“Vahid Mitinq Komitəsi yaradılmalıdır”-Mövqe

vahid-mitinq-komitesi-yaradilmalidir-movqe
Oxunma sayı: 631

Bunu “Gündəm-Xəbər”ə açıqlamasında KXCP sədrinin müavini Fikrət Cəfərov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda vəziyyət kifayət qədər gərgin olsa da, müxalifət partiyaları hələ də ayrı-ayrı bloklar, hərəkatlarda birləşərək fəaliyyət göstərirlər: "Partiyaların bir qismi İctimai Palatada, bir qismi “Qarabağ” blokunda, qalan hissəsi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında birləşiblər. Bundan başqa AMİP, VHP kimi müstəqil fəaliyyət göstərən partyialar da var. Bu hərəkatlar və partiyalar birləşə, vahid bir mərkəzdə fəaliyyət göstərə bilmirlər. Bunun üçün də yeni bir modelə ehtiyac var”.

KXCP funksioneri hesab edir ki, hətta partiyalar ayrı-ayrı hərəkat və bloklarda olsalar belə, onları bir araya gətirmək mümkündür: “Hesab edirəm ki, etiraz aksiyaları ilə bağlı müxalifətin ümumi işçi qrupunun, yaxud vahid Mitinq Komitəsinin yaradılması və razılaşdırılmış aksiyalara gedilməsi mümküdür. Nəinki mümkün, bu təklifin gündəmə gətirilməsi və müzakirə edilməsi zəruridir.

Son dövrlər bəzi qüvvələr yenidən mitinq məsələsini aktuallaşdırıblar. Sanki yarış gedir ki, kim tez qabağa düşəcək. Amma ötən il keçirilən kütləvi aksiyalarla ciddi nəticələrə nail olunmadı. Onun üçün də artıq mitinq məsələsini qeyri-ciddi məsələyə çevirmək, urvatdan salmaq lazım deyil”.

Fikrət Cəfərovun sözlərinə görə, Rusiyada baş verənlər Azərbaycandakı siyasi qüvvələri bir daha düşünməyə vadar etməlidir: “Mitinqlər partiyalararası, hərəkatlararası yarışa çevrilməməlidir ki, hansı qüvvə mitinq məsələsini birinci səsləndirir. Mitinqlər avtoritar rejimə qarşı çox ciddi bir silahdır. Bu rejimə qarşı ciddi müqavimətdən söhbət gedirsə, biz doğrudan da nəyəsə nail olmaq, rejimi islahatlara sövq etmək istəyiriksə, mitinqlərdən düzgün istifadə edilməlidir. Ona görə də hesab edirəm ki, Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparan siyasi qüvvələr bu təklifə normal yanaşmalı və onun gerçəkləşməsi üçün əllərindən gələni etməlidirlər”.

KXCP funksioneri təmsil etdiyi partiyanın bu istiqamətdə müzakirələrə hazır olduğunu da bildirdi: “Partiya sədrinin müavinin olaraq deyə bilərəm ki, KXCP-də bununla bağlı heç bir problem yoxdur. KXCP milli mənafe naminə bütün müzakirələrə və əməkdaşlığa hazırdır. Partiyamızın yürütdüyü siyasət müxalifətin vahid mərkəzdə təmərküzləşməsinə nail olmaqdan ibarətdir. Bu gün buna nail ola, iqtidara qarşı vahid mövqedən çıxış edə bilmiriksə, heç olmasa, bütün qüvvələr, birlik və hərəkatlar öz müstəqilliklərini qoruyub- saxlamaqla mitinq məsələsində birgə müzakirələr aparıb müsbət nəticələr ortaya qoymalıdırlar”.


Zöhrab