UNESCO-da konsert - Nazir də iştirak etdi

unesco-da-konsert
Oxunma sayı: 1105

UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, müxtəlif ölkələrin UNESCO yanındakı səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Əvvəlcə ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan, Gürcüstan və Almaniyadan gəlmiş musiqiçilərin bu ölkələrin ənənəvi və klassik musiqilərini səsləndirəcəklərini qeyd edib. Bildirilib ki, konsertdə Azərbaycan muğamı ilə yanaşı, gürcü polifonik mahnısı və İ.S. Baxın klassik əsərləri ifa olunacaq.

Daimi nümayəndə qeyd edib ki, Azərbaycan muğamı və gürcü polifonik mahnısı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirə verdikləri dəstəyə görə UNESCO rəhbərliyinə və katibliyinə təşəkkür edib. Nazir tədbirin Azərbaycanda hökm sürən multikulturalizmin və dini tolerantlığın bir nümunəsi olduğunu qeyd edib.

Ə. Qarayev Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdəki abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib.