Sursat anbarı ətrafında media “partlayışı”

sursat-anbari-etrafinda-media-partlayisi
Oxunma sayı: 872

“Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabrın 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılmışdır”.

Bu cümlələr Medianın İnkişafı Agentliyinin son bəyanatından götürülüb.

Nə baş verib?

Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi sentyabrın 2-də birgə məlumat yayaraq, bildiriblər ki, Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən “sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib”.

Məlumatda deyilir: “Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib”.

Məlumatdan göründüyü kimi, Azərbaycan hökuməti hadisə haqqında operativ məlumat yayıb, heç nəyi gizlətməyib, yanğınla müşaiyət olunan partlayışın baş verdiyini deyib. Burda yalnız əhalisi təxliyə olunan kəndlərin adı çəkilməmişdi, bu da sırf təhlükəsizlik, yəni əlavə təşviş yaratmamaq məqsədləri daşıya bilər.

Bu, birinci belə hadisə deyil. Başqa ölkələrdə də müxtəlif səbəblərdən sursat anbarlarında zaman-zaman partlayış, yanğın olur. Rəsmi məlumatdan da göründüyü kimi, vəziyyət nəzarət altına alınıb, xəsarət alan olmayıb və sair.

Ancaq bəzi xarici media dairələri Azərbaycandakı bu texnogen hadisəni siyasiləşdirməyə, hətta dövlətlərarası münasibətlər kontekstində təqdim etməyə çalışıblar.

MEDİA-nın bəyanatında da vurğulandığı kimi, əvvəlcə bu haqda “Nexta” öz siyasiləşmiş versiyasını yayıb. Məlumat kanalın sosial media hesablarında da paylaşılıb. Daha sonra Belorus Respublikasının STV kanalı da “Nexta”ya istinadla onun versiyasını tirajlayıb.

Bəs nədir “Nexta” kanalının versiyası?

Diversiya.

Guya Azərbaycanın sursat anbarında baş verən partlayış və yanğın xüsusi məqsədlərlə törədilmiş diversiya olub.

Ancaq rəsmi olaraq, heç bir mənbə bu versiyanı təsdiq etmir; ilkin məlumatda da yoxdur. Deməli, ortada, sadəcə, “Nexta” kanalının sərbəst yozumu, özünün irəli sürdüyü versiyası var.

Versiyadır, ola bilər - media orqanı və ya jurnalist hər bir hadisə haqqında (illah da sursat anbarında partlayış və yanğın kimi insident barədə) öz versiyasını qura və irəli sürə bilər.

Ancaq burada iki mühüm məqam var: birincisi, hətta sərbəst yozum da hansısa fakta, mənbəyə, heç olmasa, bir ipucuna istinad etməlidir. Bunlar və bunlardan hər hansı biri ortada yoxdur. İkincisi, hətta bütün bunlar olsa belə, bu cür hadisə haqqında media versiyasında hansısa dövlətin (yaxud dövlətlərin) adını heç bir fakt, əsas olmadan hallandırmaq - baş verənləri heç bir dəlil-sübuta söykənnədən dövlətlərarası münasibətlər kontekstində şərh etmək, yumşaq desək, hədsiz qeyri-peşəkarlığın göstəricisidir.

Bu yerdə adətən Albert Eynşteynə məxsusluğu iddia olunan bir fikir yada düşür: “İki şey sonsuzdur: kainat və insan axmaqlığı. Kainat haqqında isə tam əmin deyiləm”.

Mən bu fikirdəki ifadəni dəyişərdim, mövzumuza belə aid edərdim: bəzən insan məsuliyyətsizliyi heç bir sərhəd tanımır.

Azərbaycanda sursat anbarı partlayır, dərhal “Nexta” bunu "diversiya" adlandırır və Rusiya-Azərbaycan münasibətlərdəki gərginliklə yanaşı qoyaraq, eyham vurur, daha sonra Rusiyameylli və ermənimənşəli informasiya kanalları, eləcə də, Belarus kanalı bu versiyanı yayır.

Bunları, bəlkə, hardasa anlamaq olardı. Ancaq maraqlı, daha doğrusu, heyrətamiz bir nüans var: Qərb mediası dərhal təşəbbüsü ələ alır və əsassız, hətta xüsusi qərəzlə quraşdırılmış versiyanı geniş yaymaqda bir-biri ilə yarışır.

Ona görə MEDİA öz xüsusi bəyanatında konkret adlar çəkərək yazır: “Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və BBC teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir".

ABŞ, Böyük Britaniya, Fransa, Polşa media resurslarından söhbət gedir. Bu resursların mənsub olduğu cəmiyyətlər, dövlətlər, elə öz ifadələri ilə desək, Rusiya aqressiyası təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Bu, faktdır.

Avropa İttifaqı öz vahid hərbi gücünü formalaşdırmağa çalışırmı?! Çalışır. Avropanın aparıcı dövlətləri öz hərbi büdcəsini artırmaq qərarı veriblərmi?! Bəli.

Buna dair rəqəmlər, hesabatlar göstərə bilərəm. Açıq qaynaqlarda dövlət sənədləri var. Onları sadalayıb, oxucunu yormaq istəmirəm.

Avropa kimdən, nədən qorunmağa çalışır?! Təbii ki, Rusiya təhlükəsidən. Bunu rəsmi şəxslər də açıq-açıq söyləyir. Moskva da Ukraynaya hərbi dəstək verənləri zaman-zaman açıq və net təhdid edir.

