Ötənilki arzu
Hələ keçən il Novruzda Şimali Kiprdə olanda bir çox tanışımın Şri-Lankaya getməyi diqqətimi çəkmişdi. Onda qərara gəldim ki, gələn Novruzu orada keçirəcəyəm. Adətən azərbaycanlılar bu ölkəyə getmək üçün müxtəlif turlara, qruplara qoşulub səfər edirlər. Lakin harasa 15-20 nəfərlə birlikdə səfər etməyi sevmədiyimdən mənim kimi səyahəti sevən bir dostumla getmək istədim. Qrupla gəzintiləri sevməmə səbəbim isə konkret hərəkət cədvəli, hər hansı lokasiyada foto-video çəkdirməyə vaxt məhdudiyyəti, hərənin bir xasiyyətə malik olmasıdır. Düşünürəm ki, əgər istirahətə gedirəmsə, hər şey ürəyimcə olmalıdır. Ona görə də hər şeyi ikinəfərlik planladıq. Səfərimiz 7 günlük idi (20-26 mart).
Hər səfərdə olduğu kimi, bu il də hazırlıqlara 2 ay öncə bilet almaqla başladım. Azərbaycandan Şri-Lankaya gedənlərin sayı çox olsa da, ölkələr arasında birbaşa uçuşlar yoxdur. Ada ölkəyə Dubay, Şarja, Doha şəhərləri vasitəsilə getmək olar. Şri-Lankaya uçmuşkən daha bir arzumu həyata keçirmək qərarına gəldim və biletləri dünyanın ən yaxşı aviaşirkətlərindən biri olan “Qatar Airways”dən aldım. Bir nəfər üçün gediş-gəliş 1343 AZN-ə başa gəldi (baqaj, qidalanma daxil).
Ada böyük olduğundan bəlli bir marşrut çizdim. Hansı gün hara gedəcəyimi detallı planladım. Daha sonra hotel və transferi seçdik.
Hind okeanı sahilində yerləşən hotelimizin mənzərəsi
Hotellərə gəlincə isə 2 nəfər üçün 7 gecə 595 AZN-ə başa gəldi. Adanı qarış-qarış gəzəcəyimizdən ümumilikdə 4 müxtəlif hotel tutmuşduq. 3 və 4 ulduzlu hotellərdəki qiymətə səhər yeməyi daxil idi. Göründüyü kimi, qiymətlər yetərincə uyğundur.
Şri-Lanka vizası
Bunun üçün eta.gov.lk saytına daxil olub elektron müraciət formasını (ETA) doldurub göndərmək lazımdır. Rüsum 52$-dır (89 AZN). Cavab 24 saat ərzində gəlir. Mənə isə cəmi 10 dəqiqəyə gəldi. Bu sənəd sizə adaya 6 ay ərzində 2 dəfə giriş etmək və 30 gün qalmaq icazəsi verir. Bunu əvvəlcədən onlayn etməsəniz, aeroportda böyük növbə gözləyib 60$ ödəməli olacaqsınız.
Uçuş gününüzə 1 həftə qalmış isə eservices.immigration.gov.lk saytından “Arrival Card” almalısınız. Ödənişsizdir. Lakin “Arrival Card”ı almaq üçün uçuş biletiniz artıq hazır olmalıdır. Belə ki, məcburi xanalarda reysin nömrəsi, aviaşirkətin adı və s. kimi məlumatları daxil etməli olacaqsınız.
Hər iki sənədi çap edib özünüzlə aeroporta aparmağı məsləhət görürəm.
Şri-Lankaya nə vaxt gedək?
Şri-Lankada mövsüm ilboyu davam edir, lakin adanın fərqli hissələrində. Oktyabrdan aprelədək cənub-qərb hissəsi istirahət üçün daha uyğundur, maydan sentyabradək isə hava adanın şimal-şərq hissəsində yaxşı olur. Digər vaxtlarda adanın fərqli hissələrində sərindir və tropik leysan yağır. Mövsümdə havanın hərarəti 32, suyunku isə 29 dərəcəyə çatır.
