“Gündəlik Teleqraf”ın suallarını Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cavablandırıb.
- Əli müəllim, oktyabrın 20-də bir qrup müxalifətçi gənc “Fəvvarələr meydanı”nda icazəsiz aksiya keçirməyi planlaşdırıb. Bu aksiyaya münasibətinizi bilmək istərdik...
- Bu gənclər icazəsiz aksiyaya çıxmamalıdır. Əks-təqdirdə qanun keşikçiləri ilə üz-üzə gələcəklər. Azərbaycanda indiyədək heç bir icazəsiz aksiya baş tutmayıb. Bu icazəsiz aksiyanın təşkilatçıları, şəhərdə qarşıdurma, polislə toqquşma yaradan, işin başında dayanan insanlar da cəzaya məruz qalıblar. Bu cəzanı da hüquq-mühafizə orqanları axıradək icra ediblər. Biz ilk növbədə çağırırıq ki, gənclər belə icazəsiz aksiyaya qoşulmasınlar, çıxmasınlar. Ayrı-ayrı siyasi partiyaların, siyasətlə məşğul olan insanların təhrikinə getməsinlər və bu aksiyadan çəkinsinlər. Əgər belə bir tədbir keçirmək istəyirlərsə, Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yer var, buyursunlar, orada aksiyalarını keçirsinlər.
- Aksiyanın iştirakçıları və təşkilatçılarına qarşı cərimələrin artırılmasını nəzərdə tutan yeni qanun layihəsi Milli Məclisə təqdim olunub. Bu qanun layihəsini nə dərəcədə lazımlı hesab edirsiniz?
- Bizdə “Sərbəst toplaşmaq azadlığı” haqqında qanun var. Orada müəyyən müddəalar, xüsusən qeyri-qanuni aksiyalara çıxan insanların cərimələnməsi, inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı lazımi maddələr var və bu qanun bu gün Azərbaycanda keçərlidir. O ki qaldı bu qanunun sərtləşməsinə, ayrı-ayrı ölkələrdə bu hallar mövcuddur. Bəzi ölkələrdə bu, daha sərtdir, bəzi ölkələrdə daha liberaldır, bəzi ölkələrdə bizimki kimi orta səviyyədədir. Bu, parlamentdə irəli sürülən layihədir, buna münasibət bildirmək istəmirəm. Hər halda parlamentdə layihə irəli sürülübsə, bunu irəli sürən də, Milli Məclisdə müzakirəyə çıxaranların da, müzakirənin nəticəsi olaraq qərar qəbul edənlərin də öz arqumentləri olacaq.
- Aksiyaların keçiriləcəyi yerlə bağlı hər zaman problem yaşanır. Meriya müxalifətə “20-ci sahə”ni ayırır, müxalifət isə bununla razılaşmır. Niyə çıxış yolu tapmaq bu qədər çətindir?
- Mən düşünmürəm ki, burada çıxış yolu yoxdur. Müxalifət orada dəfələrlə aksiya keçirib və özləri də aksiyanın nəticəsindən razı qalıblar. Yer genişdir, şəhərin heç bir infrastrukturu, nəqliyyatın hərəkəti pozulmur. Aksiyanın keçirilməsi üçün də ideal şərait var. Bəzən onlar qarşıdurma yaratmaq məqsədilə qeyri-qanuni aksiyalara əl atırlar. Qarşıdurmanın nəticəsi olaraq biz görmüşük ki, onlar heç bir müvəffəqiyyətə nail ola bilməyiblər.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqı barədə mətbuatda müxtəlif mülahizələr irəli sürülür. Abbas Abbasovun Vladimir Putini Rusiyada yaşayan azərbaycanlıları Kremlin çətiri altında birləşdirəcəyinə əmin etdiyi bildirilir. Bu, nə dərəcədə realdır?
- Mətbuatda jurnalistlərin əldə etdiyi informasiyalar, eyni zamanda, həmin informasiyalara söykənən mülahizələri yer alır. Nə mülahizələrə, nə də səsləndirilmiş bu və ya digər məsələlərə bu təşkilatı yaradan insanların özünün açıqlaması olmadan münasibət bildirmək istəmirik. Mən münasibət bildirməkdən çəkinərək gözləyirəm, görək, bu təşkilatı yaradanlar öz fikirlərini nə ilə əsaslandırırlar? Təşkilatın yaranması onların diaspora ehtiyacındanmı meydana gəlib? Bu insanların hər hansı biri yeni statusda azərbaycanlılar sırasında təmsil olunmaq ehtiyacı duyubmu? Yoxsa hansısa kənar qüvvələrin təhriki ilə addım atılıb? Bununla bağlı onların məsələyə münasibəti açıqlanandan sonra biz hakimiyyət olaraq yaradılmış yeni ittifaqın Rusiyada yaşayan azərbaycanlılara gələcək təsiri, Azərbaycanın İttifaqla və eyni zamanda, İttifaqı yaradan insanlarla gələcək münasibətləri haqqında münasibət açıqlayacağıq. İndiki halda ortada ancaq jurnalist mülahizələri var.
- Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev prezident seçkiləri qabağı yeni video yayacağını bəyan edib...
- Əvvəldən bəyan etmişdik ki, hakimiyyət Elşad Abdullayevin açıqlayacağı hər hansı videodan qorxmur. Bunlar adi kriminal hadisələrdir və belə kriminal hadisələri törədənlər cəzalarını alıblar və bundan sonra da alacaqlar.
- Venesiya Komissiyasının Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanununa rəy verilibmi?
- Biz qanun layihəsinin rəsmi tərcüməsini Venesiya Komissiyasına göndərdik və onları narahat edən məsələlərə aydınlıq gətirdik, izahat verdik. Düşünürəm ki, bu izahat da, göndərilən layihə də Venesiya Komissiyasını qane edib. Çünki bizim cavabın qəbul olunması haqqında onlar artıq münasibət bildiriblər. Hesab edirəm ki, “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə etdiyimiz əlavə və dəyişikliklər Avropa standartlarına uyğundur və Venesiya Komissiyasını qane edəcək.