52 yaşlı azərbaycanlı Rusiyada qadınları necə aldadıb?

52 yaşlı azərbaycanlı Rusiyada qadınları necə aldadıb?
Oxunma sayı: 3119

Nadir Abdulov adlı 52 yaşlı azərbaycanlı bir şəxsin Rusiyanın paytaxtı Moskvada və Moskva vilayətində qadınlara qarşı dələduzluq etdiyi iddia olunur.

“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, Abdulovun 5 il ərzində 10 qadına qarşı dələduzluq etdiyi bildirilir.

Məlumata görə, Nadir Abdulov sözügedən qadınlarla internet vasitəsilə tanış olub və daha sonra hər biri ilə eyni ssenari üzrə hərəkət edib.

Belə ki, həmin şəxs qadınları bir dəfə restorana dəvət edib və çox sayda romantik vədlər verib. Bildirilir ki, Abdulov qadınlarla tanış olduqdan dərhal sonra onlara evlilik təklif edib. Beləliklə, o, 5 il ərzində 10 qadınla ailə həyatı qurub.

Həmin qadınlar isə sözügedən vədlər qarşılığında öz mülklərini, avtomobillərini sataraq vəsaitləri Abdulova verib, hətta onun üçün bankdan kredit də götürüblər.

İddialara görə, Nadir Abdulov həmin vəsaitlər hesabına Moskvanın müxtəlif hissələrində bir kottec və bir qəlyan mərkəzi açıb. Bununla yanaşı, Abdulovun qadınlardan əldə etdiyi pullarla özünə və oğluna avtomobil aldığı da qeyd olunur.

Polis hazırda Abdulovun işi ilə maraqlanır. O isə barəsindəki ittihamları rədd edib və sahib olduqlarını öz zəhməti ilə qazandığını bildirib.