Yolumuz işıqlı olacaq

yolumuz-isiqli-olacaq
Oxunma sayı: 695

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, gecə saatlarında hərəkətin daha intensiv olduğu respublika əhəmiyyətli yollar işıqlandırılıb.

“Şəhərə yaxın ərazilərdə - Bakıdan Qobustana, Qobustandan da 7-8 km məsafədə yolda işıqlandırma sistemləri quraşdırılır. Bakı-Sumqayıt yolu tam işıqlandırılıb. Bakı-Şamaxı yolunda da yolların işıqlandırılması məsələsi öz həllini tapıb. Bu templə davam edərsə, yaxın gələcəkdə respublika əhəmiyyətli bir çox yollar tam işıqlandırılacaq. Bu sahədə kifayət qədər iş görülüb. Paytaxtdan 30 km şimal, 60 km-dan çox cənub istiqamətdə yolların işıqlandırılması işləri aparılır. Gələcəkdə işıqlandırma daha çox yolu əhatə edəcək”, -deyə K.Əliyev deyib.

Şöbə rəisi bildirib ki, yolların işıqlandırılmaması qəza hadisələrinin baş verməsinə səbəb olur. Onun sözlərinə görə, avtomagistrallarda piyadaların yolun hərəkət hissəsinə çıxmasına icazə verilməsə də, bu yollarda piyadaların yol hərəkəti qaydalarını pozması halı kifayət qədər çoxdur.

“Piyadaların vurulması ən çox sutkanın qaranlıq vaxtında baş verir. Bu da yolların işıqlı olmaması ilə bağlı olur. Bir nəqliyyat vasitəsi yeni olduğu üçün daha güclüdür, digəri uzun müddət istifadə edildiyi üçün işıqları zəifdir. Piyadaların vurulması halları daha çox sürücünün qarşıdan gələn digər nəqliyyat vasitəsinin işığından gözünün qamaşması nəticəsində qarşını görə bilməməsi nəticəsində baş verir”, -deyə K.Əliyev deyib.

O bildirib ki, bu halların qarşısının alınmasında işıqlandırmanın müsbət təsiri var.