Təcili yardım maşını qız gəzdirirsə...

tecili-yardim-masini-qiz-gezdirirse
Oxunma sayı: 3459

Raminə Eyvazqızı

İnkişafdan qalan sahələrin təqsiri özbaşına olmaları, tənqidi vecinə almayıb "cəhənnəmə ki" demələridır. Tənqid nə zaman olur? Rəqabət, inkişaf, yaradıcı qüvvələr bol olanda. Götürək, yenə də tv məkanı. Bura istisnalar olmaqla çirkab, intriqalar, yaradıcı insan düşməni meydanına çevrilib. Tək serialların bayağılığı, "hır-hır"məqsədi, kriminallığı, saxtakarlığı, mənəvi dəyəri tapdalamğı təbliğ etməyi təəssüf doğurur. Ssenari yazanmı, film çəkənmi qəhətdir? 

Aktyor potensialı, hardasa "var" deməyə adam ürək edir. Adda-budda talantlar gözə dəyir. Acınacaqlı vəziyyət odur ki, maddi sıxıntı görkəmli aktyor qrupunu da urvatsız serial qəhrəmanlarını oynamağa vadar edir. Seriallarda güllə səsi əksik olmur, sual verən yoxdur ki, bizdə açıq silah satışı (18 yaşına çatmışın mülki silah əldə etmək hüququ var və bu çox gərgin prosedur və ərizəylə baş tutur) yoxdursa, hər yetəndə silah nə gəzir. Son dəb maşın, villaları anladıq, bu realda var, amma saxta məsələləri qoymaqla nəyi göstərmək istəyirsiz axı? 

Serialları az-maz izləyən tamaşaçı kimi də tənqid etmək olar. Təəssüf ki, seriala baxmaq üçün vaxt və səbr lazımdır. Bir dəfə belə serialla qarşılaşdım, orda da bu sözləri eşitdim: "sən öz bacınla yatmısan, əclaf". Başqa vaxt Teleradio Şurası nəzarətdən danışır, amma serialları diqqətlə izləsə, ölkədə serial istehsalına qadağa qoymuş olar. Nuşirəvan müəllimin "vaxtında atılmış addım"ları hardadır, görəsən? Demirəm ki, kişi oturub serialı izləyib, yayınını dayandırıb, camaatı işindən etsin, serial pul qazandırır. Amma qazanılan pullar insanların keyfyyətinin itirilməsinə xidmət edirsə, kino sənayəsindən bu formatda ekran işləri yox edilməlidir!!!

Bir dəfə  ARB telekanalında "Xəstəxana" serialını izləməli oldum. Düşündüm ki, dünya televiziyaları xəstəxana mühitini əks etdirən "Təcili yardım", "Doktorlar" adlarında çoxlu seriallara imza atıb. Bəlkə bu serial da  bu qəbildəndir. Nə də olsa ARB kanalında bir neçə verilişi, yeniliyi qənaətbəxş hesab etmək olar. Amma "Xəstəxana" adlı serial elə axsaq vəziyyətdə olan səhiyyəmizin lap bərbad şəklini çəkir. Bəlkə də, məqsəd xəstəxanlardakı mövcud durumu ifşa etmək, satira, sarkazmdan istifadə ilə tərbiyələndirməkdir. Serialın anonsu belə səhiyyəmiz barədə təssəvvürü yaratmağa çalışır. Yenə də çox çirkin formada. Anons vahiməli, qışqırıq səsləri ilə başlayır, əlində balta ilə, burnunu eşən tibb işçisinin sözləri ilə bitir. Serial tamaşaçının vaxtını oğurlayır. Bir bölümündə jarqonlarla, təhqiramiz leksikonla danışan həkimləri izlədim. Bəli, indi tibb ocaqlarında belə tipajlar var. Amma layiqli tibb təmsilçilərini də belə mənzərə ilə təhqir etmiş olmursunuzmu? Yaxud, mənim də ara-sıra tənqid(!) etdiyim Təcilli Tibbi Yardım stansiyalarının işçilərinə hörmətsizlik yolverilməzdir. Stansiya maşınının sürücüsü deyir ki, xəstə yoxdur, gedim maşınımla qızları gəzdirim. Serialın bir neçə səhnəsinə təsadüflərdən baxmışam, amma yenə də "həkim işi"ndən babat bir nümunə görməmişəm. 

Götürək, hır-hırdan ibarət olan kinolarla yanaşı, serial nümunələrini. "Bacanaqlar", "Qardaşlar", "Qız atası", "Ər-arvad"ı. Yersiz, heç bir ictimai əhəmiyyəti olmayan, vaxt öldürən seriallarında kifayət qədər səviyyəsiz zarafatlar yer alır. "Xalxın evi", mənası aydın olmayan "Mamilə" də reklam gətirən, içi boş serial nümunələridir. Ağbirçək qadını mafiya başçısı obrazına çevirən, evin xidmətçi qadını obrazı evin xanımından daha baxımlı (şiş dodaqlı) olan, kişi obrazları əli tapançalı, qadınları üz turşudan, həyasızlığı təbliğ edən serial qəhrəmanları. Bizim keyfiyyətimiz bu qədərdirmi? Yazığım ən çox, evdə bekarçılıqdan kökələn sənətkarlara gəlir. Dünyada aktyoru rolu üçün kökəldirlər, arıqladırlar, bizdə hamısı stressdən səhnəsiz, ekransız qalmaqdan şəkər xəstəliyinə tutulub. Kino, ekran mədəniyyətini  yerlərdə belə süründürməzlər...