“Anam qoymadı...” - Müsahibə

anam-qoymadi-musahibe
Oxunma sayı: 703

Tanınmış müğənni Könül Kərimovanın “Qafqazinfo”ya müsahibəsi:

- Son zamanlar “Aləm gözəl” mahnısı ilə bağlı qalmaqal səngimək bilmir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Abbas Bağırov musiqiyə klip çəkdirdi. Mənim bunlardan xəbərim yox idi. Bunu eşidəndə bir az pis oldum. Mən mahnını gözəl ifa etdiyimi düşünürəm. Təbii ki, buna xalq qiymətini verə bilər.

-Sizə bu mahnını ifa etməyə hansısa qadağa qoyulubmu?

- Xeyr. Bu mahnını ilk ifa edənlərdən biri mənəm.

- Ramal İsrafilov “Aləm gözəl” mahnısının rəsmi icazəsinin onda olduğunu bildirib. Sizcə müğənni digərlərinin mahnını ifa etməyə qadağa qoya bilər?

- Mən bu fikirlə razılaşmıram. Onun şəxsi işidir. Amma Ramal deyir ki, bu mahnını ən gözəl ifa edənlərdən biri mənəm.

- Kimi şou-biznesin kraliçası hesab edirsiniz?

- Mən bu kimi sualları cavablandırmaq istəmirəm. Bir az qalmaqallı məsələdir.

-Siz müğənni olduğuz üçün özünüzü xoşbəxt sayırsınızmı?

- Bəli, əlbəttə. Ancaq tənbələm. Əldə etdiyim uğurlarda kimlərinsə rolu var. Məni hər zaman irəli aparmağa çalışıblar. Mənə təkan verən olmasa, bu işi davam etdirə bilmərəm.

-Müğənnilərimizdə Türkiyə şou-biznesinə qatılmaq ənənəsi yaranıb. Siz necə, bu haqda düşünürsünüzmü?

- Xeyr. Bu barədə hələki düşünmürəm. Gedənlərə də pis baxmıram . Özlərini başqa ölkədə tanıtdırırlar, bunun nəyi pisdir.

-Bizim müğənnilərimizi sizcə orda tanıyırlarmı?

- Bəli. Lakin, təəssüf ki, ad çəkə bilməyəcəyəm. Amma çox az tanıyırlar.

-“Aləm gözəl”dən sonra yeni “Dünya gözəl” mahnısı yazılacaq. Bu mahnını sizin ifa edəcəyiniz haqda söhbətlər gəzir...

- Bəli, bu mahnını yəqin ki, mən ifa edəcəyəm. Mən çox tənbələm. Bu məni çox geri atır. Çalışaram ki, bu mahnını tez bir zamanda ortaya çıxardım.

- Gündən-günə gözəlləşməyinizin səbəbi nədədir?

- Bunun xüsusi sirri yoxdur.

- Son zamanlar daha çox el şənliklərində iştirak edirsiniz...

- İnsanlarımız, ailə quran gənclərimiz məni öz şənliklərində görmək istəyirlər. Mən artıq tamaşaçıların istəyini qazanmışam.

- İndiki zamanda müğənnilərimiz şəxsi həyatları ilə gündəmə gəlməyə çalışırlar. Buna münasibətiniz necədir?

- Əlbəttə ki, bu məsələyə yanaşma birmənalı deyil. Hər bir mügənni hər şeydən öncə sənəti ilə gündəmə gəlməlidir. Bu arxa plandadır. Amma hər dövrün öz tələbləri var. Amma məni sənətimə görə həmişə seviblər, bunu bilirəm.

- Geyimləriniz üzərində xüsusi stilistlər çalışırmı, ya özünüz seçirsiniz?

-Son zamanlar geyimlərimə, makiyajıma xüsusi fikir verməyə çalışıram. Çalışdığım modelyer var, onun geyimlərindən istifadə edirəm.

- Plastik əməliyyatlara necə baxırsınız?

- Bilirsiniz ki, mən burnumu plastik əməliyyat etdirmişəm. Təbii ki, normal baxıram. Əgər insanı üzündə nəsə narahat edirsə və əməliyyatdan sonra özünü normal hiss edəcəksə, niyə də olmasın. Amma mənim burnumdan başqa heç bir yerimdə plastik əməliyyat yoxdur. Bir aralar istədim gedim elətdirim, anam qoymadı.

- Müğənnilərimizin bəziləri zinət əşyalarını nümayiş etdirməyə çalışırlar. Bununla bağlı nə deyə bilərsiniz?

- Mən ümumiyyətlə belə şeylərə həsəd aparmıram və marağında deyiləm.

- Sizcə artıq Könül Kərimovanın fəxri ad almasının vaxtı deyilmi?

- Vaxtıdır. Amma görək inşallah qismət olar.

Aynur Babayeva