“Adım Azərbaycanda çox müzakirə olundu” - “Qarabağ”ın futbolçusu

adim-azerbaycanda-cox-muzakire-olundu
Oxunma sayı: 1018

“Qarabağ”ın müdafiəçisi Dani Bolt Braziliya mətbuatına müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, o, Ağdam klubunun uğurlarından və Azərbaycandakı durumundan danışıb.

“Komandamız Bakıda məskunlaşıb. Amma burada mühit çox pozitivdir. “Qarabağ”ın fərqi kollektividir. Bizim çox güclü və təvazökar bir komandamız var. Qaçmalı olduğumuzda qaçırıq, müdafiəyə ehtiyac olduğunda müdafiə olunuruq. Hər gün bir faiz daha yaxşı olmağa çalışmaq, bir oyunu qazanmaq özünəinam gətirir, digərini qazanmaq daha çox təcrübə. Futbolda müəyyən bir formula yoxdur, amma şükürlər olsun ki, işlər yolundadır”, - futbolçu deyib.

Bolt ona Yamaykalı atlet, Olimpiya çempionu Usein Bolta görə verilən ləqəbindən söz açıb. O bildirib ki, Azərbaycana gələrkən adı çox müzakirə olunub:  “Bolt” adı burada çox müzakirə edildi. Çox insan bu barədə soruşdu. Mən konteksti izah etdim. Bildirdim ki, sürətim səbəbilə belə adlandırılmışam. Amma mənim üçün fərqi yoxdur, Daniel və ya Bolt deyə çağırıla bilərəm”.

Müdafiəçi ölkəmizdəki yaşayışından da söz açıb: “Mədəniyyət Braziliyadan çox fərqlidir, amma xarici kimi burada yaşamaq çox yaxşı oldu. Klubda çox pozitiv bir mühit var, insanlar çox qonaqpərvər və köməksevərdir. Ölkə çox gözəldir və işıqlı şəhərləri var. Təcrübəm çox yaxşıdır”.

O, Çempionlar Liqası xəyalından da söz açıb: “Çempionlar Liqasında oynamaq hər gənc futbolçunun xəyalıdır. Bu, böyük komandalar və oyunçularla mübarizə aparmaq üçün bir fürsətdir. Biz həmişə daha çoxunu istəyirik, amma burada oynadığım üçün minnətdaram”.

“Biz bilirdik ki, çox çətin oyun olacaq, böyük komandaya qarşı oynayacağıq. Amma gözləntilər pozitivdir. Futbolda da, həyatda da nəyi idarə edə biləcəyimizə fokuslanmalıyıq. 90 dəqiqədə əlimizdən gələni etməyə çalışacağıq. Kim yaxşı oynayarsa, irəliləyəcək”, - futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə “Nyukasl”a 1:6 hesablı məğlubiyyətdən və qarşıdakı cavab matçından danışarkən əlavə edib.