Hadisəsiz səyahət olmur
Nəhayət uçuş günü gəldi. İşdən çıxıb birbaşa aeroportda getdim. Əvvəlcə Bakıdan Dohaya uçduq. Əslində tranzitə 1 saat 20 dəqiqə vaxtımız var idi. Təyyarə Bakıdan havaya gec qalxdığından vaxtımız çox azaldı. Dohanın ucu-bucağı görünməyən Həməd Beynəlxalq Aeroportunda qaçhaqovla özümüzü Kolomboya (Şri-Lankadakı aeroportlardan biri bu şəhərdə yerləşir-müəllif) uçan təyyarəyə çatdırdıq. Addımbaşı duran aeroport əməkdaşları sağ olsun, hər kəsi operativ yönləndirirlər. “Gate”də duran xanım əməkdaş kinayə ilə “gəldiyinizə görə çox sağ olun” dedi. Məncə, “duty free”də çox vaxt keçirib reysi unutduğumuzu düşünürdü. Təyyarədə əyləşib bizi və digər gecikənləri gözləyən sərnişinlərin narazı simasını hələ də unutmamışam. Nəhayət Şri-Lanka saatı ilə 09:00-da gəlib çıxdıq Kolomboya - Bandaranaike Beynəlxalq Hava Limanına. 1 saata yaxın baqajımızı gözləsək də, gəlib çıxmadı. Bir qədər sonra məlum oldu ki, biz reysə yetişsək də, 10-a yaxın sərnişinin baqajını Dohadan Kolomboya uçan təyyarəyə yükləməyi çatdırmayıblar. Bu səbəbdən 1 gün baqajsız qaldıq. Bakıdan nisbətən isti geyimdə çıxmışdıq, burada isə temperatur 30 dərəcədən yüksək idi. Ona görə də transferlə ilk gedəcəyimiz yerdən əvvəl yaxınlıqdakı mağazalardan birinə girdik, özümüzə şort və qısaqol köynək aldıq.
Məsləhət: Əgər ilk gün baqajınız sizin üçün çox vacibdirsə, ən azı 2 saatlıq tranzitlə bilet alın ki, gecikmə də olsa, baqajınızı yükləməyi çatdırsınlar.
Nəqliyyat
Daha öncə yazdığım kimi, təyyarə Kolomboya eniş edir. Kolombo adanın qərb sahilində yerləşən qeyri-rəsmi paytaxtdır. Buradan qatar, avtobus və ya taksiyə minərək səyahətə başlaya bilərsiniz.
Adada dəmir yolu şəbəkəsi inkişaf edib – demək olar, istənilən yerə qatarla getmək olar. Bu nəqliyyat vasitəsi Asiya həyatının koloritini hiss etmək və qənaət etmək istəyənlərə uyğun olacaq. Biletləri birinci, ikinci və üçüncü siniflərə satırlar, lakin turistlər üçün ən təhlükəsizi üçüncüdür. Qatarınız 30-60 dəqiqə geciksə, şanslı birisiniz və gedəcəyiniz yerə demək olar, vaxtında çatacaqsınız. Əksər hallarda qatarlar saatlarla gecikir və ya gəlmir. Turislərin çoxu bu qatara maraq üçün minir. Mən də onlardan biri oldum. Qeyd edim ki, əgər qatarda gözəl şəkil istəyirsinizə, ikinci sinfə almalısınız. Komfortunuz bir az pozulsa da, istədiyiniz şəkilləri çəkə biləcəksiz.
Avtobuslar – ucuz və geniş yayılmış nəqliyyat növüdür. Şəhərlərarası avtobuslarda gedişhaqqı 100-200 rupi (0,57 – 1,13 AZN) arasıdır. Onlar cədvəllə hərəkət edir, marşrut və saatı barədə yerli sakinlərdən məlumat ala bilərsiniz. Əhalinin çoxu ingilis dilini bilir. Lakin bu avtobusları “crazy bus” adlandırırlar – sürücülər 80 km/saatda sürür, yüksək səslə siqnallayır, təhlükəli manevrlər edir. Salonları da qeyri-adi bəzədilib: süni güllər, Budda və digər ilahələrin şəkilləri ilə.
Taksi – adada ən bahalı nəqliyyat növüdür, amma onun vasitəsilə vaxta qənaət edə bilərsiniz. Bu variant daha çox böyük və ağır baqajı, balaca uşaqları, az vaxtı olanlar üçün uyğundur. Taksini “Pick.me” mobil tətbiqi vasitəsilə çağıra bilərsiniz.
