ABŞ sahilləri neft tankerləri ilə doldu - Quruda yer qalmayıb

abs-sahilleri-neft-tankerleri-ile-doldu
Oxunma sayı: 2845

Son günlərdə onlarla neft tankerinin Kaliforniya sahillərində toplu şəkildə dayandığı müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi açıqlama yayıb. Bildirilib ki, ötən həftədən etibarən su hövzəsinə hər gün yeni gəmilər gəlir.

23 aprel üçün verilən məlumata görə, “Long Beach” limanında lövbər salan neft tankerlərinin sayı 27-yə çatıb. Açıqlamada qeyd olunub ki, liman nəzarətçiləri və hərbi qüvvələr bu unikal vəziyyəti izləyir, bununla yanaşı gəmilərin və ətraf mühitin təhlükəsizliyini təmin edirlər.

“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, neft bazarındakı tədarük artıqlığı səbəbindən quruda yerləşən anbar yerləri demək olar ki, tükənib. Artıq ticarətçilər xammalın saxlanılması üçün neft tankerlərini icarəyə götürürlər. Qeyd olunub ki, oxşar vəziyyət Malta və Cənubi Afrika sahillərində də müşahidə olunur.

Qeyd edək ki, koronavirus pandemiyası fonunda neftə olan tələbin düşməsi səbəbindən dünya üzrə neft anbarları sürətlə dolmağa başlayıb. ABŞ Energetika Nazirliyi ehtiyatların 518,6 milyon barrelə qədər artdığını açıqlayıb.