7 günlük körpəni həyata qaytaran 5 saatlıq əməliyyat... - Video

7-gunluk-korpeni-heyata-qaytaran-5-saatliq-emeliyyat
Oxunma sayı: 2797

Otağını bəzəmişdilər, oyuncaqlarını almışdılar, çarpayısı hazır idi. Evdə hamı 3 gündür doğulan Əsranın gəlişinə hazırlaşırdı. Körpəni səhər tezdən şarlarla bəzədilmiş maşınla evinə gətirmək üçün gedəndə isə onun anadangəlmə ürək qüsuru ilə doğulmasından xəbər tutmuşdular.

...Əsədovlar ailəsinin sevinci beləcə yarıda qalmışdı. Çünki onminlərlə manat vəsait tələb edən bu əməliyyat ailənin maddi imkanları xaricində idi. Həmin əməliyyatın icbari tibbi sığorta ilə qarşılandığını bilənə qədər.

Cəmi 7 gündür doğulmuşdu, açıq ürək əməliyyatı keçirdi

Əsra Əsədova həyatın, bəlkə də, ən ağır sınağı ilə ömrünün 7-ci günündə qarşılaşmışdı. 5 saat çəkən ağır əməliyyatdan sonra körpəni həkimlərin səyləri ilə həyata qaytarmaq mümkün olub. O anlar Əsranın yaddaşında qalmayacaq. Yaxşı ki...

Əvəzində o hissləri atası Nicat Əsədov çatdırmağa çalışır: “Qızım yanvarın 15-i doğulmuşdu, 3 gün sonra evə gətirməyə gedəndə bizə dedilər ki, ürək döyüntüsü çoxdur. Uşağı yoxlatdıq, məlum oldu ki, təcili şəkildə əməliyyat olunmalıdır. Biz evi bəzəmişdik, gözəl planlar qurmuşduq. Uşağı evə gətirmədən xəstəxanaya aparmalı olduq. Belə bir əməliyyat etməyə imkanımız olmadığından pulu kimdən istəyəcəyimizi, haradan tapacağımızı bilmirdik. Əməliyyatın icbari tibbi sığorta ilə olunduğunu öyrənəndə çox sevindik. Çünki dərdi verən Allah dərmanı da verir. İcbari tibbi sığortaya müraciət etdik, razılıq verildi və qızım əməliyyat olundu. İcbari tibbi sığortanın olması ölkəmizdə xəstə uşaqlar üçün yaşamaq şansıdır”.

Körpənin çox riskli əməliyyata girməsi üçün son qərarı anası Ayşəm Əsədova verib: “İlk gündə qərar verə bilmədik. Gecəni fikirləşib səhər xəstəxanaya müraciət etdik. Həkim yüzdə 60 faiz yaşama şansının olduğunu demişdi. Əməliyyat 5 saat çəkdi. Bilirdik ki, sağ çıxmaya bilər, ona görə də hazırlıqlı gəlmişdik. Çox şükür ki, hər şey yaxşı qurtardı. İcbari tibbi sığorta bizə uşağımızı bağışladı”.

10 aylıq Nilay isə icbari tibbi sığorta ilə iki dəfə əməliyyat olunub

Məhəmməd Əliyev anadangəlmə ürək qüsuru ilə doğulan 10 aylıq övladı Nilayın əməliyyatı üçün Naxçıvandan Bakıya gəlib. Bu, körpənin icbari tibbi sığorta çərçivəsində qarşılanan ikinci əməliyyatıdır: “Nilay anadangəlmə ürək qüsuru ilə doğulmuşdu, nəfəs darlığı var idi. Birinci dəfə 2 aylıq olanda əməliyyat olunub. Sonradan yenə uşağın nəfəsalmasında problem yaranmışdı, ikinci dəfə əməliyyat qərarı verildi. Bilirdik ki, bahalı əməliyyatdır. İcbari tibbi sığortanın Çağrı Mərkəzi “1542”yə zəng etdik, əməliyyatın kodu ilə sığorta hesabına mümkünlüyünü öyrəndik. Göndərişlə bura gəldik. Həmin anları təsvir etməkdə çətinlik çəkirəm, o hissi yaşayanlar bilər...”

İcbari tibbi sığorta hesabına qarşılanan bu əməliyyatları icra edən “Liv Bona Dea” Hospitalının uşaq ürək-damar cərrahiyyəsi uzmanı Şiraslan Baxşəliyevin sözlərinə görə, anadangəlmə ürək qüsurlarına hər yüz doğulan uşaqdan birində rast gəlinir. Bunların 30 faizi uşaq doğulduqdan sonra müdaxilə tələb edən kritik anadangəlmə qüsurlardır. Uşaq doğulandan ilk bir ay ərzində belə xəstələr əməliyyat olunmalıdır. Digər patalogiyalarda isə uşaq bir yaşınadək əməliyyat və ya onlara invaziv müdaxilə olunmalıdır.

İcbari tibbi sığorta ilə bir çox anadangəlmə ürək qüsurları əməliyyat olunur

Həkim, həmçinin uşaqlar arasında ən çox rast gəlinən ürək qüsurları və onları yaradan səbəblərdən danışıb: “Bizim tərəfimizdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə klinikamızın müqaviləsi əsasında anadangəlmə ürək qüsurlarının, demək olar ki, çox hissəsi əməliyyat olunur. Bura mədəcikarası və qulaqcıqlararası çəpər deffektlərinin, fallo tetradasının bərpası, böyük arteriyaların transpozisiyası və s. əməliyyatları daxildir.

Ürək qüsurlarının çox hissəsi genetik səbəblərdən yaranır, həmçinin ananın keçirdiyi infeksiyalar və istifadə etdiyi dərmanlar, ətraf mühit amilləri, qidalanma və s. buna təsir edir. Bu uşaqlara düzgün xidmət etməyimiz üçün ən düzgün yol ana bətnində olarkən fetal exokardioqrafiya olunmalarıdır”.

Həkim deyir ki, anadangəlmə ürək qüsurlarını adətən əməliyyatla tamamən düzəltmək mümkündür. Belə uşaqların 80 faizi bir əməliyyatla sağalır. Yetər ki vaxtında müraciət olunsun.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Liv Bona Dea” Hospitalı arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının Uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur və əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə sözügedən hospitala göndəriş verilir.

Gülnar Əliyeva

Foto-Video: Xəyal Vəlizadə