Tuk-tuk – Şri-Lankada ən çox yayılmış və əlçatan nəqliyyat növüdür. Üçkətərlidir, qapı və pəncərələri yoxdur. Ön oturacaqda sürücü oturur, arxa oturacaqlarda isə 2 və ya 3 nəfər yerləşə bilər. Tuk-tuku da “Pick.me” mobil tətbiqi vasitəsilə çağıra, həmçinin yol kənarında əl edib saxlaya bilərsiniz. Lakin mobil tətbiqdən çağıranda daha ucuz olur, yol kənarında saxlayanda isə nisbətən baha.
Moped və ya motosikl - əgər A kateqoriyalı beynəlxalq sürücülük vəsiqəsiniz varsa, kirayələyə bilərsiniz. Adada hərəkət çox aktivdir. Ona görə məsləhət görürəm ki, sürücülük bacarığınıza tam əmin olduqda sükan arxasına əyləşin. 1 sutkalıq kirayəsi 2000 rupidir (12 AZN).
Avtomobil kirayəsi – adanı öz tempinizdə kəşf etmək üçün rahat üsuldur. Avtomobili qaldığınız hotel və ya evin sahibindən, həmçinin öncədən onlayn kirayələyə bilərsiniz.
Unutmayın ki, aeroportda taksi sürücüləri çox zəhlətökəndir və həmişə aldatmağa hazırdırlar. Çəkinmədən qiyməti salın - deyin ki, Şri-Lankaya ilk səfəriniz deyil və bilirsiz ki, gedişhaqqı 2 dəfə ucuzdur.
Biz isə ağır baqajlarımız olduğundan, həm də vaxta qənaət və təhlükəsizlik üçün transfer sifariş vermişdik. 2 nəfərlik transfer 816 AZN-ə başa gəldi. Belə ki, sürücü bizi bütün gedəcəyimiz yerlərə aparıb gətirdi. Şri-Lankalı olduğundan bizə müxtəlif məsləhətlər verir, anidən yaranan məsələləri həll etməyə kömək edirdi.
Şri-Lankada valyuta
Alış-veriş Şri-Lanka rupiləri ilə, bəzən isə dollarla edilir. Dollara qalıq pul rupi ilə verilir. Ölkəyə səfər etməzdən öncə Azərbaycanda manatı dollar və ya avroya çevirin, sonra Kolombo aeroportunda onları rupi ilə əvəzləyin. Həmçinin Visa və Mastercard vasitəsilə ödənişlər edə bilərsiniz. Lakin pos-terminallar hər yerdə yoxdur. Mağazalarda rupilərlə yazılmış qiymətləri kalkulyatorsuz belə hesablaya bilərsiniz: 500 rupi (3 AZN), 1000 rupi (6 AZN). Məsələn, nəyinsə qiyməti 2500 rupidirsə, demək təxmini 15 AZN edir.
Qeyd: Şri-Lanka rupisi ilə Hindistan rupisini səhv salmayın. Əks halda, düzgün konvertasiya etməyib pis vəziyyətdə qala bilərsiniz.
İnternet
Azərbaycanla müqayisədə internet paketləri çox-çox sərfəlidir. 7 günlük limitsiz internet və 200 dəq. üçün cəmi 8 dollar (13,60 AZN) verdim.
Şri-Lankada nə yeyək?
Mənə ən çox verilən suallardan biri bu oldu: Şri-Lankada nə yeyib içdin? Qeyd edim ki, yerli mətbəx çox fərqlidir – çox acılı, qızardılmış və o qədər də sağlam deyil. Lakin bu, çox sayda təzə dəniz məhsulları və meyvələrlə kompensasiya edilir. Burada saysız-hesabsız meyvələr və onların şirələri ilə tanış ola bilərsiniz. Onların arasında papaya, manqustin, kokos, durian, quava, manqo və s. var. Hətta buradakı ananas da Bakıdakından çox fərqlidir.
İki müxtəlif hoteldə səhər yeməyi
Səhər yeməklərini qaldığımız hotellərdə yeyirdik. Təxmini menyu: meyvə şirəsi, kofe (dadsızdır, özləri də etiraf edir), 2-3 fərqli meyvə, omlet, sendviç, roti, cem, yağ, keks, peçenye və s.
