“Yazı” çapdan çıxdı

yazi-capdan-cixdi
Oxunma sayı: 663

Ənənəvi “Baş redaktordan” yazısını nəzərə almasaq, dərgi M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş xəbər və onun “Con Mill Stüart azadlıq haqqında” məqaləsi ilə açılır. Nəsr bölümündə Rasim Qaraca, Eyvaz Zeynalov, Natiq Məmmədlinin hekayələri, habelə Rəhim Əliyevin “Qoşulub qaçmayan qız” və Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanlarının əvvəli çap olunub. Poeziya bölməsində Şöhrət Qaraoğlunun, Elnaz Eyvazlının, Dərviş Cavanşirin, Rəfail Tağızadənin şeirləri yer alıb. “Sözümüzün yiyələri” bölümündə yazıçı Sabir Əhmədlidən söz açılır, onun heç yerdə çıxmayan “Cərimə” hekayəsi “Yazıçının arxivindən” seriyasından dərc olunur.

Dərginin bu sayında oxucular cəhalət qurbanı olan yazıçı Rafiq Tağıya həsr olunmuş yazılarla da tanış ola biləcəklər. “Ədəbiyyatın içindən” rubrikasında “Əli və Nino” əsərinin Hollivudda ekranlaşdırılmasına aid xəbər, yazıçı Aslan Quliyevin “Onlar məni öldürdülər”, “Payız dumanı”, Seymur Baycanın “İvan İliçin ölümü”, Ələbbasın “Yazmaq istəmədiyim yazı” məqalələri, “Güney sovqatı”nda güneyli şairlər Nigar Xiyavinin, Məlihə Əzizpurun, ABŞ-da yaşayan İsmail Cəmilinin şeirləri yer alıb.

“Ağrıyan yerimiz Qarabağ” bölümündə oxucular qaçqın qələm adamlarından Fəxrəddin Sofulunun, Ziyəddin Səlimin, Vaqif Qüdrətin, İsfəndiyar Əhmədlinin, “İlk addımlar” rubrikasında isə Sərdar Tağıyevin, Firqan Sadığın şeirlərini və Samir İlqaroğlunun “Salatsız yemək yeməyən” hekayəsini oxuya biləcəklər. Bəxtiyar Hidayətin “Dalıbadronnu siqaret” yumoreskası “Son dərəcə ciddi” başlığıyla verilib.

“Semiotika laboratoriyası”nda Fəxrəddin Veysəllinin, Qorxmaz Quliyevin, Rolan Bartın (Namiq Hüseynlinin çevirməsində) yazıları, “Çevirmə”də isə Eyvaz Zeynalovun tərcüməsində türkiyəli yazarlar Yaqub Öməroğlunun, Osman Çeviksoyun və qırğız yazıçısı Aydarbek Sarmanbetovun hekayələri yerləşdirilib.

Dərginin növbəti sayını “Qasid”in, Azərmətbuatyayımın və Metroservisin qəzet köşklərindən əldə etmək olar.