Ağdamda Novruz bayramı təntənəli şəkildə keçirildi - Fotolar

agdamda-novruz-bayrami-tenteneli-sekilde-kecirildi
Oxunma sayı: 1724

Bu gün Ağdam Muğam Mərkəzində Novruz Bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri, Ağdam Dövlət Dram Teatrının əməkdaşları və mədəniyyət işçiləri iştirak edib.

Muğam Mərkəzinin qarşısında tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunub, idmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilib, tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Muğam Mərkəzində davam edən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruzun xalqımızın mənəvi dünyasında özünəməxsus yeri olduğundan, ötən il anadan olmasının 100-cü ildönümü tamamlanan Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Prezident İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından, Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bir çox mənəvi sərvətimiz kimi, Novruz bayramının da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs edib.

Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın xalq artisti Nəzakət Teymurovanın, əməkdar artistlər Fehruz Səxavətin və Səbuhi İbayevin ifasında rəngarəng musiqi nömrələri, “Nənə Qızlar” folklor ansamblının ifasında nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim edilib.

Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi(1923-2023)” yubiley medalı ilə təltif edilən Rəhimova Arzu Məhərrəm qızına və Əzimzadə Hafiz Səlim oğluna Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həmin medallar təqdim edilib.