“Bəziləri az qala yaxalarını cırırlar ki...” - İlyas İsmayılov

-bezileri-az-qala-yaxalarini-cirirlar-ki-ilyas-ismayilov
Oxunma sayı: 777




- İlyas müəllim, Azərbaycanın bugünkü siyasi mühitini necə dəyərləndirərdiniz və hazırda fəaliyyətinizi hansı istiqamətdə aparırsınız?
- Mən heç vaxt məsələlərə maksimalist yanaşmanın tərəfdarı olmamışam. Bu mənada mövcud ictimai-siyasi durumu normal hesab edirəm. Yəni siyasi mühitdə bəzilərinin iddia etdikləri kimi, heç də süstlük hökm sürmür. Partiyalar fəaliyyət göstərir, qəzetlər çıxır, partiya liderləri və funksionerləri ən müxtəlif məsələlər barədə fikir və düşüncələrini bölüşür, eyni zamanda öz təbliğatlarını qururlar. Ümid edirəm ki, qarşıdan gələn prezident seçkiləri və İctimai Televiziyada təşkil olunan siyasi debatlar bu proseslərə əlavə rəng qatacaq.

Konkret bizim partiyaya gəlincə, “Ədalət” də bu proseslərdən kənarda qalmır. Üstəlik, təşkilatlanmağa xüsusi diqqət yetiririk. Bundan əlavə, istəyirik ki, üzvlərimiz daha fəal olsunlar və biz cəmiyyətdə partiyamızın mövqeyini daha da möhkəmləndirək.

- Sizcə, 2010-cu il parlament seçkilərindən sonra müxalifət partiyalarının fəaliyyətində hansı dəyişiklik yarandı və partiyalar qarşıdan gələn seçkilərdə uğur əldə etmək üçün hansı təcrübədən istifadə etməlidirlər?
- 2010-cu ilin parlament seçkilərindən sonra müəyyən partiyaların fəaliyyətində etiraz notları gücləndi. Bəziləri isə ümidsizliyə qapıldılar. Bu da təbii idi. Çünki analoji durum hər seçkidən sonra və hər yerdə müşahidə olunur. O səbəbdən də təəccüb doğurmadı. Təəccüb doğuran başqa məqamdır: bu yanaşmanın, əhval-ruhiyyənin “təcrübəyə” çevrilməsi. Nə qədər qəribə olsa da, onlar hələ o günlərin təsirindən çıxa bilmirlər. İndinin özündə də həmin seçkilərin “təftişi” ilə məşğuldurlar. Halbuki irəliyə baxmaq lazımdır. Müxalifət ilk növbədə əhalini haqlı olduğuna inandırmalı, onun dəstəyini qazanmalı və sonra da seçkidə iştirakına nail olmağa çalışmalıdır. Bunun da ən yaxşı vasitəsi şəxsi nümunədir. Qədim romalılarda da belə bir hikmətli deyim vardı ki, ən qısa və effektli əmr şəxsi nümunədir. Yəni liderin, siyasətçinin şəxsi nümunəsi. Məhz onlar əhalini inandırmalıdırlar ki, iddia etdikləri posta, ada layiqdirlər, verdikləri vədləri reallığa çevirmək üçün gücləri, potensialları var. Təbii, seçkilər də normal, ən azı mövcud qanunvericiliyin tələbləri gözlənilməklə keçirilməlidir ki, istər iddiaçıların, istərsə də onları dəstəkləyənlərin inamı qırılmasın.

- Bu gün müxalif düşərgədə olan bəzi partiya sədrləri son seçkilərdən sonra siyasi aləmdə bir “qara xətt”in açıldığını iddia edirlər. Hesab edilir ki, bu xəttin əsas tərəfində hökumətin “bizdəndir” deyib parlamentə seçdiyi partiyalar, digər tərəfində isə “bizdən deyil” deyə seçkilərdə nəticə qazandırılmayan partiyalar dayanır. Bu kimi iddiaların ortaya çıxması nə dərəcədə obyektiv yanaşmadır?
- Əlbəttə, bu obyektiv yox, subyektiv yanaşmadır. Ümumiyyətlə, mənə elə gəlir ki, insan “obyektiv” kateqoriyasını özünü məsuliyyətdən qurtarmaq üçün icad edib. Çünki insanın fəaliyyətinə təsir edən və şüurundan keçən hər şey subyektivdir. Yəni vurğuladığınız iddialar da subyektiv düşüncəyə əsaslanır. Ona görə də biz onları düzgün saymır və qəbul etmirik.
Bilirsiniz, ümumilikdə götürəndə iki cür ideya var: mütərəqqi və mürtəce. İnsanları birləşdirən, onları qurub-yaratmağa səsləyən ideyalar mütərəqqi ideyalardır. Əksinə, hansı ideyalar ki, insanları qarşıdurmaya, vurub-dağıtmağa, hər şeyi inkar etməyə sövq edir, onlar mürtəce ideyalardır. Müdrik və ağıllı insanlar, xüsusən də əgər onlar siyasətlə məşğul olurlarsa, insanlara mütərəqqi ideyalar aşılamalıdırlar. Təəssüf ki, bizim bəzi siyasətçilər hər hansı seçkini yalnız o halda ədalətli və şəffaf hesab edirlər ki, özləri harasa seçilirlər. Onlar özlərinin seçilmədikləri heç bir seçkini, hətta ideal şəkildə keçirilmiş olsa belə, qəbul edib hesaba almırlar.

