“Avropa institutları tərəfindən icra olunan siyasət qarşıdurmaya təşviq edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında bildirib.
“Gürcüstanın Avropa Parlament Assambleyasından çəkilməsi həmin orqandakı etibarın, səmimi demokratik dəyərlərin olmamasını bir daha sübut edir. İkili standartlar da bizi eyni qərarı almağa sövq etdi. Gürcüstan və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından çəkilməsi bir daha onu göstərir ki, bu qurumda gərginliklər var və regionda yeni reallıqlar özünü büruzə verir.
Azərbaycanla bağlı beynəlxalq mühitdə yeni proseslər başlayıb. 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də amerikalı həmkarı ilə çox əhəmiyyətli və tarixi görüş keçirdi və mühüm sənədlər imzalandı. Bu, Azərbaycanın ABŞ ilə münasibətləri tarixində yeni bir səhifə açdı. Bundan sonra ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana səfəri bu münasibətlərin davamı oldu. Bütün bunlar ABŞ ilə aramızda siyasi razılığın əldə olunmasını göstərir”, - deputat qeyd edib.
***
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oktay da iclasda çıxış edib: “Biz uzun illər sonra regionda sülhün əsasını qoya bilərik. Bizim təməl prinsiplərimizdən biri bütün qonşularımızla sülhü bərqərar etməkdir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında yaranan yeni reallıqları yüksək qiymətləndiririk. Gürcüstanın regional inkişafını da müsbət qarşılayırıq. İrana gəldikdə, o da bizim qonşumuzdur. ABŞ ilə son gərginlik diplomatiyanın vacibliyini ortaya qoyur. Etibarın qurulması istiqamətində addımlar atılmalıdır. Bu, münaqişənin qarşısını ala bilər. Həmçinin Rusiya-Ukrayna müharibəsində də sülh razılığının əldə edilməsi region üçün vacibdir”.
***
Müzakirələrə Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze də qoşulub: “Abxaziya qanunsuz şəkildə Rusiyanın işğalı altındadır. Burada uşaqlar da daxil olmaqla, əhali Rusiya işğalçı qüvvələri tərəfindən ciddi ayrı-seçkiliyə məruz qalırlar, öz dillərində təhsil ala bilmirlər.
Bundan başqa, işğalçı qüvvələr gərginlik yaradır, işgəncələr verirlər. Hətta bəzi hallarda silahsız sivillərə qarşı atəş açırlar. Bu cür qeyri-insani davranışlar qəbuledilməzdir. Rusiyanın Ukraynaya qarşı silahlı münaqişəsi və digər hadisələr göstərir ki, Gürcüstan da təzyiqlər altındadır. Biz problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq. Təbii ki, öz öhdəliklərimizə sadiq qalırıq ki, Rusiya ilə problemimizi həll edək. Ərazi bütövlüyümüzün təmin edilməsi bizim üçün prioritet məsələdir”.
Şamxaradze əlavə edib ki, Azərbaycan və Türkiyə onlara həmişə dəstək verib: “Bizim münasibətlərimiz göstərir ki, əlaqələrimiz inama, etibara dayanır, nəinki boş sözlərə, vədlərə. Türkiyə birinci ölkədir ki, bizimlə iqtisadi əməkdaşlıq edir. Gürcüstana gələn turist sayına görə, Azərbaycan və Türkiyə ilk beş ölkə arasındadır. Bu da bizim iqtisadiyyatımızın artmasına töhfə verir. Gürcüstanın qonşu ölkələri ilə münasibətləri vacibdir. Ermənistan və Azərbaycan arasında münasibətlərin sülhə doğru getməsini də dəstəkləyirik. Bu, regionun mənzərəsini daha da yaxşılaşdırır. Biz həmişə konsultasiya, vasitəçi rolu oynamğa hazırıq ki, iki ölkə arasında münasibətlər daha da yaxşılaşsın”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər