Sevgi... və Markdan kəbin

sevgi-ve-markdan-kebin
Oxunma sayı: 1258


Qadınlar hər zaman “əsl sevgi, gerçək eşq axtarıram” deyirlər. Amma belə baxanda bu eşq onların bir vərəqdə sıraladıqları, məsələn , yaraşıqlı, sarışın, hündürboy, həkim, hüquqşünas, filan marka maşını olan və s. görədirsə, bir filmdə də deyildiyi kimi, eşq bunun harasında qaldı?!

 Sevgi prinsiplərinizin tam əksinə olduqda və siz də bunu qəbul edincə sevgi olur.

Alimlərin tədqiqatları nəticəsində məlum olub ki, sevgi heç də çoxunun düşündüyü kimi ürək məsələsi deyil. Əksinə beyin məsələsidir. Bütün proseslər beyində cərəyan edir, ürək çarpıntıları isə siqnalizasiya vəzifəsini icra edir. İnanmırsınız? Gəlin bir elementar analiz edək. Siz ürək əməliyyatı olub ürəyi dəyişdikdən sonra sevdiyindən ayrılan və ya həmin insanı sevməkdən vaz keçən birini eşitdinizmi? Çox güman ki, yox. Olsa belə bu sırf ürəklə bağlı olmayıb, yenə beyinin düşüncənin işidir. Amma beyindən travma alıb, yaddaşını itirən adamın öz sevdiyi adamı rədd etməsini elə filmlərdə dəfələrlə görmüşük. Əgər ürəyin işi olsaydı rədd etməzdi, maqnitik bir qüvvə ilə özünə çəkərdi. Xatırlamasa belə.

Son günlərdə mənim kimi gənclər, insanların saxtalığı bir yana hətta sevgilərinin də riyakarcasına olduğunu deyirlər. Ən çox riyakarlığı isə qızların etdiyini eşidirik.

Təbii, insan birini həqiqətən sevirsə, ona aid olan hər şeyi sevə bilər. Hətta qapısındakı iti də. Amma biri də var ki, sevmədiyi halda belə oğlana yamanmaqçün, futbolu da sevdiyini, izlədiyini deyən qızlar var (istisnalar ümumi qaydaları dəyişmir).

Hətta münasibətdə olduğu oğlana görə neçə illik rəfiqəsi ilə münasibətini soyudan, şəxsi arzularından vaz keçən, sevgilisinin kimləsə münasibəti pisdirsə səbəbsiz yerə həmin insandan özünün də xoşu gəlmirmiş kimi davranan, sevdiyinin dostundan zəhləsi getsə belə guya onunla münasibətini yaxşı edən (adı da hörmət olur. Hansı hörmət? Bu sırf rola girmək olur. Şərt deyil ki, pis davranasan, neytral münasibət də saxlaya bilərsən), dahası sevgilisinin qohumlarına özünü şirin satmaq və s . Bunları edən oğlanlarsa nadir tapıntıdır. Heç olmasınlar da. Rola girmək də niyə? 

Bir də bu var, sevgimizin kökü bərkiməmiş facebook sarayında Markdan kəbinimizi kəsirik. Bu o qədər qlobal bir problem olub ki, “nəm əşi”...

“Filankəs, bax mən filankəslə sevgiliyəm.” Qızlar niyə sevgililərinin adı altında kölgələnirlər ? Tamam, insan sevdiyi ilə fəxr edər, çox gözəl. Amma sırf sevgilisinin nisbətən tanınırsa deyə seçməsi türklər demiş çok ayıp. Sən di gəl ki, bu münasibəti facebookda el-aləmə elan etmə dəə. Bax o zaman qırğın-qiyamət başlayır. Sevgilərini bir-birinə sübut etməmiş, camaata sübut edirlər. Bir-neçə aydan sonra isə süqut edirlər. Burdan da bu qənaətə gəlmək olar ki, bizdə saf olan heç nə yoxdur. (Burda yazdıqlarıma qarşı qəti kompleksli deyiləm, təki sevə-sevə edək. Nəyinsə naminə yox.)

Ümumiyyətlə sevgi nədir? Nə üçün lazımdır? Düşünürəm ki, sevgi olmasaydı nolardı? Bu zaman heyvanlar ağlıma gəlir. Baxın onlar şüursuz şəkildə, sevmədən də cütləşə bilirlər.

Əslində tapmışam cavabı. Sevgi olmasaydı ümumilikdə incəsənət olmazdı. Yəni nə ədəbiyyat, nə kino, nə rəssamlıq və s. Sevgi olmasaydı nəyin uğrunda kim olmağa can atardıq ki? Sevmədən şeir yazan bir şair düşünün... O şeirlərin mənası olardımı...? Məncə sevgi xüsusi ilə incəsənət adamları üçün yaradılıb. Digər sahənin insanları üçün də sevgi ona görə verilib ki, o kitabı oxuyanda duyğulana bilsinlər, ruhuna girsinlər, o filmə baxanda hiss edib, öz sevgilərini xatırlayıb ağlaya bilsinlər. Məsələn: tango rəqsini ifa edənləri izləyəndə romantikaya dala bilsinlər... 

