6 aylıq karantindən sonra dərsə gedən Aylin - Video

6-ayliq-karantinden-sonra-derse-geden-aylin
Oxunma sayı: 4562

Sentyabrın 15-dən Azərbaycanda 1,5 milyondan çox məktəbli üçün yeni tədris ili başlanır. Təxminən 6 ay davam edən fasilədən sonra ibtidai sinif şagirdləri məktəbə dönəcəklər. Amma koronavirus builki “Bilik Günü”nü digərlərindən fərqləndirir. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, orta məktəblərdə həftədə 2 və 3 gün olmaqla ənənəvi, qalan günlər onlayn tədris nəzərdə tutulub. Ənənəvi təhsil qismən bərpa olunsa da, məktəblilər hələ bir müddət xüsusi şərtlər altında tədrisə davam etmək məcburiyyətindədirlər. 

“Qafqazinfo” uzun fasilədən sonra məktəbə hazırlaşan şagirdlərdən biri - bu il 189-190 saylı tam orta məktəbin 3-cü sinfinə gedən Aylin Məmmədli ilə həmsöhbət olub.

Adətən məktəblilər, xüsusən də, ibtidai sinif şagirdləri üçün məktəb həm də əyləncədir. Dərslərarası fasiləni dərsin özündən çox sevən uşaqların çoxu virusun gətirdiyi sıxıntılardan xəbərsiz evdə qalmalarına seviniblər. Hətta uşaqlar arasında evdə qaldıqları karantin müddətinə “koronavirus bayramı” deyənlər də tapılırdı. Amma sən demə, həmsöhbətimiz məktəbi özünün dili ilə desək səbirsizliklə, həyəcanla gözləyib. 

“Məktəb bağlananda sevinmədim. Çünki bilirdim ki, müəllim üçün, dostlarım üçün, sinfimiz üçün çox darıxacağam. Amma onlayn dərslər keçirdik, planşetlə dərslərə qoşulurdum. Müəllimin bütün tapşırdıqlarını edirdim”, – Aylin həvəslə danışır.

O, tətildə oynayıb da, əylənib də, dincəlib də. Üstəlik, dərslərindən əlavə bədii kitablar da oxuyub. Amma həyəcandan oxuduğu kitabların adlarını xatırlaya bilmir.  Aylinin sözlərinə görə, sinif yoldaşları üçün darıxsa da, bu müddət ərzində onlarla əlaqəni kəsməyib, telefonla görüntülü danışıb. 

Balaca həmsöhbətim onlayn dərsdənsə, ənənəvi dərslərə üstünlük verir. O, evdə qalıb dərslərə onlayn qatılmaq istəmir, məktəbə getməkdə israrlıdır: “Həmişəki kimi, məktəbdə dərs keçmək daha yaxşıdır, daha asandır. Çünki onda dərsi daha yaxşı başa düşürük. Müəllimlə daha yaxşı danışa bilirik. Hərdən internet olmayanda virtual dərslərə qoşula bilmirik. Onsuz da koronavirus olmasa da, biz əllərimizi spirtləyirik də... İstəyirəm ki, məktəb həmişə əvvəlki qaydada olsun, maska taxmayaq. Səbirsizliklə məktəbin açılmasını gözləyirəm. Kitablarımı səliqə ilə yığıb məktəbə getmək istəyirəm”. 

Nə qədər ağır dövr olsa da, pandemiyaya bir sınaq da deyə bilərik. Həm də məktəblilərin həyat tərzinə yansıyacaq dərəcədə böyük sınaq... Məsələn, bəlkə də bu dövr olmasaydı Aylinin gələcəklə bağlı arzuları başqa cür olacaqdı. İndi isə o, həkim olmaq istəyir: “Çünki həkim insanları sağaldır. Koronavirusdan qoruyur. 

...Tənbəl uşaqlara demək istəyirəm ki, məktəb açılmasa, dərslərimizi oxumasaq böyüyəndə savadsız olarıq, ac qalarıq”. 

Aylinin anası Dilbər Məmmədova da övladı kimi bu mərhələni çətinliklə keçdiyini deyir: “Bu altı ay çox çətin oldu, onlayn dərslərə öyrəşməmişdik. Amma qızım evdə dərslərə qoşulurdu, dərsdən sonra da iki saat tapşırıqlarını edirdi. O, özü dərs etməyə həvəslidir, bütün dərslərini sevə-sevə hazırlayır. Çətin də olsa, buna öyrəşdik. Hər bir valideyn istəyər ki, uşağı məktəbə getsin. Bundan sonra dərslər həftədə iki dəfə olacaq. Maskadan, spirtdən istifadə edəcək. Ona görə də, çox da narahat deyiləm”.

Bu gün nəhayət ki, Aylinin də 6 aydır gözlədiyi gün gəlib çatıb. Arzuladığı qaydada məktəb çantasını yığaraq yoldaşlarının yanına yollanır. Təki bu çantanı bir də heç vaxt karantin rejiminə görə yox, birbaşa tədris ilinin sonunda boşaltmalı olsun..

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal