“Şubamı üstünə örtdüm ki, üşüməsin...”

subami-ustune-ortdum-ki-usumesin
Oxunma sayı: 1841

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müştərini döyərək ölümünə səbəb olmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə ifadələr verilib.

Şahid Rahil Məlikov deyib ki, hadisə baş verən gecə mərhum Telman Məmmədovla birgə gecə klubuna gediblər: “Orada olan Telmanla Fərhad arasında mübahisə düşdü. Fərhad ona bir yumruq vurdu, Telman yerə yıxıldı. Burnundan qan gəlirdi, sonra tualedə Telmanın əl-üzün yuduq, paltarları islandığı üçün mən pencəyimi ona verdim. Özü evə getmək istəmədiyi üçün onu nənəmgilə apardım”. 

R.Məlikovun nənəsi Rəna Qafarova ifadə verərək deyib ki, həmin gecə nəvəsi taksi ilə onlara gəlib: “Yanında da biri var idi, hiss etdim ki, içkilidir. Rahil dedi ki, Telmanı kafedə yumruqla vurublar. Mən namaz qılmağa getdim, Rahil Telmanı zalda yatağa uzatdı. Mən də şubamı üstünə örtdüm ki, üşüməsin. Rahil də o biri otaqda yatdı, sonra gəlib gördüm ki, Telman necə qoyulubsa, elə də uzanıb. Səhər yuxudan duranda gördüm yenə də eyni vəziyyətdədi. Tez Rahili çağırdım, gəlib Telmanı nə qədər çağırdısa, cavab vermədi. Əllərini başına çırpıb ağladı”.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il mart ayının 26-da Nəsimi rayonu, Bül-Bül prospektindəki, “Do Re Mi” klubunda baş verib. 
Murad Əhməd