Bir sözlə, Avropa toplumları, Qərb insanı Rusiya-Ukrayna müharibəsi fonunda - hərbi əməliyyatların genişlənərək Ukrayna sərhədlərini aşması ehtimalında ekzistensial təhlükə qarşısında qalıb. Buna kimsənin şübhəsi yoxdur ki?! Məncə, yoxdur. Hələ lokal nüvə zərbələri haqda təhdidləri heç demirəm.

Belə olan halda Avropa, bütövlükdə Qərb ölkələri cəmiyyətlərinin (müəyyən halda Qərb dövlətlərinin) pulu ilə işləyən media orqanları niyə Goranboy hadisəsi haqqında Azərbaycan rəsmi mənbələrinə deyil, hansısa Belorus mənşəli kanala istinad edir? Niyə bir çox hallarda qarşı tərəfin xeyrinə olan, yaxud hətta qarşı tərəfin ortaya atdığı ehtimal olunan narrativləri yayır həmin o Qərb mediası?! Həm də, MEDİA-nın öz bəyanatında da vurğuladığı kimi, oxşar tezislərlə vahid mərkəzlərdən idarə olunan bir kampaniyaya qoşulurlar. Beləliklə, Qərb insanının ekzistensial maraqlarını zədələyən davranış sərgiləyirlər.

Burada həmin o məşhur sual tam yerinə düşür: “Sən kimin əmisi oğlusan?”

Ayının, ya kimin?!

Hə, o başqa məsələdir ki, versiyanı nə CNN, nə BBC və sair iıkin mənbə olaraq, bəziləri hətta ayrıca xəbər, məqalə şəklində yazmayıb. Ancaq “Nexta” kanalının versiyasına istinad edərək belə bir şaiyə yayıldığını yazıblar.

Onu bilirik ki, Qərb mediasında şaiyəyə istinad etmək kimi bir təcrübə var - bir mətni məlumat kimi təqdim edib, sonra bunun şaiyə olduğunu demək özü də həmin şaiyəni yaymağın bir forması deyilmi?! Şaiyə olduğunu bilə-bilə, onu yaymağın adı, mənası, məqsədi nədir?! Axı Azərbaycan hökuməti dərhal hadisə haqda ilkin rəsmi məlumat yayıb. Yəni şaiyələri bəsləyə biləcək məlumatsızlıq "turbulens"i də olmayıb ki, buna istinad edilə.

Goranboyda baş vermiş hadisənin anoloqu Qərb ölkələrində olmur?! Əlbəttə olur. Elə ABŞ (Virciniya ştatında) yarım il bundan əvvəl sursat istehsalında belə bir texnogen hadisə ilə üzləşib. Son 10 ilin hadisələrinə baxsaq, Fransa, İtaliya, Yunanıstan, Çexiya, İspaniya, Bolqarıstan kimi ölkələrdə sursat anbarlarında, ya da sursat istehsal edən zavodlarda partlayış və yanğın hadisələri baş verib. Elə 2024-cü ildə Polşada - “Nexta” kanalının mənzilləndiyi ölkədə belə bir texnogen qəza yaşanmışdı.

Ancaq Qərb mediası bu hadisələrdə diversiya axtarmamışdı, yalnız rəsmi mənbələrə, hökumətlərin araşdırmalarının nəticələrinə istinad etmişdi.

Bəs necə olur ki, eyni hadisə Azərbaycanda baş verəndə Qərbin tərifli mediası xorla buna "diversiya" deyib, siyasi rəngə boyayır?! Dərhal Rusiya-Azərbaycan münasibətlərinə müncər edirlər.

Niyə?! Məqsəd nədir?!

Bu dövlətləri qarşı-qarşıya gətirməkmi?!

Azərbaycan öz imkanları çərçivəsində Ukraynaya humanitar yardım göstərir. Beynəlxalq hüquq prinsiplərindən kənara çıxmır (ki, bu da Ukraynaya təbii siyasi dəstək deməkdir). Ancaq eyni zamanda həm Ukraynaya, həm də Rusiyaya təsir edərək (eləcə də, vasitəçilik təklif etməklə) müharibənin dayandırılmasına çalışır.

O halda niyə Qərbdə Azərbaycanın əleyhinə belə bir kampaniya aparılır?!

Heç bir məntiqi izah tapmaq mümkün deyil.

Baxın, Ermənistanda son günlər səs-küylü həbslər var. Keçmiş prezidentlər, keçmiş baş nazir, keçmiş nazirlər, müxalifət liderləri həbs olunur. Qərb mediası ya bu haqda susur, ya da rəsmi versiyaya əsaslanan qısa xəbərlərlə kifayətlənir. Bəllidir ki, istintaq araşdırmalarının nəticələrini gözləyirlər. Doğru.

Bəs Azərbaycana münasibətdə niyə fərqli mövqe tuturlar?!

Başqa vaxt deyirlər, Qərb ölkələrində media hökumətdən asılı deyil. Çox gözəl səslənir - bunu eşitmək qulağa, oxumaq gözə xoş gəlir. Ancaq reallıqda (o cümlədən, son hadisəyə münasibətdə) Qərb mediasının da öz hökumətlərinin bəzi davranışlarını təkrarladığını görürük.

Qərbdə ikili standartlara əsaslanan siyasət görmüşdük. Sən demə, ikili standartı olan media da varmış...

Goranboyda sursat anbarı partlayıb, bu məlum. Bu hadisə fonunda dünya mediasında da başqa bir partlayış baş verdi: qərəzli dezinformasiya "partlayışı"...

Bahəddin Həzi

Əməkdar jurnalist