“100 min insanın çıxmadığı aksiyanın heç bir effekti yoxdur”

100-min-insanin-cixmadigi-aksiyanin-hec-bir-effekti-yoxdur
Oxunma sayı: 3356

Milli Məclisin deputatı Zahid Oruc bu gün Milli Şura və Müsavatın “Məhsul” stadionunda keçirəcəyi mitinqə münasibətini bildirib.

“Qafqazinfo”ya açıqlamasında deputat qeyd edib ki,  yüz minə qədər insanın çıxıb fiziki olaraq siyasi qüvvə halında etiraz səsini söyləmədiyi aksiyanın heç bir effekti yoxdur: 

“Mitinq təcrübəsi yalnız 1990-cı illər təcrübəsi əsasında formalaşıb. Onlar ən azı nəzərə ala bilmirlər ki, həmin dövrdə çap mətbuatının sayı, informasiya vasitələrinin məhdudluğu, cəmiyyətin bir-biri ilə düşüncələrinin bölüşməsinin yalnız meydan variantının keçərliliyi, hakimiyyətə təsirin ancaq ictimai təzyiq vasitəsi ilə aparılmasının effektlivliyi üzərində qurulmuşdu. Sonrakı dövrdə bütün sosialist məkanı ölkələrinin hamısında mitinqə toplananların sayı enən xətt üzrə getməkdədir. Azərbaycanda isə biz onu görürük ki, bu aksiyalar, məsələn “Matadrom”da, “20-ci sahə”də, yaxud “Məhsul” stadionunda olmağından asılı olmayaraq, hətta “Azadlıq” meydanına çıxması belə cəmiyyət həyatında nəyisə dəyişmir. 

Bir küçədə olan tədbir digərinə ötürülmür, dalğa effekti vermir, hakimiyyəti yönləndirən qüvvənin qərarlarına, fəaliyyətinə təsir göstərmir. Vətəndaş obrazlı söyləsək, müxalif qüvvələrin aksiyasında, “20-ci sahə” olsa belə, görür ki, onun taleyi başqa bir müstəvidə, başqa meydanlarda müəyyənləşir. Yəni, bu elə “20-ci sahə”dir, 20-ci dərəcəlidir. Həmin müxalif qüvvələrin fəaliyyəti  ancaq klaviatura qəhrəmanlığından ibarətdir. Onlar ölkədə nəyəsə məsuliyyət daşımırlar, yalnız bəyanat istehsal edirlər. İxtisaslaşmış mitinqçiləri, oranın daimi sakininə çevrilən şəxslər də sosial şəbəkələrdə eşitdiklərini gəlib əyani meydanda görürlər. Komanda nümayiş olunurmu? Xeyr. Ölkənin həyatına təsir baxımından çox unikal proqramlar, planlar gerçəkləşirmi? O da yox. 

Azərbaycan cəmiyyəti görür ki, Qarabağ məsələsindən tutmuş, sosial həyata qədər burada söylənən şüarlar, hətta hansısa məsələdə haqlı olmuş olsalar belə, vətəndaşın qayğısından, sosial problemindən, yanğısından öz maraqları üçün, siyasi hakimiyyət uğrunda mübarizəsinə görə aparılan bir fəaliyyətdir. Məqsəd insanların dərdini sümürməkdir. Vətəndaş həmin tədbirlər vasitəsi ilə gələcək həyatının dəyişəcəyini, yaxşıdırsa daha da yaxşı olacağını düşünmür, inanmır. Müxalif qüvvələr Azərbaycan cəmiyyətini öz arxalarıyla apara bilməzlər. Hətta narazı qüvvələri də ətraflarına yığa bilməzlər. Yüz minə qədər insanın çıxıb fiziki olaraq siyasi qüvvə halında etiraz səsini söyləmədiyi aksiyanın heç bir effekti yoxdur. Bu sayı isə dediyiniz qüvvələr əldə edə bilməz. O qüvvə ki, özləri azı 5 yerə parçalanıblar. 

Adam deyər ki, bir mitinqdə birləşirsinizsə, bu məgər komandadır? Onlar hakimiyyətə gəlsələr guya bir yerdə qalacaqlar? Xeyr. Dəfələr insanlar görüblər ki, onların seçki dövründə qurduqları hansısa koalisiyalar, titullu binalarda verdikləri bəyanatlar bir gecənin içində dağılıb gedib. Ən problemli adam da bilir ki, dəyişiklilər, yeniliklər bu ölkənin birinci şəxsi tərəfindən reallaşacaq”. 

Millət vəkili “ReAl” hərəkatının birgə mitinqə qatılmama qərarına da münasibətini bildirib:

“İlk dəfədir ki, onlar öz adlarını doğrultdular. Realist bir yanaşmadır. Anlayıblar ki, bu aksiyanın yekununda, 3-4 minlik tərkibi hakimiyyət çox uğurlu bir şəkildə təqdim edəcək ki, baxın, seçkinin keçirilməsinə etiraz edən bu qədər sayda insandır. Bu isə ümumi seçicinin 0,5 faizini təşkil edir. Beləliklə, həmin o mənfi nəticəni “ReAl” da bölüşmüş olacaqdı. Ona görə onlar bu hesablamaları düzgün apardılar. Məsuliyyəti çiyinlərinə almaq istəmədilər. Bu səbəbdən də kəskin tənqidlərə məruz qaldılar. Sizi inandırıram ki, bir neçə nəfərin virtual məkanda birləşməsindən ibarət olan “Real”istlər həmin tədbirə qatılsaydılar da, bu, müxalif birlik kimi təqdim olunmayacaqdı. Çünki cəmiyyət çox yaxşı şahiddir ki, dəfələrlə onların ən adi məsələyə baxışda çox kəskin toqquşmaları yaranıb. 

Beləliklə, hər kəsin ixtiyarı var düşünsün ki, onlar hələ adi siyasi mövzuda didişirlər, sabah dövlət məsələləri, regional problemlərə münasibətdə bunlar nə edəcəklər?  Biri İranı sevmir, o bir əksinə. Təbii ki, bunlar hər hansı şəraitdə hakimiyyətə çevrilsəydilər bir-birilərini qırardılar”.