Söyüş söhbəti

soyus-sohbeti
Oxunma sayı: 652

Bakı boyda şəhəri Hacıbala Abutalıbov adlı bir fizika professorunun ixtiyarına nə əsasla veriblər - bunu deyə bilmərəm. Bunu isə deyirəm: “fizika professoru” ifadəsinə diqqət eləyin...

Böyük fizik Nyuton mexanikanın üçüncü qanununu kəşf eləyəndə nə Hacıbalamız gülə-gülə gül bayramı keçirmirdi, nə də Rentgen öz məşhur aparatını hələ icad eləməmişdi. Amma Nyuton bəlkə də dəqiq bilirmiş (o həm də astronom idi axı, ola bilər ulduzlara baxa-baxa öyrənibmiş) ki, vaxt gələcək, Hacıbala jurnalistləri bu sözlərlə təhqir edəcək: “Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm”.

Dedim axı, “fizika professoru” ifadəsinə diqqət eləyin. Çünki bu dəqiqə fiziki hadisələr baş verəcək. Göy guruldayacaq, şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, sonra gün çıxacaq. Siz də Nyutonun üçüncü qanununun işləməsinin - təsirin əks-təsirə bərabər olması hadisəsinin şahidi olacaqsınız. Hə, dediklərim oldu, gün də çıxdı. Deməli, onda F = -F. Fizika elmində çox məşhur olan bu düsturun açması belədir: “Məmurun gözünə qəbirdəki ölü kimi görünən jurnalist də özünü apara, danışığını bilməyən məmuru görəndə elə bilir ki, dəli görür”.

Hə, necədir? Hacıbalamız jurnalistlər haqda belə deməsəydi, jurnalistlər də onu görəndə hansı yanlış təsəvvürlərə qapıldıqlarını dilə gətirməzdilər. Necə deyərlər, F = -F. Yəni hesabda tarazlıq var - 1:1.

Əqli tarazlığa gəlincə isə... Məmurların bir çoxunun sözünə-söhbətinə, oturuşuna-duruşuna, danışığına baxanda görürsən ki, əqli tarazlıq söhbəti nəsə bir az qəliz məsələdi. Məsələn, biri elə qəbirdəki ölünü görmək bacarığı barədəki söhbət. Sadəcə fantastikadır. Düzünü deyim ki, məndə belə görücülük istedadı yoxdur. İndiyə qədər minlərlə məzarlıq görmüşəm, amma qəbirdəki ölünü görə bilməmişəm. Lənət və ar olsun mənə! Hacıbalamız isə qəbirdəki, yəni torpağın altındakı ölünü baxan kimi görə bilirsə, ona təkcə elə buna görə Nobel düşür. Vilhelm Rentgen X-şüaları katod borucuğunda lupa ilə gördüyü üçün Nobel mükafatı ala bilirdi, torpağın altındakı ölünü cihazsız-zadsız, adi gözlə görən Hacıbalamız ala bilmir?! Dünya hələ də ədalətsizdir...

Hacıbalamız jurnalistləri başqa bir ağıllı cavabı ilə də ələ salıb. O, Bakıda 15 metr kənara sürüşdürülən tarixi binada çat əmələ gəlməsi ilə bağlı yayılan xəbərə sərt reaksiya verib: “Kim onu deyirsə, öz başında çat var”.

Binada çat olduğunu isə jurnalistlər deyir. Lap dəqiq desəm, bu çatı lap siftə bizim istedadlı reportyorumuz Fərahim İlqaroğlu görüb çəkmişdi. O fotonu da, videonu da görmüşəm. Dünən Fərahimin başını o yana-bu yana çevirib düz 250 ton dəfə (Hacıbala gül-çiçəyi çəki ilə ölçür axı) baxmışam. Heç bir çat-zad görmədim. Eynəklə də baxdım, lupa ilə də, çat yoxdur.

Dünən bir jurnalist həmkarım məndən qeyzlə soruşur ki, Hacıbala niyə belə bic-bic (o, ayrı cür demişdi, F = -F düsturu üzrə tərsinə çevirdim) danışır, təhqir elədiyi jurnalistlərin əlində lağlağı obyektinə dönməkdən qorxmurmu. Dedim yox, qorxmur, çünki “biz elə etməliyik ki, Heydər Əliyevin yanına gedəndə o, bizi qəbul etsin” deyən adamlarda qorxu hissi olmur. Fizika kimi təbabət də ağır və maraqlı elm sahəsidir. Orada çox suala dəqiq cavablar taparsan...

Söz yox, fizika və təbabət siyasətə dair suallara cavab verməkdə acizdir. Məsələn, biri elə “söyüş üsyanları” məsələsi. Neçə vaxtdır bu suala cavab axtarıram: necə olur ki, Qubada, İsmayıllıda, o gün də Xaçmazda xalq söyüşə dözməyib o dəqiqə ayağa durur, icra başçısı, nazir-mazir, polkovnik-general demir, onu çığnayır, amma Bakıda söyüşə görə heç kim ayağa qalxmır?! Bakıda da hər gün söyüş söyürlər axı.

Hacıbala 12 ildir Bakıya başçılıq edir. Xaçmazda buna bəlkə də dözməzdilər. Bakıda isə dözürlər. Qəribədir...