Günorta yeməkləri üçün isə sürücümüz bizi müxtəlifsəviyyəli hotellərdə olan restoranlara aparırdı. Restoranlarda açıq bufet olması ürəyimizcə oldu: burada yeməkləri dadıb sonra götürmək olar. Həm öyrəşdiyimiz Avropa mətbəxi, həm də yerli mətbəx təqdim olunurdu. 1 nəfər üçün qiymət: 15-20 AZN arasıdır.
İstənilən yerdə yerli mətbəxdən nəsə sifariş edəndə isə mütləq demək lazımdır ki, acılı olmasın. Amma əgər acılı sevirsinizsə, Şri-Lanka məxbəxi sizə uyğun olacaq.
Günorta yeməyində açıq bufet
Gəzməli-görməli yerləri
Ada böyük olduğundan gəzməli-görməli yerləri bir-birindən aralıda yerləşir. Ona görə də aeroportdan aeroporta üsulundan istifadə etdik. Şri-Lankaya səfər planlayərkən filləri və meymunları canlı görmək istəyirdim. Elə aeroportdan çıxar-çıxmaz ilk edəcəyim fillərin saxlanıldığı yerə getmək oldu. 20$ (34 AZN) ödəniş müqabilində filin üstündə gəzə, onları çimizdirə və şəkil çəkdirə bilərsiniz.
Növbəti gün Dambulla şəhərinə getdik. Burada UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Sigiriya dağı yerləşir. Qaya dəniz səviyyəsindən 370 metr hündürlükdədir. Qədim dövrlərdən ətrafında su ilə dolu xəndəklər olan bu qalaya bağlar və hovuzlarla əhatə olunan yoldan keçərək çatmaq olur. Qayaya dırmanmaq üçün isə asma körpü və təxminən 1200 pilləli pilləkəndən çıxmaq lazımdır. 477-ci ildə kral Kasyapa tərəfindən tikdirilən Sigiriya qalası daha sonra buddist rahiblər tərəfindən istifadə edilib. Digər adı Aslan qalası olan Singiriya qalası adını girişində yerləşən aslan pəncələrindən alır.
Böyüklər üçün giriş 36$ (62 AZN), 6-12 yaşlı uşaqlar üçün isə 18$-dır (31 AZN). Yolboyu meymunlar sizi izləyir. Onlar üçün banan, özünüz üçün isə su və yüngül yemək, həmçinin günəşdən qorunmaq üçün SPF 50 kremi və baş örtüyü götürün.
Əgər Sigiriyaya kənardan baxmaq istəsəniz, əks istiqamətdə yerləşən Pidurangala dağına qalxın. Bura axşam gəlsəniz, çox gözəl gün batımını izləyə bilərsiniz. 2524 metr yüksəkliyində olan Pidurangala dağı ölkənin ən yüksək nöqtəsidir.
Dambulla Cave Temple
Qayanın içində yerləşən buddist mağara məbədi e.ə. I əsrə aiddir. Burada çox sayda budda var. Yatmış Buddanın daş məbədi isə Cənubi Asiyada ən böyük mağara məbədi hesab olunur. Məbəd artıq 22 əsrdir müqəddəs ziyarət yeridir. Bura da UNESCO tərəfindən qorunur. İçəri daxil olmaq üçün saronqdan istifadə etməlisiniz. Belə ki, Buddanın yanına qısa şort və ya yubkada, eləcə də baş örtüyü ilə girmək olmaz. Saronqları həm icarəyə götürə, həm də ala bilərsiniz. Həmçinin ziyarət zamanı buddaya arxanızı çevirməməlisiniz.
Giriş: 2000 rupi (12 AZN).
İş vaxtı: 07:00 - 19:00.
