ABŞ administrasiyasının uzun müddət əvvəl sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesi davam edən təxminən 200 min əcnəbinin B1 və B2 vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” (AP) əldə etdiyi ABŞ Dövlət Departamentinin sənədlərinə və məsələ ilə tanış iki rəsmiyə istinadən məlumat yayıb.
Bildirilir ki, söhbət 2016-2026-cı illər arasında sığınacaq üçün müraciət edən viza sahiblərindən gedir.
Məlumata görə, vizaların ləğvi həmin şəxslərin dərhal deportasiya ediləcəyi anlamına gəlmir. Hazırda sığınacaq müraciətlərinin nəticəsini gözləyən şəxslərin əksəriyyətinin statusunun yenidən nəzərdən keçiriləcəyi, lakin onların iş və ya turizm məqsədilə ABŞ-yə səfər etmək hüququnu itirəcəyi bildirilir.
AP-nin məlumatına görə, son 18 ay ərzində ABŞ Dövlət Departamenti müxtəlif cinayətlərdə, o cümlədən sərxoş vəziyyətdə avtomobil idarə etmək, təcavüz və soyğunçuluqda ittiham olunan və ya məhkum edilən təxminən 175 min şəxsin vizasını ləğv edib.
ABŞ siyasətinə, xüsusilə Yaxın Şərqlə bağlı mövqeyə açıq şəkildə qarşı çıxan bəzi şəxslərin vizalarının da ləğv edildiyi bildirilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot AP-yə açıqlamasında ləğv ediləcək vizaların dəqiq sayını açıqlamayıb.
Piqot bildirib ki, Dövlət Departamenti ABŞ Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə ABŞ-yə qısamüddətli səfər məqsədilə daxil olan, lakin sonradan ölkədə daimi qalmaq üçün sığınacaq müraciəti edən şəxslərin qeyri-immiqrant vizalarını müəyyənləşdirir və ləğv edir.
Onun sözlərinə görə, proses davam etdikcə ləğv edilən vizaların sayı dəyişə bilər və tədbirlər mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ-də B1 vizası, əsasən, işgüzar səfərlər, B2 vizası isə turizm, ailə ziyarətləri və tibbi məqsədlər üçün verilir.
AP-nin əldə etdiyi sənədlərə görə, Dövlət Departamenti ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərindən sığınacaq müraciətləri ilə bağlı məlumat aldıqdan sonra B1 və B2 vizası sahiblərini nəzərdən keçirməyə başlayıb.
Son xəbərlər
Son Xəbərlər