“Ya fahişəm ol, ya da boşan”

ya-fahisem-ol-ya-da-bosan
Oxunma sayı: 8300

Raminə Eyvazqızı

Ailə boşayan hakimlərə böyük iş düşür. İş deyəndə, tərəfləri dinləmək üçün səbr, vəziyyətdən çıxış və ya boşanmadan qaçmaq üçün öyüd- nəsihət. Məhkəmədə hakimlər də artıq bezib. İnanın, bezənlər var, biri hətta çıxış zamanı mübahisə edən ər-arvada "boşanırsız boşanın, yemək yeyib dərman atmalıyam" deyib. 

Qınamlı deyil. "Xasiyyətlərimiz uyğun gəlmir" kimi yazılan standart boşanma səbəbi bir qapalı qutuya oxşayır. Bəlkə də, boşanmaların adiləşmə və boşananlar ordusunun genişlənmə səbəbi də o qutuda gizlənir. Ailə qurmağa tələsənlərin çoxu şüuraltında yatan "uzağı boşanacam" düşüncəsini də bonus kimi saxlayır. 

Boşanmaq "dəb"i son 13 ildə formalaşıb və yüksələn xətt üzrə gedir. Statistikaya görə, 13 ildə 130 min 118 boşanma faktı qeydə alınıb. Bu hələ rəsmi nigaha girənlərə görə hesabdır. Əgər 2004-cü ildə 7997 ailə ayrılmışdısa, ötən il 2016-cı ildə təxminən bunun iki qatında 13114 ailə boşanıb. Bu ilin 6 ayında isə 8 minə yaxın boşanmadan danışılır. Bu boyda rəqəm qarşısında ölkədə silkələnmə, çağırış, nəhəng çığırtı eşitmirəm. 

Boşanmalar ərzaq bahalaşması kimi səssiz və ağrısız davam edir. Bilirsiz ən acınacaqlısı nədir? Boşanmalarda ortada qalan uşaqlar və əlindən hər şeyi alınan qadınlar. Kişilər də özünə görə kiçik və ya böyük faciəsini yaşayır. Amma onlar "boşanmış" statusunu yüngül xəstəlik kimi asan keçirirlər, onlara pis gözlə baxan nə qadın, nə kişi var. Maraqlı orasındadır ki, boşanmış və "ağ günə çıxmış" kişilərin 90%-dən çoxu yeni ailə qurmağı bacarır. Boşanmış kişiyə ərə gələnlər də heç onu sorğu -suala çəkmirlər. Niyə? Çünki ailə qurmaq istəyən qadın, qızlarımız çoxdur. Və "boşanmış" kişilərin də çoxu sütül qızları almaqda qalib çıxırlar. 

1-ci qadını xoşbəxt etməyən kişilər bakirə qızı xoşbəxt etməkdə israrlı kimi görünürlər. Sadəcə görünürlər. "Onunku da, belə gətirdi" müdafiəsinə layiq olan qadın və kişilərin 2-ci dəfə evlənməsindən normal və təbii heç nə ola bilməz. 

Bəs qadınlar? Belə qadınların yalnız 3-4%-i yeni ailə, ikinci bahar arzusu ilə evlənirlər. Amma bu ailə də çox vaxt  bahar yox, sərt qışa dönür. Bir qrup qadın işləmək üçün ona yan gözlə baxmasınlar deyə, anketində "ailəli" yazmağa məcbur olur. Çünki işəgötürənin "ərdəsən" sualına cavab vermək istəmir. Bəziləri "ərsiz" olduğunu bar-bar bağırır. Nəticədə, bir-iki qadın deputatın "ölkədə əxlaqsız qadın çoxalıb" təəssüratı ilə dilə düşüb. Qadınların qadınlar haqqında düşüncələri faciəyə dönüb.

O gün xəbər saytların birində bir qadın and-aman edirdi ki, ərim məni fahişə kimi görmək istəyir. "Məni cinsi münasibətlərdə müxtəlif çür zorakılığa məruz qoyur, deyir ya boşan, ya da fahişəm ol". İnanın ki, boşanma səbəblərindən biri də elə kişilərin fantaziyaları və özləri ilə bacarmamaq dərəcəsidir. Bəlkə də bu normal istək də ola bilər, sadəcə qadın anlamaz. 

Çoxu deyir ki, xəyanət edən kişidənsə, onun istəyini deməsi lap doğrudur. Hətta islam dinində bu düşüncələr dəstəklənir. Problem ondadır ki, ölkədə bu aşıq-aşkar səbəb və şikayətləri dinləyəcək nə məhkəmə, nə də şikayət ərizələrində konkret qeyd var. Qanunlarımız yazılanda  Avropadan ilham alır, amma bu məsələdə boşuq. Boşanmada səbəb konkret göstərilməlidir! Onlarda boşanma səbəbi kimi cinsi maraqlar, bütün növ zorakılıq belə qeyd olunur, bizdəki kimi "xasiyyətimiz uyğun gəlmir"in içərisində ört-basdır edilmir. Bəlkə də, bizim iddiaçı boşanan qadın və ya kişi əsl dərdini dilinə gətirsəydi, psixoloqlarla məsələ həllini tapardı. 

Kişi və qadın niyə boşanır yox, sual belə qoyulmalıdır: Qadın və kişi nə istəyir? Bunun abır-həyaya heç bir dəxli yoxdur. Onsuzda, arvadından fahişə davranışları istəyən kişilər əlində bir deyimi bayraq ediblər."Qadın kişinin xidmətçisi, həyat yoldaşı, övladının anası, lap fahişəsi də olar". Hər qadının ərinin fahişəsi olmaq kimi arzusu ola bilərmi? Görəsən, ailəni bu yolla boşanmadan qurtarmaq mümkündürmü? 

Bu yaxında xarici mətbuatda bizə gülməli görünəcək bir xəbər vardı. Bir əcnəbi qadın məhkəmədə ərinin onun cinsi istəyini təmin etmədiyi tələbini irəli sürüb, haqlı da çıxmış, üstəlik təzminat almışdı. Qadının əcnəbisi, millisi olmur! Qadın hər yerdə qadındır!