“Allahverdi Bağırov ermənilərin yanında fransızca danışmağımı istədi”

“Allahverdi Bağırov ermənilərin yanında fransızca danışmağımı istədi”
Oxunma sayı: 2244

Tanınmış jurnalist Mir Şahin “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Deqatidən müsahibə götürüb.

"Qafqazinfo" xəbər verir ki, Mir Şahin fotoqrafın Heydər Əliyev adına mərkəzin qarşısında fotosərgisi ilə də tanış olub.

Fotosərgidə dünyanın müxtəlif ölkələrini gəzmiş fotoqrafın münaqişə bölgələrinin reallıqları, tolerantlıq nümunələrinə dair çəkdiyi şəkillər yer alıb.

Eyni zamanda, Birinci Qarabağ müharibəsi dövrünə, Xocalı faciəsinə aid fotoşəkillər də yerləşdirilib. Xocalı faciəsindən bir gün sonra Azərbaycana səfər edən Deqati həmin günləri belə xatırlayır: 27 fevralda mənə telefon oldu ki, Azərbaycanın Qarabağ bölgəsində faciə olub. Mən özümü çətinliklə də olsa Bakıya yetirdim. Sonra özümü Ağdama çatdırdım. Ağdamda yüzlərlə adamın məscidin arxasına yığışdığını gördüm. Hamı ağlayaraq yaxınlarını axtarırdı”.

Deqati qeyd edib ki, o, erməni faşistlərinin Xocalı sakinlərinə qarşı hansı cinayətlər törətdiyini onların öz dilindən eşidib.

“Bir dəfə əsirləri dəyişmək üçün Ermənilərlə Xocalı yolunun arasında görüşümüz var idi. Əsirləri dəyişəcəyik. Allahverdi Bağırov məndən ermənilərin yanında Azərbaycan dilində deyil, fransızca danışmağımı istədi. Gəlmişik orda erməni əsgərləri var idi, biri də Fransadan gəlmişdi. Söhbət eliyirik, dedilər ki bizdə Fransadan gələn çoxdur. Özləri də sərxoş idilər. Soruşdular ki, bəs sən qorxmursan onlardan. Birdən cibindən çay qaşığını çıxarır. Mən də bilmirəm deyirəm bu nədir? Sonra çay qaşığını gözünə tuşlayır. Dedi biz azərbaycanlı görəndə əvvəl gözünü çıxardırıq sonra öldürürük. Onu deyəndə mənim ürəyim çox titrədi”.

Deqati qeyd edib ki, daha sonra gətirilən meyitlərin gözlərinin həqiqətən çıxarıldığını görüb.

Fotosərgidə ən sarsıdıcı şəkillərdən biri isə 3 günə yaxın əlində şəkilini tutaraq oğlunu axtaran yaşlı atanın fotosudur.

“Bu kişi 3 gün oturmuşdu və o qədər ağlamışdı ki, gözündən yaş gəlmirdi, amma qurumurdu da. Əlində fotonu tutmuşdu və ancaq deyirdi ki, oğlum haradadır? 3 gün idi ancaq bunu deyirdi. Bilmirəm necə oldu, tapdı yoxsa tapmadı”.