“1 ilə Azərbaycanda 50 film çəkilib, tarixdə belə şey olmayıb” - Video

1-ile-azerbaycanda-50-film-cekilib-tarixde-bele-sey-olmayib
Oxunma sayı: 5079

Kinoprodüser-rejissor, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyevin “Qafqazinfo”ya müsahibəsi:

- Milli Televiziya və Radio Şurasının qərarı ilə əcnəbi serialların yayımı bərpa edilib. Qərara münasibətiniz necədir? 

- Bu qərar kino və televiziya sahəsində çalışan şəxslərin işinin artmasına səbəb ola bilər. Qərarda göstərilir ki, əcnəbi seriallar axşam saatlarında yayımlanacaq. 23:00-dan sonra onsuz da bizdə yerli seriallar nümayiş olunmur. Çox vaxt xarici filmlər verilirdi ki, dublyajında aktyorlar çalışırdı. Onlar səsləndirmədən pul qazanırdılar. 

- Bu qərar müzakirə mövzusuna çevrildi. Yerli serial qəhrəmanları sosial mediada etirazlarını bildirdilər ki, sahə inkişaf edirdi, aktyorlar yeni pul qazanırdı, bu qərar mane olacaq. 

- Seriallar bir neçə bölümlü olduğu üçün ora səsləndirməyə aktyor təsdiq olunacaq və davamlı dublyajla məşğul olacaq. Beləliklə, aktyorlar uzunmüddətli gəlir əldə edəcək. Məsələn, eyni aktyor başqa filmdə dəyişə bilər və dublyaj başqasına həvalə olunar. Ancaq serialda bir aktyor daimi olaraq sifarişçiyə çevriləcək. Bir qrup aktyor daimi iş yeri əldə edəcək. Düşünürəm ki, bu qərar Azərbaycan efir məkanına xələl gətirəcək, aktyorların işini əlindən alacaq bir addım deyil. Həmçinin televiziya şirkətlərinin öz dublyaj studiyalarının inkişafı üçün bir proqram var.     

- Maraqlıdır, Azərbaycan serialları niyə məişət mövzusundan kənara çıxa bilmir? Həmidə Ömərova, Qurban İsmayılov kimi aktyorlar bitib-tükənməyən “Ata ocağı”nda yer alır və tamaşaçı belə aktyorlara belə ağız büzür. Bəzi seriallar çəkisi olan aktyorları belə gözdən salır.  

- Bu, ölkədə olan psixoloji durumla bağlıdır. Təkcə hansısa audiovizal məhsula yanaşmadan asılı deyil. Son dövrlər bizim xarakteristikamızda narazılıq daha çox artıb. Mən onları müdafiə etmək üçün bunu demirəm. Hansısa aktyor səhv edə bilər. Serial kinodan fərqli bir istehsal sahəsidir. Seriallarda aktyorların müəyyən qədər ucuzluğa getməsi anlaşılandır. Sadəcə olaraq istehsalçı hər zaman tempi, damarı tutmalıdır ki, aktyor ucuzlaşmasın. Aktyor oynayan zaman “xaltura”ya can atmasın. 

- Ölkədə bu qədər proses baş verir, amma filmlərin mövzusuna çevrilmir. Misal üçün, Vaqif Mustafayev 90-cı illərə aid bir çox prosesi lentə alıb. İndiki dövrdən çəkən yoxdur. Çəkinirlər, ya necə?

- Serial televiziya məhsulu olduğu üçün orada yaradıcı azadlıq sözü çox da istifadə olunmur. Niyə? Çünki televiziyanın özü efirə nəyin gedib-getmədiyini bilir və MTRŞ-nin müəyyən qaydaları var. Müəyyən qədər senzura var. Bəlkə də buna “kölgə senzurası”, “gözəgörünməz senzura” da deyə bilərik. 

Film sahəsində isə bu, problemli bir məsələdir. Çünki filmin özünün ölkədən kənara çıxmaq məsələsi var. Kinoteatrlarda yayımlana, beynəlxalq festivallara çıxa bilər. Bu səbəbdən də Azərbaycan haqqında xarici festivallarda mənfi informasiyanın verilməsi müəyyən qədər uğurlu sayılmır. Buna görə də yaradıcı azadlıq məsələsi müəyyən qədər boğulur. Azərbaycan görüntü olaraq Avropanın bir çox ölkələrindən yaxşıdır. Əsasən də paytaxtımız... Bunların hamısı vizual olaraq gözəldir. Amma bu vizual gözəlliyin arxasında baş verən hadisələr var ki, onların kənara çıxması ölkə haqqında müsbət fikrin, imicin formalaşmasına mane ola bilər. 

