“Amerikalı hərbi məmurlar İrəvanı su yoluna döndəriblər, İran rəsmilərindən səs çıxmır”

amerikali-herbi-memurlar-irevani-su-yoluna-donderibler-iran-resmilerinden-ses-cixmir
Oxunma sayı: 1951

“İran rəsmilərinin dünən Brüsseldə baş tutmuş ABŞ-Avropa Birliyi-Ermənistan sammitinin nəticələrinə münasibəti, daha doğrusu, münasibətinin olmaması çoxlu suallar doğurur. 3 ildir İran parlamentindəki qaraguruhçu deputatlar, dövlət rəsmiləri, yüksək rütbəli hərbçilər bölgəmizdəki hansısa “qırmızı xəttlər”dən danışırdılar. Deyirdilər kim bu “xəttlər”i keçsə, qarşısında İranı görəcək. Naxçıvana indiki Ermənistan, tarixi Azərbaycan torpağı olan Zəngəzurdan yolun çəkilməsini qəbul etmir, adi bir logistik layihədə özlərinə düşmən olan dövlətlərin izini axtarırdılar. İndi Ermənistan lideri gedib ABŞ-nin dövlət katibi ilə, Avropa rəhbərləri ilə müttəfiqlik razılaşması imzalayır, İranda isə susurlar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Brüsseldə keçirilmiş Entoni Blinken-Ursula Fon der Lyaen-Nikol Paşinyan görüşünün bölgədəki vəziyyətə təsirini şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, İranın ABŞ-yə münasibətinin məntiqindən çıxış etsək, baş verən hadisə Tehrandakıları narahat etməli idi:

“ABŞ-nin dövlət katibi Ermənistana hərbi yardımdan danışır, amerikalı hərbi məmurlar İrəvanı su yoluna döndəriblər, İran rəsmilərindən səs çıxmır. Görəsən niyə? Üç ildir gözlərinə görünən həmin “qırmızı xətlər” rəngini dəyişib?”.

E.Allahverdiyevin fikrincə, Rusiyanın Ermənistandan sıxışdırılması İrana da sərf etmir, çünki onun yerini dərhal Qərbin hərbi kontingenti tutacaq.

“Qərb dövlətləri Ermənistana silah satışından danışırlar, Rusiyanın hərbi bazasını bu ölkədən çıxarmaq istəyən ABŞ burada özünün hərbi qüvvələrini yerləşdirmək barədə düşünür,Tehrandakılardan yenə səs çıxmır. İran parlamentinin üzvlərinin hadisələrin bu gedişindən bəlkə xəbərləri yoxdur? Ya əmindirlər ki, Amerikanın Ermənistandakı hərbi dayaqlarından gələcəkdə İrana qarşı istifadə edilməyəcək?” – deyə Milli Məclisin deputatı vurğulayıb.

Millət vəkili hesab edir ki, İran siyasiləri Ermənistan ətrafında baş verənləri sanki görməzdən gəlib, özlərinə təhlükəni yenə də Azərbaycanda axtarırlar:

“Maraqlıdır ki, İran rəsmilərinin belə hallarda gözləri necə deyərlər, Azərbaycanda açılır. Yerindən duran da bizi təhdid etməyə çalışır. Dəməşqdə səfirliklərinin yanına bomba düşür, cavab tədbiri kimi İsrailin Azərbaycandakı səfirliyinin bombalanması təşəbbüsünü irəli sürürlər. Halbuki neçə müddətdir Qərbin hərbi kəşfiyyatçıları müşahidəçi adı altında bir dəfə Laçındakı sərhəd-keçid məntəqəmizə boylananda, üç dəfə də İran ərazisinə baxırlar. İranın Avropaya Ermənistandan keçən yolunun üstündə ABŞ hərbçiləri duranda görəsən, Tehranda “qırmızı xətt”lər yada düşəcək?”.