Üzr istəyənlər ordusu

uzr-isteyenler-ordusu
Oxunma sayı: 1073

Fərid Hüseyn


Bir çox sahələrdə qeyri-peşəkarlar at oynadırlar. Necəsə durmadan artırlar...  Və özlərini uzun illər ərzində yetişdirməməkdən, püxtələşməməklərindən qəti narahat deyillər. Əksinə, çox rahatdırlar. Özlərini elə aparırlar ki, sanki belə də olmalıdır. Xüsusən, müğənnilər, bəstəkarlar və həvəskar şairlər. Toya gedirsən onlar, vaya gedirsən onlar, kanallar onları göstərir, radiolar da onlarsız keçinmir...

İndi təzə bir “dəb” də meydan sulamaqdadır.  Məsələn, şeir yaza bilməyən, yazdıqları qara qəpiyə dəyməyən, söz sənətinin, musiqinin heç bir incəliyinə yiyələnmədən “hazırca kökə tapan” bəstəkar-şair-müğənnilər peyda olublar. Onlar mahnı qoşur, şeir quraşdırırlar. Nə bəstəkardırlar, nə də şair. Bunu özləri də bilirlər. Ona görə də mahnı oxumağa başlamazdan əvvəl üzr istəyirlər: “Mən şair deyiləm, bizim gözəl şairlərimiz var, ancaq hərdən mən də nəsə cızma-qara edirəm, indi oxuyacağım mahnının sözləri də mənə aiddi”. Daha sonra, “xırda” bir əlavə də edirlər: “Bizim Üzeyir Hacıbəyov kimi nəhəng bəstəkarlarımız olub, Azərbaycan xalqı istedadlı xalqdı, bu gün də gözəl bəstəkarlarımız var. Mənim musiqi təhsilim yoxdu, özümü peşəkar bəstəkar demirəm, dəyərli bəstəkarlarımızdan da üzr istəyirəm. Bu mahnının musiqisi də mənə məxsusdu”. Əlacları olsa deyərlər: “Vallah mənim səsim yoxdur, gözəl səsi olan müğənnilərimizdən, xanəndələrimizdən üzr istəyirəm, amma bu mahnını oxumalıyam”. Adama deyərlər, gözəl şairlərimiz, bəstəkarlarımızın varlığına inanırsansa, niyə onların yaradıcılığına müraciət etmirsən? Edəndə də “xala xətrin qalmasın” xatirinə...

Beləcə, üzr istəyə-istəyə başqa sahələrə də qeyri-peşəkarlar doluşur. Onlar öz aləmlərində əsl sənətin də, sənətkarın da guya qədrini yaxşı bilən təvazökarlardır. Eyni hal, kino sahəsinə də sirayət edib. “Mən rejissor deyiləm” deyə-deyə 4-5 film çəkənlər var. Baxırsan, cəsarətlərinə heyran qalırsan. Əsl cahil cəsarətidi. İllərlə işlərin cövhərinə bələd olmurlar, ancaq ortalıqda gəzib gündəmdə qalırlar, həqiqi sənət söhbətlərindən, peşə vicdanından söz düşəndə də böyük sənətkarları, klassikləri üzlərinə tutub “biz onların yanında kimik ki” bəraəti ilə özlərini “kiçildib” sığınırlar o kiçikliyin arxasına. Ancaq bunu utanmazcasına edirlər.

Bəlkə də, yeganə sənət mühiti bizdədir ki, adamlar qeyri-peşəkarlığı haqqında bu qədər ürəklə, sərbəst danışırlar. Nəticədə “hamı hər işlə məşğul ola bilər” düşüncəsi insanlar arasında yayılır. Belələri özlərinə mühit tapmaqda çətinlik çəkmirlər, onlar üçün həmişə meydan var. Çünki bir adam ki, qeyri-peşəkarlığı haqqında şəstlə, insana baş ucalığı gətirən bir keyfiyyət kimi danışmağı bacarırsa, hər dəfə məşğul olduğu işə görə qırmızı-qırmızı “üzr istəyirəm, mən qeyri-peşəkaram” deyə bilirsə və qəbul edilirsə, səriştəsizliyini nümayişi üçün ona hər cür özünüifadə imkanı yaradılırsa, deməli, ona daha “ölüm yoxdur”.

Vaxtınızı aldım, “üzr istəyirəm...”