Rusiyanın son 10 ildə aparıcı rejissorlarından sayılan Andrey Zvyagintsevin bütün işləri həm xarici donorlar, həm də Rusiya Milli Kinematoqrafiya Fondu tərəfindən maliyyələşdirilir. Eyni zamanda Konçalovskinin filmlərinə Rusiya hökuməti dəstək olur. İnsan təəccüblənir ki, Rusiya haqqında belə bir neqativ filmi hökumət maliyyələşdirir? Maliyyələşdirən institutda oturan şəxslər demokratik ab-havada, öz kino zövqü olan insanlardır ki, problemdən xəbərdardırlar. Bilirlər ki, həmin filmin hansısa bir festivalda mükafat alması ölkənin imicinə xeyir gətirən bir amildir. Bu proses eynilə İranda da var. Əsgər Fərhadi bir film çəkir, “Oscar” alır, daha sonra yenə çəkir, yenə də mükafata sahib olur. Dünyanın heç yerində belə bir şey yoxdur. İki il dalbadal “xarici dildə ən yaxşı film” mükafatını qazanıb. Orada da İran dəyərlərini dağıdacaq müəyyən amillər var. Buna baxmayaraq, İran hökumətinin maliyyə dəstəyi ilə çəkilib. 

Bizdə festivala gedən filmlərin əksəriyyəti dövlət tərəfindən maliyyələşməyib, sərbəstdirlər. Bu layihələri komissiyada oturan insanlara sübut etmək lazımdır ki, ölkədən kənara çıxacaq, maliyyələşdirin. Lakin elə layihələrimiz var ki, dövlət dəstəkləyib. Məsələn Venesiya Film festivalına dövlət tərəfindən maliyyələşdirilən “Nabat” filmi ikinci proqrama düşdü. Film ağır proseslərin nəticəsində ərsəyə gəlib. Həmçinin, bu yaxınlarda Amerika və Azərbaycanın müştərək filmi, Hilal Baydarovun rejissorluq etdiyi “Səpələnmiş  ölümlər arasında” Venesiyanın əsas proqramına düşüb. 

- Kino çəkmək üçün təhsil şərtdirmi?

- Azərbaycanda rəssamlığın özü inkişaf edib. Bu da Bakı rəssamlıq məktəbi ilə bağlıdır. Biz musiqili xalqıq, hər musiqini dinləyə bilirik. Misal üçün saytları hər səhər açırıq, hansısa bir mahnımızın oğurlanması barədə informasiyalar oxuyuruq. Deyən yoxdur ki, niyə filmimizi oğurlamırlar? Çünki bizim istehsal etdiyimiz əsas məhsul musiqidir. Ancaq kino spesifik məsələdir. Bu, sənaye sahəsidir. Bir filmin ərsəyə gəlməsi çətin məsələdir. Çünki orada olan 50 nəfər bir-birini başa düşməlidir. Rejissor işıqçı, operator, bəstəkardan asılıdır. Yəni onlardan nəsə tələb etməlidir. 

Film çəkmək üçün savadlı olmaq lazımdır. Amma savad işin 30 faizinə aiddir. Təcrübə əsasdır. Söhbət  orta və kütləvi film istehsalından gedir. Ancaq müəllif filmlərində məsələ sırf rejissorların üzərinə gəlir. Rejissorun demək istədiyi, baxış bucağı önəmlidir. Azərbaycanda da təhsil məsələsi bəlkə indi-indi düzəlməyə başlayar. Müstəqillik əldə etdikdən sonra AMİU-da təhsil alanlar universiteti bitirdikdən sonra ixtisası öyrənir. 2000-ci illərdən bəri təhsil alanlar özü-özünü inkişaf etdirir, ora tələbəyə nəyisə öyrətmir. 

Düşünürəm ki, dünyada texnikanın ucuzlaşması və kiçik texnika ilə yaxşı filmlərin çəkilməsi artıb. Və bu artım Azərbaycanda cavan uşaqlara təsir edəcək. Fikir vermişəm ki, Azərbaycanda istehsal olan filmlərin sayı artıb. Amma kəmiyyət artıb, keyfiyyət yox. Məsələn, bu il 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Ora yetərincə filmlər göndərilib. Demək olar ki, çoxu aşağı səviyyədədir. Bu da onların savadsızlığından irəli gəlir. Sadəcə olaraq əlinə texnika keçib, məhəllə uşaqları ilə nələrsə çəkib film adı qoyublar. Halbuki öyrənmək üçün internet yaxşı imkanlar verir. 

- Bir az da filmlərdə, seriallarda prodüserlik anlayışından danışaq. Film prodüseri bizdə ancaq sponsor kimi başa düşülür. 

