Üç ayın gəlini

Üç ayın gəlini
Oxunma sayı: 4756

Seymur Verdizadə

Həyat yoldaşını itirmiş kişiləri əvvəllər dul qadınlarla evləndirərdilər. Qohum-qardaş öz yaxınlarını bu evliliyə razı salmaq üçün çox vaxt belə deyərdi: “Yaxşı qızdır, üç ayın gəlini olub”.

Dul kişilər gənc qızlarla izdivaca meyl etməyə başlayandan sonra bu ifadə insan alveri ilə məşğul olan adamların leksikonunda özünə yer elədi. Qazancı qadın alverindən çıxan işbazlar varlı kişi görəndə belə deyirlər: “Yaxşı bir xanım var, üç ayın gəlini olub”.

Həyat yoldaşını itirdiyi üçün evlənməyə hazırlaşan qohumum, insan alveri ilə məşğul olan tanışım olmasa da, bu ifadəni mən də tez-tez eşidirəm. Yeganə oğlunu Qarabağda itirmiş Qızılgül nənəylə ötən həftə görüşəndə, qonşusu haqda belə dedi: “Allah Günaydan razı olsun, hər işimə əl yetirir. Amma yazığın bəxti gətirməyib, üç ayın gəlini olub”.

Ömrü üç-beş ay, ən yaxşı halda bir-iki il sürən ailələrin sayı sürətlə artır. Rəsmi məlumatlara görə, 2015-ci ildə Azərbaycanda hər ay min ailə dağılıb. Ayrı yaşasalar da, bunu rəsmiləşdirməyə lüzum görməyən cütlükləri də bu siyahıya əlavə edəndə, ortaya qorxunc statistika çıxır. Son vaxtlar bu sual çox aktualdır: ailələr niyə dağılır?

Apardığım müşahidələr onu deməyə əsas verir ki, gənc ailələrin çoxu sevgi üzərində qurulmur. Heç kim inciməsin, valideynlərin əksəriyyəti yaxşı gəlin, abırlı kürəkən deyil, varlı quda axtarır. Qızını imkanlı ailənin oğluna “calamaq” istəyən anaların dilindən tez-tez bu sözləri eşitmək mümkündür: “İstəmirəm ki, balam da mənim kimi zülm çəksin”. Və bu arzu ilə yaşayan təkcə qız evi deyil. Oğlunu evləndirmək istəyən ata-analar da, adətən, imkanlı ailələrlə qohum olmağa can atırlar. Gənclərimizin həyatını məhv edən bəlanın adı bəzi valideynlərin var-dövlət ehtirasıdır.

Ailə kiçik dövlətdir. O, müstəqilliyi sevir. Təəssüf ki, əksər valideynlər gənc cütlüklərin müstəqil qərar verməsinə mane olurlar. Bu cür hallar əsasən gənclərin iqtisadi cəhətdən valideynlərdən asılı olması üzündən baş verir. İndiyə kimi yüz dəfə yazmışam, elə bilirəm ki, yüz birinci dəfə yazsam, ciddi bir qəbahətə yol vermiş olmaram: Azərbaycanda özünə şalvar ala bilməyən adamlar arvad alırlar. Normal işi, əlində sənəti olmayan oğlanı evləndirmək doğru deyil. Toydan sonra zavallı ata bilmir ki, oğluna şalvar alsın, yoxsa gəlininə...

Başa düşürəm, yaxşı iş tapmaq indi bir o qədər də asan deyil. İki-üç diplomu olan adamların taksi sürücüsü işlədiyini öz gözlərimlə görmüşəm. Tanıyanların yaxşı adam kimi xarakterizə etdikləri Artur müəllimin başçılıq etdiyi hökumət təkcə avamları deyil, hətta ali təhsilli adamları da işlə təmin edə bilmir. Bu ölkədə yaxşı iş tapmaq üçün güclü arxan, vəzifədə işləyən qohumun olmalıdır. Mən tez-tez xəbər portallarında bu cür başlıqlara rast gəlirəm: “Nazir deputatın oğluna vəzifə verdi”. Bəzən isə deputat sözünü general kəlməsi əvəz edir. İndi neyləyək ki, hamının atası general, ya da deputat deyil...

Əlbəttə, gənc ailələrin dağılmasının başqa səbəbləri də var. Qızını 17-18 yaşda ərə verən adam bunun törədəcəyi fəsadları bəri başdan göz önünə almalıdır. Adam tanıyıram ki, oğlu hərbi xidməti başa vurmamış toy dəvətnaməsi paylayır. Bilmirəm, nə qaçhaqaçdır...

Ailələrin dağılmasında kənar amillərin də rolu az deyil. Əsas səbəblərdən biri də məsuliyyət hissinin arxa plana keçməsidir. Gənclər ömür yollarını birləşdirməzdən əvvəl bir-birilərini yaxından tanımalıdırlar. Həmçinin, valideynlər elçi getməzdən öncə yüz ölçüb, bir biçməlidirlər. Toyda bir dəfə “sındıra-sındıra” oynamağın xatirinə camaatın qızını bədbəxt etmək olmaz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi