Ziya Məmmədovun ata yurdundan keçənlər...

ziya-memmedovun-ata-yurdundan-kecenler-
Oxunma sayı: 648

Ötən il “Qafqazinfo“da “Ziya Məmmədovun ata yurduna aparan yollar” adlı yazı dərc etmişdik.

Həmin yazıda və təqdim olunan fotosessiyada qeyd olunurdu ki, Kürdəmir trasından Ucar və Zərdab rayonları istiqamətində 30-40 kilometrlik yol bərbad vəziyyətdədir. Və burada ən maraqlı məqamın həmin yolun Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun ata yurduna apardığını, sadalananları nəzərə alanda ironik situasiya yarandığını vurğulamışdıq. Həmin reportajdan bir neçə ay sonra dövlət başçısı adıçəkilən rayonlara səfər etdi. Məhz həmin səfərdən bir neçə gün əvvəl bu bərbad yol təmir edilərək normal vəziyyətə gətirildi.

Lakin üstündən daha bir neçə ay keçəndən sonra, yəni hal-hazırda bu yol yenidən keçilməz olub.

Hər halda Ziya Məmmədovun ata yurduna aparan yoldan keçən sürücülər redaksiyamıza zəng edərək şikayətlərində belə bildiriblər. Həmin yoldan keçən sürücülər cəmi 30-40 kilometrlik yolda saatlarla vaxt itirdiklərini, yolun bir hissəsindən isə ümumiyyətlə hərəkət etmək üçün xüsusi avtomobillərin lazım olduğunu bildiriblər.

Cəmi bir neçə ay əvvəl təmir olunan yolun yenidən əvvəlki bərbad durumuna düşməsinin səbəblərini axtarmaq yəqin ki, lazım deyil. Bu sadə səbəbi hər kəs gözəl bilir. Biz ötən dəfə qeyd etdiyimiz kimi, məhz ölkənin yol infrastrukturuna cavabdeh olan bir nazirin ata yurduna aparan yolun bərbadlığı düşündürür. Yenə də təkrar etməyə məcburuq ki, axı nazir ən azı öz ata yurduna, oradakı xeyir-şərə heç olmasa ayda-ildə bir dəfə getməlidir. Və gedirsə, ən azı bu yolu görməlidir. İndiki şəraitdə yol keçilməzdirsə, deməli nazir ya ata yurduna getmir, ya da avtomobillə getmir...