“Qarabağ hərəkatı”nı davam etdirməməliyik” - Paşinyan

qarabag-herekatini-davam-etdirmemeliyik
Oxunma sayı: 843

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə regionda sülhün qalıcı olması ilə bağlı bəyanatlar səsləndirib.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, Kremldə baş tutan danışıqlar zamanı Paşinyan Ermənistanda “Qarabağ hərəkatı”nın artıq dayandırılmalı olduğunu vurğulayıb.

O, İrəvan və Bakı arasında sülhün bərqərar olduğunu qeyd edərək bildirib:

“Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik. Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”.

Baş nazir həmçinin əlavə edib ki, İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıyıb və bu fakt Rusiyanın ali rəhbərliyi tərəfindən də dəfələrlə qeyd olunub.

Xatırladaq ki, görüşdə tərəflər həmçinin Rusiya-Ermənistan strateji tərəfdaşlığı, Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin inkişafını müzakirə ediblər.