Burada digər bir məqam da var. Çox təəssüf ki, bizdə ictimai-siyasi həyatımızın bütün sahələri kimi, müxalif düşərgə də monopoliyaya götürülüb. O cümlədən “müxalifət” adı da. Bəziləri var, az qalırlar, necə deyərlər, yaxalarını cırsınlar ki, müxalifət yalnız onlardır. Elələri parlamentə düşən müxalif qüvvələri də inkar edir, onlara açıq qısqanclıqla yanaşırlar. Halbuki əvvəlki çağırışlarda özləri də parlamentdə təmsil olunurdular və heç kim də buna görə onları qınamırdı.

Ümumiyyətlə, bəzilərinin müxalifət anlayışına münasibətləri düz deyil. Özlərini “radikal” adlandıranlar fikirləşirlər ki, guya müxalifətçilik hakimiyyətlə lazım oldu-olmadı qarşıdurmaya getmək, konfliktlər yaratmaq, icazə verildi-verilmədi etiraz aksiyaları keçirmək və s.-dir. Biz isə bu cür fikirləşmirik. Elə hesab edirik ki, müxalifət konstruktiv olmalı, iqtidarın yürütdüyü siyasəti daim diqqətdə saxlayıb təhlil etməli, nöqsanları qabartmaqla bərabər vəziyyətdən çıxış yollarını göstərməlidir. Və iqtidar da özündə güc tapıb həmin iradları nəzərə almalı, problemləri həll etməlidir ki, insanlar normal və rahat şəkildə işləyib yaşaya bilsinlər.
Yəni hər şeyi yalnız qara rəngdə görmək olmaz. Şübhə etmirəm ki, münasibətlər bu müstəvidə qurulsa, iqtidar da müxalifətə başqa cür yanaşar.

Ümumiyyətlə, mən siyasəti iki anlamda qəbul edirəm. Birincisi, siyasət mümkün olanı əldə etmək məharətidir. Mümkün olmayanı əldə etmək istəsən və fəaliyyətini yalnız buna həsr etsən uzaqbaşı avanrürüst olarsan. Düzdür, avantürüst də hansı məqamdasa vəziyyətdən yararlanıb uğur qazana, hətta siyasi olimpin ən yüksək zirvəsinə qalxa bilər və tarixdə bu təcrübə də var. Amma bu çox çəkmir, elələri qalxdıqları sürətlə də aşağı yuvarlanırlar.

Qəbul etdiyim ikinci anlayış odur ki, siyasət taledir, həm də siyasətçinin özündən çox, xalqın taleyidir. Xalqın taleyi ilə məşğul olanlar və olmaq istəyənlər isə olduqca məsuliyyətli davranmalı və hansı yükün altına girdiklərini dərk etməlidirlər. Yəni ağıllı siyasətçi avantüradan və utopiyadan uzaq olmalıdır. Təəssüf ki, Azərbaycan reallığında çox vaxt bunun əksini görürük.

- Bəllidir ki, müxalifət düşərgəsi hər dəfə seçkiöncəsi müxalif partiyaların birliyini yaratmağa cəhd etsə də, nəticəsiz qalır. Birlikdən danışan bəzi partiyaların nümayəndələri də belə fikirlər səsləndirirlər ki, müxalifətdə öz şəxsi mənafelərini güdən qüvvələr bu birliyin alınmasına imkan verməyəcəklər. İndi yenə də bir çox partiyalar “vahid namizəd” ideyası ilə siyasi gündəmin mərkəzində dayanırlar. Sizcə, müxalifətin seçkilərə hazırlığı və müəyyən bir nəticənin əldə olunması baxımından bu ideyanın yenidən ortaya atılması doğrudurmu?
- Bunu bir neçə dəfə demişəm, bir daha təkrar edirəm. Misirin Nobel mükafatı almış Məğub Məhvuz adlı bir yazıçısı var, bir dəfə ondan soruşmuşdular ki, nəyi möcüzə hesab edərdi. Cavab vermişdi ki, onun üçün ən böyük möcüzə ərəblərin birləşməsi olardı. Bu mənada bizdə də ən böyük möcüzə bəlkə elə müxalifətin birləşməsi ola bilərdi. Ancaq mən möcüzə gözləmirəm. Həm də hesab edirəm ki, bu birləşməməyi faciəyə çevirməyə də gərək yoxdur. Bir məqamı nəzərə almaq lazımdır ki, həyatda hər şey hansısa maraqlarla bağlıdır. Müxalifət partiyaları da müxtəlif insanlardan ibarətdir, onların həm fərdi, həm də ümumi maraqları var...