Bir də bu var. Bu filmlər, ədəbiyyatdakı gözəl sözlər, xoşbəxt sonluqlar niyə var? Sizi aldatmaq üçün, ümid olsun deyə. Şüuraltınızda bu filmlər, oxuduğunuz əsərdəki qəhrəmanların yerində özümüzü qoyub ümid etməsək hamımız məhv olarıq. Selincer həyat həqiqətlərini yazdığına görə çoxu ona neqativ yazıçı kimi baxır,”adamı intihara vadar edir” deyirlər.

Bizi aldadanlardan biri də yuxularımızdır. Bəzən o qədər sabun köpüyü sevinci verər ki, səhər oyanıb yuxunun xoş təəssüratının, gerçəyin isə verdiyi məyusluğun təsirindən çıxa bilməzsiniz. Əslində yuxu bir növ işgəncə vasitəsidir, istər pis, istər xoş. Narahatlıq, nigarançılıq, gözlənti, ümid yaradır.

Biz uğur qazanmağa nə üçün çabalayırıq? Hamı tərəfindən sevilək və hörmət görək, dəyər verdiklərimizin gözündə üstün olaq, sevgilərini qazanaq deyə. Bu öz eqomuzu təmin etmək istəyi olduğu dəqiqdir, amma bu da sevgi duyduğumuz insanların həzm etməsi və qəbullanması ilə təmin olunur . Özüm təxminən üç il əvvəl əsl sevgiylə sevmişəm. Travmasından yenicə qurtuluram. Amma bu sevgi mənə nə verdi? Şeir yazdırdı, heç vaxt çap etməyi düşünmədiyim romanımı yazdırdı, bu gün üç-beş nəfər oxucu qazandırdı. 

Hərdən də düşünürəm ki, bəlkə həyat mənasız olaydı , uydurma münasibətlər, yalançı sevgilər olaydı, amma adamı şair edib, şeir, roman yazdıran sevgilər olmayaydı. Rafael Tağızadənin bir şeirinə bənzər deyəcəm. 

Neynirdim, neynirdim şair, yazar olmağı,

Mənə sevgisiz ürək verəydin Allah.

Hərdən ürəyiniz çiyninizin sol küncündə oturub ağlayır. Bu zaman bütün əldə etdikləriniz gün çıxanda quruyan şehə bənzəyir.

Bir rəfiqəm danışırdı ki : "Sevdiyim oğlana bir salam yazmaq üçün bəlkə saatlarla düşünürdüm. Adicə salam sözünü bir neçə variantda yazıb silirdim. “Salam.... salam. SALAM , salamlar, Salam Aleykum”, hətta çalışsam daha çox variantın tapardım. Bir müddət seçdiyim bu variantlardan birini yazırdım... sonra düşünürdüm ki, gözü yorulmasın deyə daha başqa cür salamlamaq lazımdı onu..” 

Bunu deyəndə bir xeyli gülmüşdüm ki, yox ta bir,bu qədər də yoxdaaa. Davam edirdi "Ona yazanda inan yazdığıma belə şübhə edərdim..Yazmaq istədiyimi yox yazmaq istəmədiyimi yazırdım.Təsəvvür elə ki, adicə "Salam" sözü belə gözümdə vacib, əhəmiyyətli olurdu, sırf ona yazıram deyə... Sözün bir neçə variantı yaranırdı beynimdə. Adətən insanın hər hansı fikri olur çalışırsan ki, o fikri düzgün çatdırasan və qarşındakı səni düzgün anlasın... Buna görə də sözlərin seçiminə xüsusi fikir verirsən...

Hər dəfə bir cür, fərqli bir salamla nəsə çatdırmaq istəyirdim ona .. Bilirdim ki, elə də əhəmiyyətli deyil, amma mənim üçün o yazılışın hər salamlama formasının öz mənası vardı."

Bunu danışanda bərabər bir xeyli güldük. Axı bir salamı beynində bu qədər qəlizləşdirmək olardımı? Sonra bir xeyli də düşündüm. Əslində burada gülünəcək bir şey yox idi. Əgər bir salam bu qədər çətin yazılırsa, ortada saf bir sevgi var demək ki. 

Təklik pis şeydir. Sevin-sevilin. Hər qadının və kişinin yanında hörmət etdiyi, dəyər verdiyi, bağlandığı biri olmalıdır. Bu ülvi sevgi olmasa da olar. Təki, nəyinsə naminə olmasın. Özünüz istədiyiniz və sizi xoşbəxt etdiyi üçün olsun, sizi xoşbəxt edən şeylərdən vaz keçməniz üçün yox. Nə edirsək edək, bircə "Mən”imizi itirməyək. Öz doğrularımızla edək. O - bu, qonum-qonşu üçün yox.

Bir psixoloq deyirdi ki , “əsl məhəbbət çox zaman həyatında kimsə olduğu vaxtda baş verir. Çünki həyatında heç kim yoxdursa və kimdənsə xoşun gəlirsə, bu deməkdir ki, o sevgi deyil sadəcə içinizdəki boşluğu doldurmaqdır”.