“Türk Milləti əsl qəhrəmanını itirdi”

turk-milleti-esl-qehremanini-itirdi
Oxunma sayı: 640

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada səfirlik bəyan edib ki, ömrünü Kipr Türkünün haqlı mübarizəsinə həsr edən, Şimali Kipr Türk Respublikasının Qurucusu və İlk Prezidenti, mübariz dövlət adamı Prezident Rauf Denktaşın vəfatı sadəcə Kipr Türklərinin deyil, bütün Türk Millətinin itkisidir. Türk Milləti əsl qəhrəmanını itirdi: “Prezident Rauf Denktaş, Kipr xalqının siyasi mücadiləsində daim ön planda olmuş, mücahid olaraq cəbhədə, siyasətçi və dövlət adamı olaraq diplomatik kuluarlarda müstəqillik üçün mübarizə aparmış, Şimali Kipr Türk Respublikası 1983-cü ildə qurulduqdan sonra 2005-ci ilə qədər Prezident postunda olmuş, həyatının hər bir mərhələsində Kiprdə Türk varlığının əbədi olması və Kipr Türk İcmasının öz dövlətinə malik azad insanlardan ibarət olması üçün səy göstərmiş, hər cür çətinliyə sinə gərərək vəfatına qədər həyəcanını itirmədən və əsla yorulmadan fəaliyyətini davam etmişdir. Prezident Rauf Denktaşın ilk növbədə Kipr Türkləri olmaqla, bütün Türk xalqları üçün etdikləri və onların uğrunda apardığı mübarizə hamımıza örnək təşkil edir.

Prezident Denktaşın insanlara duyduğu sevgi və sayğı, verdiyi önəm və dəyər hamı üçün ilham mənbəyi olmuşdur. Prezident Denktaş, sadə, təvazökar, səmimi bir insan olmaqla yanaşı, həm siyasi, həm də ictimai həyata öz damğasını vurmuş bir şəxsiyyətdir.

Prezident Denktaş, Türk Milləti üçün hər zaman böyük bir Dövlət Adamı və Proqressiv Lider olaraq qalacaq və hörmət və minnətdarlıq hissi ilə xatırlanacaq.

Uca Millətimizin əbədiyyətə yola saldığı böyük övladları sırasına daxil olan Mərhuma Allahdan rəhmət, kədərli Ailəsinə, Kipr Türklərinə və Əziz Millətimizə səbir və baş sağlığı diləyirik”.