ABŞ Maduro və həyat yoldaşını nədə ittiham edir?

abs-maduro-ve-heyat-yoldasini-nede-ittiham-edir
Oxunma sayı: 3058

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamları əhatə edən əlavə ittihamnamə hazırladığını açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, yeni ittihamnamə Maduroya qarşı hələ 2020-ci ildə ittiham irəli sürülmüş Nyu-York məhkəməsinə təqdim ediləcək.

Bildirilir ki, sözügedən ittihamların əsası da məhz 2020-ci ilə gedib çıxır.

Ədliyyə Nazirliyi tərəfindən Maduroya qarşı ittihamlar ilk dəfə 2020-ci ildə dörd ayrı dosye üzrə irəli sürülüb. Onlardan ikisi Nyu-Yorkda, biri Vaşinqtonda, digəri isə Mayamidə təqdim edilib.

İttiham sənədlərində Maduro və onun ən yaxın tərəfdarlarının onilliklər ərzində davam edən genişmiqyaslı sui-qəsddə iştirak etdikləri və ölkədən milyardlarla dollar vəsait mənimsədikləri iddia olunur.

Nyu-Yorkun Cənub Dairəsinin o vaxtkı prokuroru Ceffri Berman Maduronun qəsdən kokaini silah kimi istifadə etdiyini bildirib. Onun sözlərinə görə, Venesuela lideri Amerika xalqının sağlamlığına və rifahına zərər vurmaq məqsədilə ölkəni narkotiklərlə doldurmağı hədəfləyib.

Prokurorlar iddia edirlər ki, Maduro hakimiyyətə gəldiyi dövrdə belə zorakı narkotik kartelinə rəhbərlik edib. İstintaq çərçivəsində Maduro ilə yanaşı, Venesuela hökuməti və kəşfiyyat orqanlarının rəsmiləri, həmçinin Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) üzvləri də daxil olmaqla, 10-dan çox şəxsə qarşı ittihamlar irəli sürülüb.

Bundan əlavə, ABŞ Ədliyyə Departamenti Venesuela Prezidenti Nikolas Maduroya, onun həyat yoldaşına və oğluna qarşı yeni ittiham aktının mətnini də açıqlayıb. Onlar narkoterrorçuluq və narkotik qaçaqmalçılığında ittiham edilirlər.

Departamentin ittiham aktında qeyd olunur ki, Maduro və onun müttəfiqləri Venesuela dövlət qurumlarını şəxsi maraqları naminə narkotik ticarəti ilə bağlı korrupsiya şəbəkəsinə çeviriblər. Bildirilir ki, bu korrupsiya həm Venesuela rəsmiləri və onların ailələrinin maddi qazanc əldə etməsinə, həm də ölkə ərazisində cəzasız fəaliyyət göstərən, tonlarla kokainin istehsalı, mühafizəsi və ABŞ-yə daşınmasına yardım edən zorakı narkoterrorçu qrupların möhkəmlənməsinə şərait yaradıb.