Muthumariamman Temple
Necə ki Vyanada dəqiqələrlə “Votivkirche”ə baxırdımsa, burada da eyni vəziyyət oldu. Necə gözəl məbəddir! Bu, Şri-Lankada kəşfim oldu, çünki adaya gəlib-getmiş yerli bloqerlərin heç birinin buranı ziyarət etdiyini görməmişdim. Məbəd leysan və məhsuldarlıq ilahəsi Mariammana həsr olunub. “Muthu” şəkilçisi tərcümədə mirvari deməkdir. İndiki məbəd 1874-cü ildə inşa edilib. Hindu ilahələrinin 1008 ədəd heykəli cənubi hindistanlı heykəltəraş Naqalinqam və oğlu Ramanatan tərəfindən Şri-Lanka və Tamilnaddan olan 100 dizayner, rəssam və memarın iştirakı ilə yaradılıb. İşlər 2007-ci ildə yekunlaşıb və təxmini 150 milyon rupiyə (849 182 AZN) başa gəlib. Əsas dini bayramlar fevral və mart aylarında keçirilir. Burada, həmçinin toy mərasimləri olur. Məbəd Matale şəhərində yerləşir.
Giriş: 500 rupi (3 AZN).
İş vaxtı: 04:30 - 20:00.
Royal Botanical Gardens
Kral Botanika Bağlarının əsası 1821-ci ildə qoyulub. Ərazisi 61,25 hektardır, dəniz səviyyəsindən 1150 fut hündürlükdə yerləşir. Hazırda bağlarda 4000-dən çox bitki növü bitir. Bura hər il 1,2 milyon insan gəlir. Ağaclar turistləri heyran edir. Ən çox ziyarət olunanlardan biri palma bağıdır. Burada 200-dən çox növdə palma ağacı bitir. Digər heyrətləndirici görüntü isə çiçəkləyən ağaclardır.
Giriş: böyüklər üçün 3000 rupi (17 AZN), tələbələr üçün 2000 rupi (12 AZN), 5-12 yaşlı uşaqlar üçün 1500 rupidir (9 AZN).
İş vaxtı: İlin 365 günü 07.30-18:00 arası. Kassa 17:00-dək açıqdır.
Ambuluwawa qülləsi
3567 metrlik dağda yerləşən və özündə dörd dini (buddizm, xristianlıq, islam, hinduizm) birləşdirən kompleksdir. Spiralvari qüllənin hündürlüyü 48 metrdir. Buradan şəhərə əsrarəngiz mənzərə açılır. Pilləkənları qalxdıqca onlar daha da kiçilir. Artıqçəkili insanların buradan keçə bilməyəcəyini düşünürəm. Qülləyə qalxmaq üçün sübh tezdən gəlməyi məsləhət görürəm. Həm günəş şəkil çəkdirməyə çox mane olmur, həm də ziyarətçi az olur. Qüllə ilə yanaşı şəkil çəkdirmək istəsəniz, üzbəüzdəki kiçik qülləyə qalxa bilərsiniz.
Dağa tuk-tukla qalxıb-düşmək 1500 rupidir (9 AZN).
Giriş: 2000 rupi (12 AZN).
İş vaxtı: 08:30-17:00.
Əsl Seylon çayı
Şri-Lankaya gəlib çayın dadına baxmamaq olmazdı. Bunun üçün “Damro Tea” çay fabrikinə gəldim. Buradakı çaylar yalnız ixrac üçün istehsal olunur. Həm çay içdim, həm də plantasiyada çay yığdım. Çayın dadına isə söz ola bilməz. Çay sevən olmasam da, bunu çox bəyəndim. Buradan alış-veriş etmədən də gedə bilməzdim. Fotodakı zənbilin içindəki çaylara 100 manata yaxın pul xərclədim.
Bunları ilk dəfə etdim
Yolumuza davam edirdik ki, göldə hidrosiklların olduğunu gördüm. Sürücüdən ora sürməyini xahiş etdim. Və burada həyatımda ilk dəfə hidrosikla mindim. Düzdür, ilk dəfə olduğu üçün təlimçi idarə edirdi, amma bununla belə suyun üzərində sürətlə hərəkət etməyimiz çox gözəl hisslər yaşatdı. Bəzən sağ və sola əyilmə manevrlərində az da olsa, həyəcanlasam da, sonra bu da keçdi. Artıq tam zövq alırdım. Yaxşı ki mindim! 10 dəqiqəlik gəzinti 8000 rupi (46 AZN).