- Bir çox partiyalar ACP lideri Rəsul Quliyevin seçkilərdə iştirakını arzu edirlər. R. Quliyevi seçkilərdə vahid namizəd kimi irəli sürən partiyalar nəyə ümid edirlər?
- Əvvəla, seçkilərdə kimlərin kimi və nəyə görə namizəd kimi görmək istəmələri barədə məlumatım yoxdur. Bir də, biz kiminsə qəlbinə girməmişik və ya münəccim deyilik ki, başqalarının arzu və istəklərindən hansı yollasa xəbər tutaq. Qaldı Rəsul Quliyevin namizədliyini irəli sürən başqa partiyaların nəyə ümid etmələri, əgər həmin partiyaların adları sizə məlumdursa, bu sualı onlara ünvanlamağınız daha məntiqli olardı.
Nəhayət, hər bir partiyanın öz məramı, məqsədi və siyasi kursu var. Biz indiyədək hansısa partiyanın daxili işlərinə qarışmamışıq, bundan sonra da qarışmaq fikrimiz yoxdur.

- Məlumdur ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Hazırda siyasi dairələrdə bu məsələnin hansı partiyalara, hansı prinsip və şərtlərlə şamil ediləcəyi müzakirə olunur. Doğrudanmı bu, parlamentdən kənarda qalan partiyalara aid edilməyəcək və Siz bu prosesin həllini necə görürsünüz?
- Hansı müzakirələri deyirsiniz? Qanun artıq qəbul olunub və orada hər şey dəqiqliklə göstərilib. Qanuna görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan parlamentində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünəcək. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünəcək.
Şəxsən mənim fikrimə gəlincə, hələ qanun layihəsi müzakirə olunanda təklif edirdim ki, bir halda ki, dövlət siyasi partiyaları maliyyələşdirmək qərarına gəlib, qoy rəsmi qeydiyyatdan keçən bütün partiyalar bu imkandan yararlansınlar.

Qanunda maraqlı bir məqam da var və bu, yuxarıda vurğuladığım səs faizləri ilə bağlıdır.Ola bilsin, gələcəkdə bu müəyyən çətinliklər yaratsın. Halbuki proporsional seçki sistemi qalsaydı, narahat olmağına dəyməzdi. Çünki hansı partiyanın nə qədər səs topladığı, cəmiyyət arasındakı çəkisi hamıya məlum olardı.

Yeri gəlmişkən, bunlara baxmayaraq mən həmin qanuna edilən əlavə və dəyişiklikləri mütərəqqi addım kimi dəyərləndirirəm və hesab edirəm ki, bu, Azərbaycanın siyasi həyatına müsbət çalarlar gətirəcək.

- Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq qurumların mövqeyində hansı dəyişiklər var və son vaxtlar problemin həllində üçtərəfli danışıqlardan ikitərəfli, yəni ATƏT-in Minsk Qrupunun iştirakı olmadan həllinə keçilməsi ilə bağlı təkliflərə necə yanaşırsınız. Sizcə bu özünü doğrulda biləcəkmi?
- Mən bu barədə fikrimi dəfələrlə bildirmişəm. Partiyamız neçə dəfə bəyanat verib. Lap elə bu günlərdə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiyə qədərki fəaliyyəti və bölgəyə son səfərləri ilə bağlı bəyanat qəbul etdik və yaydıq. Bilirsiniz, məsələ ondadır ki, artıq 20 ildən çoxdur eyni halı müşahidə edirik. Həmsədrlər ölkəni, bölgəni az qala su yoluna döndəriblər. Amma heç nə dəyişməyib. Halbuki bu 20 ildə yeni - Qarabağsız nəsil formalaşıb.

