Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da böyük rəğbət və iftixar hissi ilə qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasını təcəssüm etdirən 2025-ci il münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən, təsdiq edilmiş “Tədbirlər Planı” müxtəlif ictimai-mədəni tədbirlər, bilik və idman yarışları, genişmiqyaslı ağacəkmə aksiyalarının təşkil olunması ilə uğurla icra olunub.
Tədbirlər Planının icrasının yekunu ilə əlaqədar Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Sonra 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa rayonunda keçirilən silsilə tədbirlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, müasir müstəqil Azərbaycanın tarixinə xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə, ölkəmizin öz milli dəyərlərinə sadiqliyinin təntənəsi olan “Konstitusiya və Suverenlik İli” rayon ərazisində əhalinin hüquqi maarifləndirilməsinin təşviqi və dövlətçilik ideallarının təbliği baxımından müstəsna rol oynayıb. Ölkəmizin müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasına hesablanmış Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Artıq heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.
Digər natiqlər, Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa Rayon Məhkəməsinin sədri Natiq Abbasov, mədəniyyət işçisi Oruc Mansurov mövzuya dair məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət suverenliyimizin tam bərpası şərəfinə Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə həm də şanlı Zəfərimizin 5 illiyini qeyd etmək olduqca qürurvericidir.
Vətən müharibəsi şəhidimiz Emin Əmrahovun qızı Zərda Əmrahova, rayonun ümumtəhsil məktəblərindən müəllim və şagirdlər Azərbaycan Respublikasının Konstitusiyasında yer alan bəzi maddələri diqqətə çatdırıblar.
Ağstafalı müəllimlərin iştirakı ilə “Suverenlik zirvəsi” adlı intellektual bilik yarışının, uşaq, yeniyetmə və gənclər arasında “Aşıq sənəti” adlı müsabiqənin, Tədbirlər Planına uyğun olaraq keçirilən ictimai-mədəni tədbirlərdə fəal iştirak edən Ağstafa şəhər Musiqi məktəbinin müəllim və şagirdləri, eləcə də rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.









Son xəbərlər
Son Xəbərlər