Varlının harın balası

varlinin-harin-balasi
Oxunma sayı: 971

Salam Sarvan

On-on beş il qabaq məni heyrətə gətirən bir məsələdən yazmışdım.  İmkanlı bir deputat dostunun toyunda gəlin karvanında gedən maşınının nömrəsini çıxarıb, yerinə bəylə gəlinin adları həkk olunmuş lövhə taxmışdı. Vay-vaay...  Yeri gələndə rusdilli məktəblərdə oxumağıyla fəxr eləyib, mənim kimi dağ kəndindən gələnləri çuşka sayan bu adamların bəsitliyi bütün mövcudluğumu dəhşətə gətirmişdi... 

Mən hətta yerin üstünü də görmüş qoca soxulcanam, mənə yaraşmaz hansısa məmuru rüşvət aldığına görə lənətləyim. Pul sevgisi ali duyğudu – onda ilahi çalarlar var. Dünya möhtəşəm mənasını korrupsioner və  pensioner qafiyələnməsinin harmoniyasında tapmaqda.

Məmurdusa, qoy alsın da. Amma məni ağrıdan ayrı şeydi: onu anıb, sonu anıb dərd eləməkdəyəm. Ki, bəzi rüşvətxor məmurların ağlı niyə yoxdu axı? Mənim boğazımdan son tikəmi də qamarlayan bəzi məmurların bəzi  balaları niyə belə bəzi  keçəldirlər – niyə məndən basıb yediklərini hələ üstəlik qaytarıb mənim başıma qusurlar da? Niyə onlar ərköyündü, harındı –  yeniyetmə  yaşında belə yekəqarındı? Niyə idmana-zada getmirlər, anlamırlarmı ki, irəli çıxan qarın kasıb-kusubun gözünə girib qəzəb doğurmaqdan başqa heç nəyə yaramır? Məsələn, o milyonluq villaların çertyojunu bir balaca təvazökar çəkdirmək niyə onların ağlına gəlmir?  Elə eləmək olmazmı ki, o villalar görkəminə görə bir az qaşqabaqlı düşsünlər, camaatın 1.60 boylu komalarına hırıldamasınlar, mərmər dişlərini ağardıb evsiz-eşiksiz yazıqların üzünə irişməsinlər, “alça tuuurş” eləməsinlər?

Mən hətta yerin altını da görmüş qoca soxulcanam, hansısa məmurun cibimə girən əllərini boş qaytarmağı özümə sığışdırmaram. Məni yandıran başqa şey. Ki, niyə bəzi rüşvətxor məmurların zövqü belə kor olur? Niyə mənim cibimdən apardıqlarını primitiv-primitiv, görməmiş-görməmiş xərcləyirlər? Niyə mənim puluma aldıqları o gözəl, o bahalı, o parıltılı maşınları şıltaq balalar yolda ötüşmək kimi əttökən bir məşğuliyyətdə divara-daşa çırpırlar? Niyə məndən çırpışdırdıqları o şax, o parlaq dollarları ən talantsız, ən əzik-üzük, ən solğun müğənnilərə sovururlar? Niyə mənim pulumla bərkitdikləri yumruqlarının gücünü çəlimsiz bir adamın sifətində yoxlayırlar – olmazmı ki, məsələn, bircə dəfə boks yarışlarına çıxsınlar və mən də dərindən bir nəfəs alıb deyim ki, ayda bir dəfə çimməklə qənaət elədiyim su pulundan oğurladıqlarınız halal olsun sizə. Vay dədəəə, dollar əskinaslarından zanbaq düzəldib inistaqrama qoymaq düşüklüyü hardan girir bunların başına? Olmazmı, o dollarlara gül dükanında gözəl bir gül dəstəsi bağlatdırıb şəklini payıaşasan? Niyə bəzi məmurların bəzi qarabala balaları mənim pulumla o gözəl, o zərif kəkliyin kababını yox, bu adamaoxşamaz  ayının kababını yeyirlər? Niyə kimsə məndən qamarlıdığı  pulla bir qadın müğənninin auksiona çıxardığı geyilib-köhnəlmiş paltarını alaraq, rəsm kimi çərçivəyə salıb divardan asmalıdı – yəni niyə mənim pulumu, zərə-zərxaraya yox, cır-cındıra tökürlər?

Mən yerin altında çürümüş meyitlərin skeletləri yanından belədən-belə şütüyən bir soxulcanam. O skeletlərin bəzilərində gözlərin yerindəki iki oyuqdan dibsiz dərinliklərə baxıram: sonsuz bir qaranlıq, qorxunc bir zülmət... Başqa heç nə.

Tük keçəlin başına...