- Azərbaycanda prodüser institutut anlayışı çox aşağı səviyyədədir, indi formalaşır.  Bu problemin kökündə dövlət tərəfindən maliyyələşdirmə dayanır. 
Dövlət pul verir deyə filmin prodüseri də dövlətdir. Məsələn, Azərbaycan Film  Kinostudiyası dövlət sifarişi yerinə yetirir. Və orada hər filmin sonunda baş prodüser kimi kinostudiyanın direktorunun adı yazılır və bu, normaldır. Dövlətin verdiyi bütün pula film çəkilir, niyə direktorun adı yazılmasın? İstehsal sahibi odur. 

- Bəzən 1 serial və 1 filmdə 4 ssenaristin adı birdən qeyd olunur. Maraqlıdır, 4 nəfər bir hadisəni, hekayəni necə yaşayıb yaza bilər? 
 
- “Yuxu” filminin ssenaristi bizə dərs deyirdi. Bildirmişdi ki, rejissor ona yaxınlaşıb deyib ki, filan sujetim var, onu yaz. Rejissordur, ssenarist deyil. Onun dediklərini bir neçə ssenarist yazmışdı. Müəyyən qədər bir neçə vərəqdən ibarət təxmini istiqamət yazılır, məkan, çəkiliş meydançası, qəhrəmanların xarakteristikası əks olunur. 

Onu da deyim ki, Azərbaycanda elə filmlər var ki, 100-200 min manat dəyərində gəlir gətirib. Bu, o deməkdir ki, bizdə tamaşaçı zümrəsi var. Lakin keyfiyyətli filmlər ortaya çıxdıqca hamının bir nəfsi olur ki, 50-60 min pul qoyub daha artığını qazansın. Bununla da dəllallar ortaya çıxdı. Onlar maliyyədarlara yaxınlaşaraq 100 min qazanan filmləri nümunə gətirərək pul götürdülər. Bununla da, Azərbaycanda onlarla film batırıldı. Təsəvvür edin, bir ildə Azərbaycanda 50 film çəkilib. Hələ heç vaxt Azərbaycan tarixində belə bir şey olmayıb. 12 ayın hər ayında iki film bazara çıxsa 24 edir. Azərbaycan bazarı üçün 50 necə ola bilər? 50 filmi çəkənlərin əksəriyyəti şirkətlərdən pul qoparmaq niyyətində idilər. İndi isə ciddi layihələrə pul yatırmırlar, onların sayəsində inanmırlar. 

- Maraqlıdır, Mədəniyyət Nazirliyində əməliyyat keçirildi və vəzifəli şəxslər saxlanıldı. Bu sahədə vəzifədən sui-istifadə halları, rüşvət və s. məsələlər haqda əməliyyatdan öncə xəbəriniz var idi? Adətən bizim mədəniyyət üzvləri, adi insanlar belə problemləri bildiyi halda hökumət müdaxilə etdikdən sonra şərhlərini verirlər. Bu nədən qaynaqlanır?

- Xalqı qınamaq olmaz. Cəsarət, etiraz mədəniyyətini formalaşdırılması bizdə çox aşağı səviyyədədir. Həmişə kənardan bir qəhrəman gözləyirik ki, gəlib məsələləri həll etsin. Sözsüz ki, bu, hamıya aid deyil. Bəzi şəxslər var ki, bu problemləri qaldırmaqla məşğuldur. Amma həmin şəxs tək kənarda qalıb. Böyük çarxa qarşı tək mübarizə mümkün olmayan məsələdir, nəticə verməyəcək. Düşünürəm ki, mədəniyyət sahəsində sürətlə yeniliklər olacaq. Yeni komandaların gəlməsi çox önəmlidir. İndi bütün dünyada təkbaşına iş görmək çətin məsələdir. Kinoda da belədir, komanda işidir. Ortaya çıxan məhsul, yaxşı komanda mədəniyyət siyasətimizi irəli gətirə bilər. Kinoda istehsal komandasının heç nə vecinə deyil. O, sadəcə olaraq texniki bir işçidir. Amma kino siyasətini həyata keçirən komanda bilməlidir ki, hədəfi nədir, hara getməlidir. Geniş mövzudur. İdeoloji bir komanda olmalıdır. Azərbaycan kinosunun müasir dövrdə dünyaya çıxması üçün nələr lazımdır? Azərbaycanda kinonun inkişafı üçün hansı addımlar atılmalıdır? Bunlar müzakirə edilməlidir. Çox təəssüf ki, bizdə işlərin bir hissəsi görülüb, komanda olmayıb.  Ortaya suallar qoyulsa da, həlli yolları olmayıb. İndi ideoloji komanda mütləq olmalıdır. 

Elvin Elxan

Foto-Video: Nuran Məmmədov