin dilindən yazmışam. Yeri gəlmişkən, təfərrüat kimi onu da əlavə edim ki, indiyə qədər və indi də bir çoxları mənim haqqımda bu cür düşünür və belə iddia edirlər ki, mən öz arvadımı öldürdüyümə görə sürgün edilmişdim”.

Görünür, yazdıqlarımızın bu dünyada “ilkin hesabat”ını alırlar bizdən. Yoxsa Miloşun şairlər haqda yazdığı “Art poetika” adlı şeirində “Ağıllı adam da cinlərin meydanı olmağa razı olarmı” ifadəsi böyük xəbərdarlıqdır?! Kim bilir...

Bənzətmə

Azərbaycanın II Dünya Müharibəsinə bütün itkilərinə və köməyinə rəğmən ikinci dərəcəli ölkə kimi qatılıb və aldığı reaksiyalar (əzab və qələbə) də “suyunun suyu”dur. Sanki əsas adam güləndə sən də ona baxıb gülürsən, ciddi dayananda sən də tövrünü pozmursan. Ona görə də bizdə müharibəyə münasibət özünəməxsus yox, ən yaxşı halda russayağı olub, çünki dava bizim davamız deyildi, bizi döyüşə aparmışdılar sadəcə. II Dünya Müharibəsi haqqında mənə bir mətn göstərə bilərsimi ki, Haynrix Böllün “O illərin çörəyi” povestindəki bənzətmə qədər orjinal olsun?! “Əgər onunla evlənsəydim, mənim yaşayışım necə olacaqdı?” Bunu təsəvvürümə gətirdim, yəqin ki, həmişə onun nəzərində əl qumbarasından düzəldilib röyalın üsünə qoyulmuş bir külqabı olacaqdım; bazar günləri qəhvədən sonra külqabına papiros tökürlər, bazar ertəsi külü boşaldırlar və bunu hər dəfə eləyəndə adamlar eyni əcaib hissi keçirirlər, çünki bir vaxtlar çox təhlükəli olan bu əşya indi belə adi bir işə yarayır”.

Müharibə almanların öz müharibəsi idi...

“Şah”ın tənqidçiləri

Bəzən böyük vəzifəli yazıçıların tənqidçilərini, Şah Abbasın tarixçilərinə bənzədirəm. Şah Abbasın tariçiləri dövlət adına mütərəqqi olan hər şeyi Şahın adı ilə bağlayırdılarsa əgər (sanki o vaxta qədər bəşəriyyət heç nə yaratmayıb) bəzi tənqidçilər də “öz yazıçıları”nın adı ilə bağlayırlar aparıcı ədəbi izimləri. İndi əcəb dövrandır, “şah”ın tənqidçiləri peyda olub.