Yaxşı pomidor tapmaq müşkülü

yaxsi-pomidor-tapmaq-muskulu
Oxunma sayı: 4358

Dünya Sakit

Bu şənbə-bazarımı yaxşı pomidor axtarışına həsr etdim desəm, yəqin ki, yalan olmayacaq. Həm şənbə, həm də bazar günü səhər saat 7-nin yarısından durub meyvə-tərəvəz satılan dükanları gəzdim. Normal – yəni qış üçün hazırlamağa imkan verəcək keyfiyyətdə bir məhsul tapa bilmədim. Elə dükan vardı 10 yeşik pomidor gətirmişdi, amma içində normal - yəni tam yetişmiş, yara-xorası olmayan 15 kiloqram mal seçə bilmədim.

Qeyd edim ki, elə qış hazırlıqlarının mövsümü başlayandan gözüm dükanlardadır – yaxşı pomidor tapmaq müşkülə çevrilib. Satıcılar deyirlər ki, malın yaxşısını seçib xaricə vururlar,  yerə qalan keyfiyyətsizləri isə yerli bazara yönəldirlər. Bu iddia bir qədər real görünmür. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 140 milyon dollarla birinci yeri tutub. Ötən ilin 7 aylıq ixracında da pomidor öndə gedib - 127,9 milyon dollarla. 

2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) yenə birinci olub – xaricə 151.6 milyon dollarlıq məhsul satılıb. Göründüyü kimi, dəyər baxımından pomidor ixracında ciddi artım var. 

İstehsala gəlincə, 2016-cı ildə Azərbaycanda 502 min tondan bir qədər artıq, 2017-ci ərzində isə 624 min 198 ton pomidor istehsal olunub. Ötən il istehsal olunan pomidorun cəmi  153 min 595,2 tonu xaricə ixrac olunub. Bu isə o deməkdir ki, istehsal olunan təxminən hər 4 kiloqram pomidorun 1 kiloqramı xaricə ixrac edilib. Yaxşı məhsulun xaricə satılması iddiasına əsaslansaq, belə çıxır ki, ölkədə istehsal olunan pomidorun cəmi 25 faizi keyfiyyət göstəricilərinə görə müasir tələblərə cavab verir. 

Bu sahə üzrə mütəxəssislərin dediyinə görə isə hazırda Azərbaycandan ixrac olunan pomidorun böyük əksəriyyəti böyük təsərrüfatlarda, özü də ən yüksək aqrotexniki qulluq şəraitində istehsal olunur. Bu isə o deməkdir ki, həmin məhsul standartlara cavab verir, yəni keyfiyyətlidir. Belə təsərrüfatlarda yetişdirilən məhsulun bir hissəsi ixraca, digər hissəsi isə yerli istehsal müəssisələrinə yönəldilir.

Bu halda sual yaranır ki, bəs əhalinin kütləvi şəkildə alver etdiyi məkanlarda satılan pomidorun keyfiyyətsizliyinin səbəbi nədir? Sahə üzrə mütəxəssis dostumuz deyir ki, daxili bazara əsasən xırda təsərrüfatlarda istehsal olunan məhsul çıxarılır. Hansı ki, həmin təsərrüfat sahibləri becərmə texnikasına əməl etmirlər, üstəlik, yüksək aqrotexniki qulluq tələb edən məhsuldar sortların toxumundan istifadə etsələr də, həmin qulluğu verə bilmədikləri üçün keyfiyyətli məhsul götürə bilmirlər. Digər tərəfdən isə son bir ayda demək olar ki, bütün Azərbaycan ərazisində yağıntılı hava şəraiti hökmran olub. Belə hava şəraiti pomidor kimi həssas bitkilərdə məhsulu keyfiyyətini ciddi şəkildə aşağı salır. Hətta hazırda məhsul yığımının ən qızğın vaxtı olan Şimal regionunda fermerlərin, xırda istehsalçıların ciddi zərərlə üzləşdiyi deyilir. Hər halda, tərəvəz satıcıları belə deyirlər. Onların sözlərinə görə, güclü yağışlar pambıq sahələrində məhsulun zay olmasına gətirib çıxarıb.

Bu şəraitdə bizə yağışlı hava şəraitinin tezliklə başa çatmasını arzulamaqdan başqa heç nə qalmır, deyəsən.

Gözləyək...