Toydan qayıdanda qəzaya düşdülər

toydan-qayidanda-qezaya-dusduler
Oxunma sayı: 657

Qəza zamanı Şirinov Səlim İsa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Fariz Hüseynovun idarə etdiyi “QAZ 3110” markalı avtomaşınla toqquşub. Şahidlərin sözlərinə görə, hadisə anında qəzaya məruz qalan avtomobillər bir-birilərinə əks istiqamətdə hərəkət edirmişlər. Qəzadan sonra “Jiquli”nin sürücüsü Səlim Şirinov və həmin avtomaşında olan sərnişin 54 yaşlı Rəncbəri Rübabə Nadir qızı hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı “VAZ 2107”-də olan digər sərnişinlər, 47 yaşlı Fəridə İsmayılova və Gülbadam Şirinova, 27 yaşlı Rima Eyyubova, həmçinin 3 yaşlı Qələmşah Eyyubova isə təcili tibbi yardım maşınları ilə ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Həkim Qabil İbrahimov birinci xəstə Fəridə İsmayılovaya qapalı kəllə beyin travması, baş beyin travması, beyin daxili hemantoma, digər yaralı Eyyubova Rimaya beyin silkələnməsi qarın boşluğunun travması diaqnozu qoyulduğunu deyib.

Qəza zamanı xəsarət alan digər yaralılar Gülbadam Şirinova və Qələmşah Eyyubova da müalicələrini xəstəxananın reanimasiya şöbəsində davam etdirirlər.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən və xəsarət alan şəxslər bir ailənin üzvü olublar. Qəza onlar toy məclisindən qayıdan zaman baş verib.

Hadisə yerində baş dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Faktla bağlı idarənin istintaq və təhqiqat şöbəsində cinayət məcəlləsinin 263.3 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. Qeydə alınan ağır yol nəqliyyat hadisəsinin baş vermə səbəblərinə istintaqın gedişatı zamanı aydınlıq gətiriləcək.

ANS