Taekvondoçumuz Yaponiyada qızıl medal qazandı

taekvondocumuz-yaponiyada-qizil-medal-qazandi
Oxunma sayı: 1483

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, G4 kateqoriyalı yarışın sonuncu günündə - sentyabrın 15-də 80 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Olimpiya mükafatçımız bütün rəqiblərinə qalib gəlib.

İkiqat dünya çempionumuz fransalı İsmail Souhil, ispaniyalı Daniel Barrera və italiyalı Simon Allesionu mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetlə döyüşdən də qalib ayrılan təmsilçimiz həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da məğlub edib. O, bununla aktivinə 40 reytinq xalı yazdırıb.

Sentyabrın 14-də digər taekvondoçumuz Radik İsayev (80 kq) yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.

Beləliklə, Qran-pridə səkkiz taekvondoçu ilə təmsil olunan Azərbaycan yığması turniri iki medalla başa vurub. M.Harçeqanidən əvvəl Olimpiya çempionu Radik İsayev üçüncü yeri tutub.

Qeyd edək ki, Qran-pri turnirlərinin növbəti mərhələsi oktyabrın 18-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Yarışın final mərhələsi isə dekabrın 6-7-də Moskvada təşkil olunacaq.