Şri-Lankada mənə qəribə bir cəsarət hissi gəlmişdi. Bunun ardından ziplayna yollandım. 30-35 dəqiqə götür-qoy etsəm də, nəticədə razılaşdım. Ayağımın yerdən kəsildiyi ilk saniyələrdə qışqırsam da, sonradan hər şeyin çox rahat olduğunu anladım və saniyələrdən zövq almağa başladım. Üstəlik hamısını GoPro ilə lentə almaq imkanım oldu. İnanılmaz idi. 1 dəqiqəlik ziplayn + GoPro kirayəsinin qiyməti: 72 AZN.
Nine Arch Bridge
9 tağlı körpü sement və daşdan tikilib. Ella və Demodara dəmir yolu stansiyaları arasında yerləşir. Körpü Şri-Lankanın Britaniya koloniyası olduğu dövrdə tikilib və 1921-ci ildə istifadəyə verilib. Körpü, həmçinin “Doqquz səma” adlandırılır. Belə ki, əgər körpüyə aşağıdan baxsanız, doqquz tağdan doqquz səma görmüş olursuz. Körpünün hündürlüyü 30 metrdən çoxdur.
Qatara bilet alıb onun üzərindən keçə, həm də ödənişsiz kənardan baxa bilərsiniz. Bura gəlib çıxmaq üçün əvvəlcə bir kənddən, sonra meşədən keçməlisiz. Qatarlar gündə bir neçə dəfə keçir və bunu görmək üçün yetərincə turist toplaşır. Növbəti qatar 1 saatdan sonra olacaqdı deyə onu gözləmədik. Qayıdanda isə leysana düşdük. Şri-Lanka üçün bu, adi haldır.
Dəniz / Çimərlik
Çimərlik üçün bir neçə şəhər seçimi var: Mirissa, Unavatuna, Hikkaduva. Bizim seçimimiz Mirissa oldu. Buna səbəb yaxınlıqda məşhur Coconut Tree Hill-in olması idi ki, turistlərin çoxu bura gün batımını izləməyə gəlir. Üstəlik, Mirissa dənizinin digərləri ilə müqayisədə daha sakit olduğu bildirilir. Bundan başqa, yaxınlıqdakı ərazidə tısbağaları görə bilərsiniz. Qaldığımız hotelin eyvanı da, qapısı da düz Hind okeanına açılırdı. Otaqda okean dalğalarının sədaları altında yuxuya getmək…
Buraya gələr-gəlməz qiymət fərqini hiss etməyə başladıq. Bütün ölkələrdə olduğu kimi Şri-Lankada da dənizkənarı obyektlərdə yeyib-içməyin qiyməti daha yüksəkdir. Məsələn, digər şəhərlərdə 500-600 rupiyə (3-4 AZN) olan meyvə şirəsi burada azı 1000 rupidən (6 AZN) başlayır, məkanına görə 1500-dək (9 AZN) dəyişir.
Qalle şəhəri
Liman şəhəri Qalle vaxtilə böyük ticarət mərkəzi olub – burada fars, yunan, roma, ərəb və hind tacirlər alış-veriş edirdilər. Portuqalların gəlişinədək (1505-ci il) şəhər Himhatiffa adlandırılırdı. 1640-cı ildə portuqalları hollandiyalılar əvəzlədi. Onlar 1663-cü ildə əsas qalanı tikiblər. Qala UNESCO-nin Ümumdünya İrs Siyahısındadır. Asiyanın indiyədək qorunub-saxlanmış ən böyük qalasıdır. 1796-cı ildə isə şəhəri britaniyalılar işğal edib. Britaniya rəhbərliyi altında Qallenin liman şəhəri olaraq əhəmiyyəti azalıb, çünki yeni sahiblər Kolombo limanını inkişaf etdirməyə üstünlük veriblər. Şəhərə 2004-cü ildəki sunamidə ciddi ziyan dəyib, minlərlə insan həyatını itirib. Lakin indi şəhər, demək olar, tam bərpa olunub, adanın ən çox ziyarət olunan şəhərlərindən birinə çevrilib.
Qalle qalasından başqa, Müqəddəs Mariya katedralı, çoxsaylı hindu və buddist məbədləri şəhərin görməli yerlərindəndir.
Axşam yenidən Mirissaya qayıtdıq və tropik leysan yağdı. Getmək vaxtıdır. Şri-Lanka bizi yağışla yola salır. Bura yenidən qayıtmaq istədiyim yerlərdən birinə çevrildi. Görüşmək ümidi ilə...
Hüseyn Məmmədsalahov