“Şahinlər” geri döndülər - Fotolar

sahinler-geri-donduler-fotolar
Oxunma sayı: 708

Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşərgənin təntənəli bağlanış mərasimi də keçirilib.

Qeyd edək ki, Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Xüsusi Ümumtəhsil İnternat məktəbdə tərbiyə alan 230 nəfər uşaq iki həftə ərzində Qubanın Özəl Türk Liseyinin ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz yay istirahət düşərgəsində mənalı və yaddaqalan istirahət ediblər.

Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o cümlədən Soyqırım məzarlığına gəzintiləri təşkil olunub. Düşərgədə məktəblilərlə vətənimizin, xalqımızın tarixindən bəhs edən məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilib, maraqlı filmlər nümayiş etdirilib, konsert və diskotekalar təşkil olunub.

Düşərgənin bağlanış mərasimində, düşərgənin rəisi Faiq Qurbanov, Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov, Daxili Qoşunların Qərərgah rəisinin I müavini, general-mayor Şahin Məmmədov, Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Xanımsona Əkbərova, “Çağ” Öyrətim Şirkətinin Prezidenti Ənvər Özərən iştirak ediblər və idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.

Nigar Məmmədli