Alı Alıyev Horadizdə görüş keçirib - Foto

Alı Alıyev Horadizdə görüş keçirib
Oxunma sayı: 777

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Alı Alıyev qeyd edib ki, hazırda rayonun mərkəzi hesab olunan Horadiz şəhərində 7200 nəfər yaşayır. Şəhər sakinlərindən məcburi köçkün statusu olan 5427 nəfərə hər ay 325620 manat vahid aylıq müavinət ödənilir. Horadiz şəhərində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadizə şəhər statusu verilib. Horadiz şəhərində təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilib, işğal dövrü yandırılmış və dağıdılmış evlər, küçələr bərpa olunub, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilib, bütövlükdə Horadiz şəhərinin sosial-iqtisadi həyatında əsaslı dönüş yaranıb.

Qeyd olunub ki, hazırda rayonun işğaldan azad olunmuş ərazisində mövcud olan 100-dən artıq infrastrukturdan 61-i Horadiz şəhərində fəaliyyət göstərir. Şəhərdə 3 tam orta məktəb, 2 uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana, telekommunikasiya, bir sözlə rayonun bütün idarə müəsissə və təşkilatları burada fəaliyyət göstərirlər.

Horadiz şəhər sakinlərindən 15 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə özünüməşğulluq proqramına cəlb olunub. Şəhərdə 38 şəhid ailəsi, 9 Qarabağ müharibəsi əlili var. Şəhər sakinlərindən 1114 nəfərə müxtəlif növ pensiya və müavinət verilir, 730 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi