“Sığortaedənlər 10 faizini bonus götürə biləcəklər”

sigortaedenler-10-faizini-bonus-goture-bilecekler
Oxunma sayı: 994

“Aqrar sığorta haqqında“ qanunun modeli ispan modelidir. Burada əsas məsələ sığortadan  istifadənin stimullaşdırılmasıdır. Bu modellə sistem elə qurulur ki, dövlət büdcəsi yüklənmir və fiaskoya uğramır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Milli Məclisin komitə iclasında çıxışında deyib. 

Onun sözlərinə görə, sığorta dövlət və özəl tərəfdaşlıq üzərində qurulub: “İlk dəfədir müştərək sığorta sistemi yaradılacaq  və insanlar qoyduqları vəsaitləri hadisə olmadığı təqdirdə öz təssərrüfatları üçün istifadə edə biləcəklər. Aqrar Sığorta Fondunun da yaradılmasına ehtiyac var. 

Bilirsiniz ki, kənd təsərrüfatında risklər böyükdür. Bu sahəyə investisiyanın qoyulması özəl sektorun marağında deyil, çünki rentabelli deyil. Ona görə də belə bir qurumun yaradılmasına ehtiyac var idi. 

Bundan əlavə, sığorta bazarında heç də bütün şirkətlər müəyyən qaydalara cavab vermirlər. Burada özəl sektora satış verilir. Təxmini hesablamalara görə, sığortaedənlər sığorta haqqının 10 faizi məbləğində bonus götürə biləcəklər. 

Aqrar Sığorta Fondu idarəedici şirkətin hazırladığı məhsulları təsdiqləməlidir. Təbii ki, sığorta şirkəti bunun bahalı olmasını istəyəcək. Amma Fond bunu tənzimləyəcək. 

Dövlət büdcəsindən vəsait ayrılması müəyyən müddətə mütləq lazımdır. Əgər sığorta şirkətləri özləri bunu edəcəklərsə, bu halda subsidiya verilməyəcək. Bu da sistemin gələcəkdə sığortalanması ilə bağlıdır. 

İlkin addımda, 9 milyon manatlıq nizamnamə kapitalına ehtiyac olacaq. İllər üzrə sığorta haqlarının subsidiyalaşması üçün 8,5 milyon manat, ikinci ildə 10,5 milyon, üçüncü  ildə isə 12, 5 milyon vəsait lazım olacaq. Sığortanın işlədiyi 10-cu ildən sonra sığorta nizamnaməsi düşəcək”.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Qədimova isə qeyd edib ki, bu gün aqrar sığorta mexanizminin işləməsi kənd təsərrüfatının inkişafı və fermerlərin şikayəti baxımından çox əhəmiyyət daşıyır: “Bundan əvvəl bu istiqamətdə qanun layihəsi qəbul olunsa da, işlək olmayıb. Sığorta mexanizminin işlənməsində müəyyən problemlər var. İndiyədək aparılan müşahidələr zamanı məlum olub ki, nə kənd təsərrüfatı istehsalçılarının, nə də sığortaçıların bu istiqamətə marağı yoxdur. Bir sözlə sığorta bu sahədə işləmir. Başqa ölkələrdə bununla bağlı işlək mexanizm var. Kənd təsərrüfatı sahəsində işləyənlərin maliyyə gəlirləri yüksək olmadığı üçün onların sığortaya marağının olmaması başa düşüləndir. Bu baxımdan yeni “ Aqrar sığorta haqqında” qanunda müştərək sığortanın tətbiq edilməsi mühümdür. Yeni qanuna əsasən aqrar sığortaya dövlət tərəfindən dəstək göstəriləcək, aqrar sığorta sahəsində məsuliyyətli qurum olacaq”.

Günel Türksoy