Ağacları kəsib təbiətə 1200 manat ziyan vurdular

agaclari-kesib-tebiete-1200-manat-ziyan-vurdular
Oxunma sayı: 1824

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba" marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb. 

Xidmət rəsmisi Vaqif Cavadov "Qafqazinfo"ya bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“İlkin araşdırma zamanı "Oba" marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”, - Cavadov deyib.

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.