Yuxu

yuxu
Oxunma sayı: 702

Nərdivana çıxıb lövhənin yuxarı hissəsini aynabəndin yuxarısına bərkidirdim ki, anamın səsini eşitdim:
- A bala, neynirsən orda?
- Daha olanları hamımız bir yerdə internetdən izləyəcəyik- dedim.
- Düş aşağı, tok səni vurar, -deyib,
atamı harayladı:
- Gəl gör uşaq hara çıxıb.
Doğrusu atam bir söz demədi. Sadəcə mənə baxdı.
- Yaxşı, aparıb həyətdən asaram, deyib, nərdivandan düşdüm.
Onsuz da bir azdan bütün günü həyətdə olacağıq. Maydan-oktyabra kimi səhər oyanandan axşam yatana kimi həyətdəki ağacların kölgəsində olurduq. Hərdən əsən meh yarpaqları tərpədəndə ağacların qalın kölgəsi arasından günəşin şüası zolaq-zolaq süzülərdi.

Biz tərəflərdə ağcaqanad olmurdu. (Bizdə ağcaqanada ditdili deyirlər).
Axşamlar hava soyuq olduğundan evdə yatırdıq. Özü də yorğanla. Işə bax, yayın cırhacırında yorğana bürünüb yatırsan.

Deyirlər yuxu görmə müddəti maksimum 90 saniyə olur. Amma elə bil bir il idi yuxu görürdüm.
Bu gecə tez yatdığımdan ata-anamla telefonla danışa bilməmişdim. Bəlkə ona görə yuxuma girmişdilər.
Adətən Gözəl nənəm tez-tez yuxuma girir. Onunla yuxuda söhbətləşirəm. Qalan gördüyüm yuxuların hamısı danışıqsız olur.
Uşaqlığım, uçulmuş-yandırılmış evlər, itmiş-yox olmuş cığırlar, yollar səssiz kino kimi girir yuxuma. Bəlkə də aşağısında titrlər var. Görə bilmirəm.

115 yaşında dünyasını dəyişən, həmişə hamıdan əziz tutduğumuz, çox istədiyimiz Gözəl nənəmlə yuxularımda danışıram. Həmişə də hərəkətdə, gəzərkən. Bəlkə də ailəmizdə nənəmin hamıdan tez oyandığından, hər gün yuxudan oyananda onu həyətdə gördüyümdəndi? Bakıdan evə gedəndə səhər tezdən olduğundan evdəkilərdən ilk görüşdüyüm, ilk bağrıma basdığım, halını sorduğum, nənəm olduğuna görədi.

Ağlım kəsəndən həyətimizdə doğmalarımdan təkcə nənəmin yasını gördüyümdən, kənddə ən çox nənəmin itkisinə ağladığımdandı, bütün bunlar. Bəlkə onu tək qoyub gəldiyimə görədi. Onun da bizim üçün darıxdığındandı. Ancaq yuxularda onun könlünü almaq istəyindəndi. Bütün bunlar.

Hər dəfə yuxu qurtarar-qurtarmaz yerimdən dik atılıram. Tez-tələsik yuxudan ayılıram. Bəlkə də bu onun cavab tapa bilməyəcəyim sonuncu sualının mənə verilməsi qorxusundandı:

Rəhmətlik Gözəl nənəmi yuxuda gördüm

Bu gecə yuxuma gəlmişdi nənəm-
qızartı yoxuydu yanaqlarında.
Sifəti ağappaq
amma gözləri yenə gömgöy idi.
Qucaqlayıb
öpüb bağrıma basdım əvvəlkitək.
Dedi: irayona getmək istəyirəm
Muzayya arvadla.
Bir də yarpaq dolması istəyir ürəyim,
bir də bəmbəyaz pambıq.

Bilmədim pambıq nəydi-
yarasınamı, ya yaramamı basacaqdı.
Duymuşdumu xəstələndiyimi?
Pambıq əkmirdilər biz tərəflərdə
hər yan üzümlük idi,
üzüm istəmədi-
«üzüm göz yaşıdı»-deyərdi, nənəm.

Yarpaq dolması istədi nənəm
yəqin indi tənəklər quruyub orda.
Dirəkdən asılan məftillər
ayrılıq nəğməsi səsləndirir
sükut dalğasında.
Heç rayona gedən deyildi,
Ağdama «irayon» deyirdi, nənəm.
Rəngi də heç vaxt belə ağ olmazdı,
rəngi yaman ağarmışdı.
Rayona şikayətə gedirdi nənəm,
Ilk dəfə şikayət edirdi nənəm:
(Nənəmin xəbəri yoxuymuş
Ağdamın işğalından)

Cığırım, yolum itib,
qanadım, qolum itib,
düşmənə sipər olan
nər kimi oğlum itib.

Gülləri dərən hanı,
üstümə gələn hanı,
odum yandırdı məni,
kölğəsin sərən hanı?

Göz yaşı tökənim yox,
köksünü sökənim yox,
uçulmuş başdaşımı
yerinə əkənim yox.

Qovruldum gəzəmmədim,
olanı çözəmmədim,
yağı gəzən torpağın
altında dözəmmədim.

Rəfail Tağızadə