Səməd Seyidov Türkiyəni AŞPA-da belə müdafiə etdi - Video

semed-seyidov-turkiyeni-aspa-da-bele-mudafie-etdi
Oxunma sayı: 6149

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Strasburqda keçirilən iclasda Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatından danışıb.

“Qafqazinfo” xəbər verir ki, S.Seyidov bu əməliyyatı “istila” və “müdaxilə” kimi adlandıranlara qarşı çıxaraq Türkiyəni müdafiə edib:

“Mən bəzən burada qəribə yanaşmalar görürəm. Hamımız bu gün terrordan əziyyət çəkdiyimizi bilirik. Sadəcə Türkiyə deyil, Hollandiya, Belçika, İngiltərə, Fransa, Azərbaycan... Terror Avropanın sərhədindəki bir “xərçəngdir”. Əgər bir ölkə bu xəstəliyi əngəlləmək üçün əlindən gələni edirsə, biz bu ölkənin əməliyyatına “istila” və ya “müdaxilə” deyə bilmərik”.

S.Seyidov sözlərinə əlavə edib ki, Türkiyənin həyata keçirdiyi İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizədir:

“Bu iki terror təşkilatı insanlıq üçün böyük təhdidlərdir. Türkiyənin dəstəyimizə ehtiyacı var. Terrorla mübarizənin tək yolu budur və Türkiyənin bunu bacaracağına inanıram”.

Millət vəkili bu çıxışını sosial mediadakı hesablarında “Yaşasın bir millət, iki dövlət” ifadəsi ilə paylaşıb. Onun çıxışı Türkiyə mətbuatının da əsas mövzularından birinə çevrilib. Bir çox media orqanı Seyidovun çıxışını manşetlərdə təqdim edib.