Bütün bu göstərilənlər Azərbaycanın ərazi bütövlüyünün danışıqlar yolu ilə bərpasını nəinki şübhə altına alır, hətta qeyri-mümkün edir.
Düzdür, hərdən yanlış olaraq belə bir fikir irəli sürülür ki, guya Azərbaycan cəmiyyətinin Minsk Qrupunun fəaliyyətinə olan tənqidi münasibətini dəyişdirməyin yolu var və buna yeni format tətbiq etməklə nail olmaq olar. Konkret təklif verənlər də var. Məsələn, bəzilərini fikrincə, həmin formatda Fransanın əvəzinə Avropa İttifaqı iştirak etsə yaxşı olar. Mən isə dəfələrlə vurğuladığım kimi, bu fikirdəyəm ki, Avropa İttifaqı yox, lap Azərbaycana yaxın Pakistan və Türkiyə də orada iştirak etsə, bunun heç bir xeyri olmayacaq. Əvvəla, ATƏT-in nəinki Minsk Qrupu, heç özü də bu problem həll edə bilməz. Çünki bu təşkilatın qərarları dövlətlər üçün öhdəlik yaratmır, məcburi deyil və yalnız tövsiyə xarakteri daşıyır. İkincisi, ermənilər özləri xoşluqla sülhə gəlməkdə qətiyyən maraqlı deyillər. Ona görə də belə hesab edirəm ki, özümüzü aldadıb nə ATƏT-dən, nə də ermənilərdən heç nə gözləməməliyik. Bu proses, “vasitəçilik missiyası” status-kvonun saxlanılmasına, yəni Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalmasına xidmət edir. Ona görə də Azərbaycan Minsk Qrupu çərçivəsindəki danışıqlardan imtina etməli, Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin ATƏT-dən alınıb BMT Təhlükəsizlik Şurasına verilməsinə nail olmalı və bu qurumdan vaxtilə qəbul etdiyi dörd qətnamənin icrası ilə məşğul olmasını tələb etməlidir. Əgər bu da bir nəticə verməsə, onda biz bütün resurslarımızı səfərbər edib, torpaqlarımızı özümüz azad etməliyik.

Yeri gəlmişkən, “DQR”-də keçirilən son “prezident” “seçki”sindən sonra başqa bir bəyanat da qəbul etdik. Həmin bəyanatın sonunda Ədalət Partiyası olaraq ölkənin bütün siyasi qüvvələrini, QHT-lərini, media qurumlarını və vətənpərvər övladlarını yuxarıdakı məsələdə bizim mövqeyimizi dəstəkləməyə çağırdıq, Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə əlbir fəaliyyətə dəvət etdik. Təəssüflər olsun ki, heç kim səsimizə səs vermədi. Görünür, başları daha “vacib” işlərə qarışıb.

- İlyas müəllim, vaxtilə müxalifətin daha çox xarici dəstəyə ümid etməsi barədə fikirlər səslənirdi. Bu gün həmin mövzunun aktuallaşacağını söyləmək olarmı? Ümumiyyətlə, beynəlxalq qurumlarla əlaqələriniz hansı müstəvidə qurulur?
- Təəssüf ki, hərdən tarixi, keçmişi, ən azı onun dərslərini unuduruq. Halbuki onları öyrənmək, lazımi nəticələr çıxarmaq bizə yeri gələndə çox şey verə bilər. Məsələn, vaxtilə Lenin hakimiyyətdən devrilmiş burjuaziyanın gücünün nədən ibarət olduğunu analiz edəndə “xarici əlaqələr” amilini ön planda qeyd etmişdi. Burada böyük bir həqiqət var. Adi insanın da gücü onun qolunda yox, ilk növbədə əlaqələrindədir. Siyasi təşkilatların da həmçinin. Və burada söhbət təkcə xarici yox, həm də daxili əlaqələrdən gedir.

Ümumiyyətlə, mən siyasi partiyaların beynəlxalq əlaqə qurmalarına pis baxmıram, əksinə, inkişaf etmək, xarici təcrübəni öyrənmək və dünyaya çıxmaq baxımından bunu təqdir edirəm. Əlbəttə, Azərbaycanın maraqları mütləq nəzərə alınmaq şərtilə. Amma Ədalət Partiyası olaraq bizim belə əlaqələrimiz yoxdur.

- Sizcə, YAP-ın müxalifəti dialoqa dəvət etməsi bu dəfə nə ilə nəticələnə bilər?
- Bayaq vurğuladığım kimi, biz müxalifət partiyası olsaq da, cəmiyyətdəki mövcud problemlərin zor, qarşıdurma müstəvisində deyil, sivil qaydada, danışıqlar, dialoqlar vasitəsilə həll olunmasının tərəfdarıyıq. Çünki dialoq, vaxtilə Sokratın çox sərrastlıqla dediyi kimi, “mərifətin inkişaf yolu”, həm də müxtəlif fikirliliyə hörmət deməkdir. Bütün müşkül, mübahisəli məsələlər həqiqətən də masa ətrafında, dialoq vasitəsilə müzakirə olunmalıdır ki, hərtərəfli götür-qoy etmək, ortaq nəticəyə gəlmək mümkün olsun. Üstəlik nəzərə alsaq ki, dialoq həm də ölkədəki gərginliyi azaltmaq və bununla cəmiyyətə barışıq və əmin-amanlıq gətirmək yoludur, deməli, onun baş tutmasında və əməli nəticə verməsində hamımız maraqlı olmalıyıq.


Tahirə Qafarlı