Savaşmayın, boşanın!

savasmayin-bosanin
Oxunma sayı: 3180

Nərmin Dadaşova

Boşanma – yəni dəm-dəskahla iki nəfər arasında bağlanmış izdivacın hər hansı səbəbdən pozulması, bir az poetik desək – ayrılıq, bu gün avtobus qəzalarından sonra gündəmdən düşməyən ikinci aktual məsələdir. Bu günlərdə rayondan pənah gətirmiş qonaqlarımızın boş vaxtının səmərəli keçməsi məqsədiylə evimizdəki disk qabını üzü aşağı yerə boşaltdım. Baxdım, incələdim və bir sürü diskin içindən həmin an üçün ən optimal variant olduğunu düşündüyüm “toy diski”mi seçdimsə də qısa müddət sonra seçimimdə nə qədər yanıldığımı gördüm.

Çünki, kiminləsə “toy kasetinə” (dilimiz belə öyrəşib) baxırsansa bələdçilik də qaçılmazdı. Məsələn belə: Bu qırmızı yubkalı qız, göy köynəklinin baldızı qızıdır, evlidir, iki uşağı var, əri “nəşəxordur”, bu göyçək gəlin, o qaşqabaqlı oğlanın həyat yoldaşıdır və s. Sadaladıqca, cütlükləri göstərib “bunlar artıq ayrılıblar” sözünü tez-tez işlətdiyimin fərqinə varanda, bu gün yazmalı olduğum mövzunu artıq seçmiş oldum.

Qədim misirlilərdən üzü bu tərəfə boşanma kişinin verməli olduğu qərar hesab olunub. Kişilər düşünüblər ki, qadınlar bu qərarı verə bilmək üçün çox emosional, çox həssas varlıqlardırlar, ona görə də bu ağır yükün də altına öz çiyinlərini veriblər. Bəlkə elə buna görə də əvvəlki illərdə, belə deyək, nənə -babalarımızın dövründə bu kimi hallar nadir hadisələr hesab olunurdu. Qorxu yaman şeydir, o vaxt babaların yumruğunun zəhmi necə ağır gəlibsə qadınlar istənilən şiddətə, xəyanətə göz yummalı, elə öz təbirlərincə desək, “dözüb oturmalı” olublar.

Zaman keçdikcə, evlərimizə televizorlar, seriallar “Santa Barbara”lar ayaq açdıqca, pəncərədəki qara pərdələri açıb ətrafa baxmağa başladı qadın. Ahəstə-ahəstə kişilərə başa salmağa başladılar həyatı, şələ-külələrini yığıb dədə evinə qayıtmaqla başladı ayrılıqlar daha doğrusu ayrılıq hədələri. Məncə bir də, atalarımızın insafsızcasına deyilmiş məlum “gəlin paltarında girdiyin evdən kəfənlə çıx” sözünü evdən çıxan qızının qulağına yavaşcadan “bura həmişə sənin evindir” sözü ilə əvəzləməsinin də rolu az olmadı. Yəni, nə vaxt ki, qadınlar ortaya öz mövqelərini qoymağa başladılar, öz güvənləri bərpa olunmağa başladı, ətrafındakı insanlardan dəstək görməyə başladılar, o zamandan bəri boşanmaların sayı iləbəil artdı. Və sizə qəribə gəlsə də deyəcəm, nə yaxşı ki də artdı. Çünki, əgər iki nəfər anlaşa bilmirsə, bir yerdə yaşaya, həyatlarını bölüşə bilmirlərsə, boş yerə nəfəs tükətməyin nə mənası var?

Gəlin orta statistik azərbaycanlı ailəsində boşanma səbəblərini təxmin edək. Maddi keçimsizlik, kənardan ailəyə müdaxilə, xarakter uyğunsuzluğu və zərərli vərdişlər (içki və narkotik bağımlılığı). Ki, bunlar hamısı əvvəlcədən bəlli olan və çözülə bilən məsələlərdir. Valideyn təkidiylə ya da sadəcə təklifi ilə nigaha girən gənc oğlan müstəqil şəkildə hələ özünə bir dəst paltar ala bilmədiyi halda ailə yükünün altına girir, qurduğu ailəni valideyn dəstəyi hesabına dolandırdığı üçün asılılıq yaranır ki, bir müddət sonra bu ailədaxili münaqişəyə, gəlin-qaynana kimi qlobal problemlərə gətirir. Və bütün bu dır-dırlarla əksər hallarda biz özümüz kişiləri zərərli vərdişlərə tərəf itələyirik. Ona görə də, boşanan qadınların yetmiş faizinin ümumiləşmiş boşanma səbəbi belə olur: “içirdi”, “çəkirdi”.

Təbii ki, bu yazını yazmaqda məqsədim boşanmanı təbliğ etmək deyil. Əksinə, bu ayrılıqdan sonra insanın bir ömür boyu canında qalacaq travmaları, ortalıqda pərişan olacaq uşaqları yada salıb, bir daha düşünməyə dəvət etməkdir, bu qərarı verməkdə get-gəl edən insanları. Amma həm də onu xatırlatmaq ki, əgər heç bir halda xətləriniz kəsişmirsə, maraqlarınız, dünyaya baxışınız üst-üstə düşmürsə və siz heç biriniz bir-birinizə güzəşt edə bilmirsinizsə, şiddət görürsünüzsə, yəni, bir-birinizin xoşbəxtliyinə ancaq mane olursunuzsa, intihar həddinə çatdırmısınızsa bir-birinizi- savaşmayın, boşanın!