Türk mətbuatı Rəşadları səhv saldı

turk-metbuati-resadlari-sehv-saldi
Oxunma sayı: 637

- Ölkəmizə gələn “Dənizlispor”un rəsmiləri Rəşad Sadiqovla maraqlansa da, Türkiyə mətbuatı sizinlə danışıqlar apardığını yazıb. Buna aydınlıq gətirərdiniz...
- Yazılanlar doğru deyil. Mənə təklif də olmayıb.

- Yəni türkiyəli həmkarlarımızı sizi adaşınızla səhv salıb...
- Bəli. Mətbuat bunu səhv salıb. Yəqin ki, danışıq Sadiqovla olub.

- Maraqlıdır ki, atanızın adı, sizin karyeranız göstərilib. Ümumiyyətlə, son vaxtlar sizi beynəlxalq miqyasda səhv salıblar. Hətta “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Rusiyanın “Sport-Eksperss” qəzetinə müsahibəsində sizin Rəşadla eyni futbolçu olduğu soruşulmuşdu...
- Ola bilər. Ancaq bunu sadəcə, anlaşılmazlıq sayıram.

- Sizə “Dənizlispor”dan maraq olsa, I divizionda oynadığına görə getməzsiniz, yoxsa?
- Mənə bu vaxtacan da I liqadan təklif olub. Ancaq buna isti baxmamışam.

- Düşünürsünüz ki, Superliqada 3 klubda oynadıqdan sonra I liqaya getməyinizin heç yeri yoxdur?
- Nə bilim...Superliqa olsa, fikirləşərəm. Ancaq hələ ki I liqanı istəmirəm. Bəlkə gələcəkdə buna baxım.

- Türkiyədə Superliqa və I liqa arasında səviyyə baxımından fərq böyük olar...
- I liqa da asan çempionat deyil, çətindir. Fikirləşirəm ki, orda oynayan futbolçularımız özlərini yaxşı tərəfdən göstərsələr, gələcəkdə onlar üçün faydalı olar. Təbii ki, çempionatlar arasında fərq var, ancaq böyük deyil. Bu, gələn legionerlər, klubların səviyyəsində, 4 böyükdədir.

- “Dənizlispor”un baş məşqçisi vaxtilə “Turan”da işlədiyi vaxtdan sizi yaxşı tanıyan, bəyənən Səlahəttin Dərvəntdir. Orada oynayan keçmiş komanda yoldaşınız Rail Məlikovla söhbətiniz olub?
- Bəli. Ancaq bu barədə konkret danışığımız olub.

- “Dənizlispor” azərbaycanlı futbolçulardan adaşınızla yanaşı, Elvin Məmmədovla maraqlanır. Onların keçidinin reallaşmağını, I liqada möhkəmlənmək perspektivini necə görürsünüz?
- Futbolçuların öz istəyindən çox şey asılı olacaq. Məncə, getsələr, yaxşı, özləri üçün faydalı olar.

- I liqada oynayan futbolçularımızdan Məlikovla yanaşı, Cavid Hüseynov klubunu dəyişmək haqda düşünür. Sizcə, bizə yaxın olan Türkiyədə niyə çox qala bilmirik?
- Sözün düzü, bu dəqiqə Türkiyə futbolunda maddi problemlər çoxdur. Bəzi klublar çıxmaq şərti ilə qalanlarında sıxıntılar çox olur. Belə ürək bulandırıcı şeylər orda çox olur. Ona görə də futbolçular tez-tez rəhbərliklə getmək haqda danışırlar. Nəyisə söz verirlər, eləmirlər. Şəxsən mənim başıma belə şeylər həddindən artıq çox gəlib. Bizdə Türkiyədə hər həftə pul problemi idi.

- Xatırlayıram ki, “Kocaelispor”da oynadığınız vaxtda belə problem vardı. Onda futbolçular borcla bağlı Türkiyə Futbol Federasiyasına şikayət etmişdiniz. Siz pulunuzu sonradan ala bildiniz?
- Yox. Çünki mən şikayət eləməmişdim. Ancaq şikayət edib, alanlar oldu.

- Bəs siz niyə bunu etmədiniz?
- Mən komandadan şikayət eləmək istəmədim. Bir növ mentalitetimdə şikayət eləmək yoxdur deyə bunu etmədim. Ümumiyyətlə, mən heç vaxt heç kimdən şikayət eləməmişəm.

- Ancaq almalı olduğunuz məbləğ az deyildi...
- Bəli. 90 min dollara yaxın pul idi.

- Türkiyədə oynadığınız dövrdə başqa kluba keçmək istəyəndə, sizə nə qədər transfer qiyməti qoyulurdu?
- “Kayserispor”da olanda olub. Onda türklər mənə 500 min avro qiymət qoymuşdular. Dedilər ki , 2 il içində Türkiyəyə qayıtsam, “Kayserispor”a bu qədər pul ödəməliyəm. Ancaq o dönəmdə Türkiyədə təkliflər vardı. Sadəcə, məbləğ böyük olduğundan, danışıqlarım alınmırdı.

- Məlikov saytımıza müsahibəsində “Dənizlispor”unn ona 1 milyon avro qiymət qoyduğunu açıqlayıb.. .
- Bu məbləğ real deyil. Ola bilər ki, qoysunlar. Çünki Rail gəlib desin ki, mən filan problemlərə görə getmək istəyirəm. Onlar da desinlər ki, onda 1 milyon gətir, get. Yəni elə qiymət qoysunlar ki, yox kimi bir şeydir. Ancaq I liqada ilə 25-30 qol vuran gənc hücumçulara belə qiymətlər olur. Ancaq müdafiəçiyə, nə bilim. İnanmıram ki, 1 milyon qiymət qoysunlar.