Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə "Süleyman Transport" epizodu üzrə ifadələr alınıb. Zərərçəkmiş Fikrət İbrahimov ifadə verərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. O ifadəsində deyib ki, MTN zabiti Orxan Osmanov tərəfindən nazirliyə çağırılıb və beynəlxalq daşınmada qanunsuzluqlara yol verildiyini deyərək onu hədələyib, 30 min manat istəyib, 12 manata razılaşıblar və həmin məbləğdə pulu O.Osmanova verib.
Səhəri gün şəriki Vidadi Hüseynovdan MTN-ə verdiyin pulun yarısını istəyib. Bunun ardınca Orxan Osmanov yenidən onu nazirliyə çağırıb və onlara verdiyi pulu başqa yerdə dediyi üçün Akif Çovdarovun ondan incidiyini deyib. Hazırda həbsdə olan Akif Əliyev "Çovdarovun səni bağışlaması üçün 100 min verməlisən" deyib. Danışıqlar nəticəsində 50 minə razılaşıblar və F.İbrahimov həmin pulu ödəyib.
Qeyd edək ki, MTN zabitləri Akif Əliyev və Orxan Osmanov istintaqa ifadələrində F.İbrahimovun nurçuları maliyyələşdirməkdə şübhəli bilindiyi üçün nazirliyə çağırıldığını, lakin ondan pul almadıqlarını deyiblər.
***
Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib ki, F.İbrahimovun məhkəmədə verdiyi ifadəsi ilə istintaqa ifadəsi arasında ziddiyət olub. Belə ki, Akif Çovdarovun onun işinə heç bir aidiyyatı olmayıb və ona hədə-qorxu gəlinərək 62 min manat pulunun alınmasında Çovdarov heç bir halda iştirak etməyib. O bildirib ki, ondan pullar idarə rəisi Akif Əliyevin tələbi ilə alınıb.
F.İbrahimov ondan ikinci dəfə 50 min manatı alan MTN əməkdaşı Anar Abdıyevdən şikayətçi olduğunu deyib.
A.Abdıyev hazırda DTX-da keçmiş rəisi, hazırda həbsdə olan Akif Əliyevi əvəz edir, onun yerinə təyin olunub.
Prosesdə fasilə elan olunub. F.İbrahimov ifadəsində Çovdarovla bağlı hissədə ziddiyyət olduğu üçün fasilədən sonra onun istintaqa ifadəsi elan olunacaq.
A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, ötən prosesdə müvəkkilinin səhhəti ilə bağlı tibbi ekspertiza keçirilməsi barədə qərar verilsə də,hələ də qərar icra olunmayıb. Buna səbəb isə Çovdarovun durumunun normallaşmamasıdır. Çovdarovun müayinəsi və qulluğu davam etdirilir.
***
Zərərçəkən Fikrət İbrahimovun qohumları Azər və Oqtay adlı şəxslər şahid qismində dindirilib. Növbəti iclasda F.İbrahimovun şəriki Vidadi Hüseynov və MTN zabiti Anar Abdinovun ifadə verəcəyi gözlənilir.
Məhkəmə prosesi dekabrın 21-də davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər